Məhkəmə qərarları › İş №3(011)-1419/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1419/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1419/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Şahfirudin oğlu Məmmədovun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 211.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən 11.03.2022-ci il tarixdə saat 13:50-də Şəxs MMC-nin (VÖEN: **********) ünvan 1 ünvanında fəaliyyət göstərən marketdə karantin dövründə fərdi qoruyucu vasitələrdən təkrar istifadə olunmaması faktı müəyyən edilmişdir. Bu səbəbdən, Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin dövlət vergi müfəttişi X3 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 11 mart 2022ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə və Şəxs MMC-ə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Belə ki, iş materiallarında olan fotoşəkildən görünür ki, işçilər X5, X1 və X2 marketdə fərdi qoruyucu vasitədən istifadə etmişlər. İşçilərin maskaları taxılı vəziyyətdədir. Maskanın burundan bir qədər aşağı ağız hissəsində olması ümumiyyətlə maskadan istifadə etməmə kimi qiymətləndirilə bilməz. Həmçinin Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.04.2022-ci il tarixli qərarı ilə barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri eyni gündə baxılan iş üzrə artıq tədbiq edilmişdir. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 189 nömrəli Qərarının 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla) sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-ə məxsus marketdə işçilər fərdi qoruyucu vasitədən istifadə etmişdirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 211.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar