Məhkəmə qərarları › İş №3(011)-1411/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1411/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1411/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsində qeydiyyatda olan Şəxs oğlunun barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs oğlu qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 29 mart 2022-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, təxminən 20-25 gün bundan əvvəl ilk dəfə olaraq narkotik vasitə olan metamfetamin istifadə etmişdir, sonra isə səhv etdiyini başa düşərək bir daha qəbul etməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Xətai rayonu ərazisində saxlanılaraq polis şöbəsinə aparılmışdır. Polis şöbəsində olan zaman onun sərxoşluğunu və ya narkotik maddələrdən istifadə etməsini müəyyən etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparılmış, tibbi müayinədən keçirilən zaman sidiyində narkotik vasitə aşkar edilmişdir. Beləliklə o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 protokolun məzmununa uyğun izahat verərək Şəxs İXMnin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq 29.03.2022-ci il tarixli protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 mart 2022-ci il tarixli, 1266 saylı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktdan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan MET və AMP aşkar olunmuşdur; inzibati qaydada tutma haqqında 28 mart 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs oğlu həmin tarixdə, saat 10:05-də tutulmuşdur. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib edilmiş 29 mart 2022-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, 28.03.2022-ci il tarixdə vətəndaş Şəxs narkotik vasitələrin istifadəsində şübhəli bilinərək 36-cı Polis Bölməsinə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, tibbi müayinə protokolu, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli «28» mart 2022-ci il tarixdən saat 10:05-dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «28» mart 2022-ci il tarixdən saat 10:05-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar