Məhkəmə qərarları › İş №3(011)-1408/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1408/2022

08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1408/2022 08.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xətai rayon DYPŞ-nin axtarış üzrə inspektoru, polis kapitanı X2, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, zərərçəkmiş şəxs Axundova (Həsənova) Sona Həsən qızının iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun 19.02.2022-ci il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş 11.03.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 19 yanvar 2022-ci il tarixdə saat təxminən 20:20 radələrində Şəxs idarə etdiyi «Toyota Prius» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə M.Hadi küçəsi ilə arxa istiqamətdə yolun sağdan 1-ci hərəkət zolağı ilə saatda təxminən 15 km surətlə hərəkətə olarkən, yolu soldan sağa adi addımlarla keçən piyada X3 avtomobilin sol yan güzgüsü ilə vuraraq ona yüngül dərəcəli bədən xəsarətləri yetirib, hadisə yerindən yayınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 19 yanvar 2022-ci il tarixdə saat təxminən 20:20 radələrində idarə etdiyi «Toyota Prius» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə M.Hadi küçəsində dayanıb müştəri gözləyərkən, müştəri bildirmişdir ki, arxada dayanıb, ona görə də o avtomobilini arxa istiqamətdə yolun sağdan 1-ci hərəkət zolağı ilə saatda təxminən 15 km surətlə hərəkətə gətirmiş və sol yan güzgüyə baxarkən, yolu soldan sağa adi addımlarla keçən piyada qadının əlindəki paketə avtomobilnən toxunmağını görmüşdür. Həmin qadın avtomobilin qabağ hissəsinə keçmiş və ona ehtiyatlı olmağını bildirmiş və çıxıb getmişdir. Sonra o, avtomobili qabağa sürmüş və görmüşdür ki, qadın çıxıb gedib. Ona görə də yoluna davam etmişdir. Hadisə barədə polisə məlumat verməmiş, qadının əlindəki paketə dəydiyini zənn edərək heç bir hadisə olmadığını fikirləşərək avtomobilini sürüb getmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini bildirərək, barəsində yüngül cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Axundova (Həsənova) Sona Həsən qızı bildirmişdir ki, hadisə zamanı yüngül xəsarət almışdır. İnzibati xəta haqqında icraat aparılan Şəxs cərimə cəzasının tətbiq edilməsini xahiş etdiyini bildirmişdir Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xətai rayon DYPŞnin axtarış üzrə inspektoru, polis kapitanı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs zərərçəkmiş şəxslərin xəsarət almaları ilə nəticələnən yol nəqliyyat hadisəsi törədərək Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 22 yanvar 2022-ci il tarixli 81 saylı ekspert rəyinin surətindən görünür ki, Vət. S.H.Həsənovanın bədənində müəyyən edilmiş xəsarət – ağrı simptomu və hərəkət məhdudluğu ilə qeyd olunan sol bud – çanaq oynağı nahiyəsində hematoma küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş 19.01.2022-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Vət. S.H.Həsənovanın bədənində müəyyən edilmiş xəsarətin xarakterinə və lokalizasiyasına görə həmin xəsarətin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir. “Döyülmə” məfhumu hüquqi məfhum olub, məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 20.01.2022-ci il tarixli 2/2456 saylı aktın surətindən məlum olur ki, hadisə törədilən zaman Şəxs sərxoş olduğu müəyyən edilməmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirovun 19.02.2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Şəxs zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirməsini nəzərə alaraq onun İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Xətai rayon DYPŞ-nin 11.03.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar