Məhkəmə qərarları › İş №3(011)-1406/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1406/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1406/2025 20.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhər X10 İdarəsinin TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək mövcud olan qanuna uyğunsuzluqların aradan qaldırılmasını, inzibati tənbeh tətbiq etmə haqqında qərarın, həmçinin protokolun xitamı ilə bağlı qətnamə qəbul edilməsini, mövcud vəziyyət nəzərə alınaraq, qanuni şəkildə qərarın qəbul edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, şəxsinə qanunsuz olaraq tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP6984508 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərardan həmçinin İXP ******* nömrəli protokoldan müvafiq qurumlara dəfələrlə şikayət etmişdir. xx.xx.2025-ci ildə şəxsi mobil nömrəsinə Yol Polis idarəsindən polis baş serjantı Məmmədov Hüseyn tərəfindən zəng edilmiş və ona bildirmişlər ki, xx.xx.2024-cü il tarixində Xətai rayonu, 8-ci zavod küçəsi adlanan ərazidə inzibati xəta törətmişdir və bununla əlaqədar olaraq gün ərzində 24-cü otağa polis mayoru Paşazadə Hümbətə yaxınlaşmağını söyləmişlər. Lakin onda hal-hazırda Naxçıvan Muxtar Respublikasında olduğunu qeyd etmiş, digər tərəf isə istənilən vaxtı idarəyə yaxınlaşa biləcəyini qeyd etmişlər. Həmin gün ərzində şəxsinə mənsub olan e-polis sisteminə qərarsız olaraq İXM 327.2-ci maddəsinə əsasən 100 azn 3 cərimə bal gəlmişdir. xx.xx.2025-ci il tarixində X5yn qaydada şikayət məktubu ünvanlamışdır (3-13-16/l-M-45xx/xx/2025), həmçinin 102 və 902 qaynar xəttinə dəfələrlə şikayət bildirmişdir. xx.xx.2025-ci il tarixində qərarlı protokol olaraq sistemə yerləşdirilmişdir. Onda öz nəzdində həmin gün ərzində X9 şikayət məktubu (3-13-16/1-M-4547/2-11/2025) ünvanlamışdır. Həmçinin xx.xx.2025-ci il tarixində e-polis sistemindən həmin protokola dair şikayət (3-13/1-M-62xx/xx/2025) bildirmişdir. xx.xx.2025ci ildə Baş Dövlət Yol Polis İdərəsinə şikayət məktubu ünvanlamışdır (3-13/1-M- 6298/2- 11/2025) və mövcud olan bütün qanunsuz əməlləri bildirmiş və buna uyğun olaraq protokolun xitam verilməsindən ötrü xahiş etmişdir. xx.xx.2025-ci ildə Baş Prokurorluğa mövcud olan qanunsuz əməllər ilə bağlı şikayət məktubu ünvanlanmışdır. xx.xx.2025-ci il tarixində Bakı Şəhər Baş Polis İdarəsi X10 İdarəsindən M-4547 nömrəli cavab məktubu gəlmişdir. Məktubda qeyd olunur ki, “xx.xx.2024-cü il tarixdə idarə etdiyiniz “Chevrolet” markalı ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin 8-ci Zavod küçəsində 1.3 üfüqi nişanlanma xəttinin tələbini pozmanız faktı əsasında inzibali xəta haqqında iş üzrə icraat başlanmışdır. İnzibati xəta haqqında işin baxılmasında iştirak etməniz barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir səbəb göstərmədən iştirak etməkdən imtina etdiyinizə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmiş və həmin qərar qanunvericiliklə nəzərdə tutulmuş qaydada sizə göndərilmişdir”. İlk öncə bildirmək istərdi ki, həmin küçədə o, avtomobil idarə etməmiş, həmçinin telefon danışığı zamanı Naxçıvan Muxtar Respublikasında olduğunu qeyd etmiş, habelə qanunvericiliklə nəzərdə tutulan qaydada göndərilməyib, İnzibati Xətalar Məcəlləsinin 38.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerİəşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Açıq şəkildə müddətin keçməsinə baxmayaraq qanunsuz şəkildə protokol elektron qaydada tərtib olunmuşdur, əgər qanuni şəkildə olsaydı foto və ya materiallar şəxsi kabinetində öz əksini tapardı Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, inzibati xətanın törədilməsi zamanı qeydə alınmış foto və videogörüntülər, həmçinin inzibati xətanın məhz onun təqsiri ucbatından törədilməsini təsdiq edən digər sübutlar ona təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sürücünün elektron kabinetindən əldə olunmuş TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar barədə çıxarışdan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə “Chevrolet minik” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2024-cü il tarixdə “Chevrolet minik” markalı, **- ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozması göstərilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 (yüz) manat manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3 inzibati xətanın törədilməsi zamanı qeydə alınmış foto və videogörüntülər, habelə digər sübut əhəmiyyəti kəsb edən sənədlər təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci amaddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Bakı şəhər X10 İdarəsi tərəfindən İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Bakı şəhər X10 İdarəsi tərəfindən İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar