Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1415/2022 08.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə 09 mart 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 09.03.2022-ci il tarixdə saat 11:38də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus olan Şəxs adlı mağazada işçi X5, X6 və X1 qaydalarını pozaraq fərdi qoruyucu vasitə olan tibbi maska olmadan xidmət göstərmələri faktı aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X9 barələrində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildrimişdir ki, inzibati xəta haqqında protokol ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, sübutlarla əlaqədar qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş sübut kimi yalnız 4 nəfər işçinin maskadan düzgün istifadə etməməsi barədə 6 ədəd fotoşəkil (işçilərin fotoşəkillərindən görünür ki, tibbi maska işçilərin tənəffüs yollarını, yəni ağız və burnunu tam bağlamır, bu vəziyyətdə xidmət göstərirlər), DVX əməkdaşları arasında imzalanmış sərbəst akt, həmin mağazadan alınmış kassa qəbzinin surəti və 2 nəfər işçinin şəxsiyyət vəsiqələrinin surətləridir. Bununla da 3 nəfər işçinin maskadan düzgün istifadə etməyərək müştərilərə xidmət göstərməsinə görə hüquqi şəxs inzibati xəta törədilməsində təqsirləndirilir. Hazırki iş üzrə həmin işçilərin maskadan düzgün istifadə etməyərək obyektdə xidmət göstərməsindən hüquqi şəxsin hansısa xeyir götürməsi və ya hüquqi şəxsin hansısa marağının qorunmasına qiymət verilməli idi. Yəni hüquqi şəxsin əlavə xeyri və ya marağı ilə işçilərin maskanı düzgün taxmaqla və ya taxmamaqla xidmət göstərməsi arasında səbəbli əlaqənin mövcud olubolmaması araşdırılmalı idi. Hüquqi şəxsin inzibati xəta törətməsinə dair sübutlar kifayət etmir, yaranmış ziddiyyətli məqamlar onun xeyrinə həll edilməlidir. Yaranmış şübhələr və ziddiyyətlər hər bir halda İXM-in 8-ci maddəsinə əsasən şəxsin xeyrinə həll edilməlidir. Göstərilən inzibati xətanın hüquqi şəxs tərəfindən törədilməsinə kifayət qədər sübut toplanılmamışdır. Hüquqi şəxs sübut etməli deyildir ki, inzibati xətanı törətməyib. Hüquqi şəxsin təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllərlə İXM ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Yuxarıda sadalanan normaların hazırkı iş üçün əhəmiyyəti bundan ibarətdir ki, işçilərin ağzında maska olmadan obyektdə olması və iş görməsi müqabilində hüquqi şəxsin hər hansısa əlavə xeyri və ya marağı qorunmur. İşçi maska taxsa da, taxmasa da sübut kimi əlavə olunmuş qəbzdəki məhsul eyni qiymətə, yəni 0.84 (səksən dörd qəpik) manata satılır. Həmin işçilər əmək funksiyalarını yerinə yetirərkən, maska taxsa da, taxmasa da, eyni işi görmüş olur. Həmçinin işçilər maskanı düzgün taxsa da, taxmasa da ayın sonunda ona verilən əmək haqqı eyni olacaqdır. İşçinin maskadan düzgün istifadə etməməsi ilə göstərdiyi xidmət nəticəsində hüquqi şəxs hansısa konkret xeyir əldə etməsi və ya hansısa konkret marağının qorunmasına dair nə səlahiyyətli orqan protokolda belə bir əsaslandırma aparmamış, sübuta istinad etməmiş, nə də iş materiallarına belə bir sübut əlavə etməmişdir. Belə bir sübutlar mövcud deyildir. Əksinə, işçilərin maska taxıb xidmət göstərməsi və ya düzgün maska taxmayıb xidmət göstərməsi arasındakı fərqlə, hüquqi şəxsin hər hansı bir konkret xeyri və ya onun hər hansı bir konkret maraqlarının qorunması arasında səbəbli əlaqə yoxdur. Eyni xidməti işçilər maska taxaraq da göstərə bilər. İşçinin maska taxmaqla və va taxmamaqla xidmət göstərməsinin hüquqi şəxsin xeyri və ya maraqları baxımından hər hansı bir fərqi yoxdur. Maska taxmaqla işçilərin göstərdiyi xidmətin hüquqi şəxsin xeyrinin azalmasına və ya maraqlarına zidd olmasına gətirib çıxarması üçün əsaslandırılma aparıla bilmir. Bununla da işçilər maska taxmadan xidmət göstərirsə, bu hal məhz həmin işçilərin özünün inzibati məsuliyyətinə səbəb ola bilər və ya işçilərin maska taxmasına nəzarəti həyata keçirən vəzifəli şəxsin özünün inzibati məsuliyyətinə səbəb ola bilər. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün lazım olan məhz bu cür sübutetmə. məhz hüquqi şəxsə münasibətdə İnzibati xəta tərkibinin bütün əlamətlərinin müəyyən edilməsində əhəmiyyət kəsb edir. Odur ki, o, göstərilənləri nəzərə alaraq barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayənsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin əməkdaşı X7 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 09 mart 2022-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, 09.03.2022-ci il tarixdə saat 11:38-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus olan Şəxs adlı mağazada işçi X5, X6 və X1 qaydalarını pozaraq fərdi qoruyucu vasitə olan tibbi maska olmadan xidmət göstərmələri faktı aşkar edilmişdir; 09 mart 2022-ci il tarixli aktdan görünür ki, 09.03.2022-ci il tarixdə saat 11:38-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus olan Şəxs adlı mağazada Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinin pozulması faktı aşkar olunmuşdur. Belə ki, vergi ödəyicisinə məxsus obyektdə tibbi qoruyucu maskadan istifadə edilmədən xidmət göstərilmiş və bu fakt çəkilmiş fotoşəkillərlə öz təsdiqini tapmışdır. Vergi ödəyicisi ilə obyektdə olmaması səbəbindən telefonla əlaqə saxlanılmış, hüquq və vəzifələri izah edilmişdir. Aşkar edilmiş pozuntularla bağlı vergi ödəyicisinin iştirakı olmadan, vergi ödəyicisinin obyektində özünü mağaza müdiri kimi təqdim edən Elvin Yunusovun iştirakı ilə 09 mart 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən də vergi ödəyicisinin tərtib edilmiş protokolu imzalaması və bir nüsxəsini alması mümkün olmamışdır; iş materiallarında olan fotoşəkillərdən görünür ki, mağaza əməkdaşları tibbi maskadan düzgün istifadə etməmişlər; iş materiallarında olan əmək müqaviləsi bildirişləri barədə çıxarışdan görünür ki, X5 22.10.2021-ci il tarixdən Şəxs MMC-də çalışır; iş materiallarında olan əmək müqaviləsi bildirişləri barədə çıxarışdan görünür ki, X3 24.06.2020-ci il tarixdən Şəxs MMC-də çalışır; iş materiallarında olan əmək müqaviləsi bildirişləri barədə çıxarışdan görünür ki, X6 21.10.2020-ci il tarixdən Şəxs MMC-də çalışır; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli, 3(006)-3535/2021 saylı qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 189 nömrəli qərarından görünür ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantintəşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;
2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.
3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar: təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli, sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli, dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli, dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və idarələrə sanitariya epidemioloji vəziyyət, radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarına əsasən “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantintəşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən karantin rejimi 2022-ci il 1 may saat 06:00-dək uzadılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 55,114, 115, 128, 130 maddələrini rəhbər tutaraq, məhkəmə
qərara a l d ı: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Fuad Axundov