Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1420/2024 24.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin sahə inspektoru Rauf Ağayev tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 24 aprel 2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 23 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində özünü şübhəli apardığı üçün Polis Şöbəsinə dəvət olunmuş, narkotik vasitə istifadə etməsi şübhə doğurduğu üçün Respublika Narkoloji Mərkəzində müayinədən keçirilmiş və məlum olmuşdur ki, Şəxs narkotik vasitədən istifadə edir və sidiyində THC, MOP, MTD və MET aşkar olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, barəsində Xətai Rayon Məhkəməsinin icraatında Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Belə ki, təxminən yanvar ayında narkotik vasitə istifadə etmişdir və Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsinin qarşısında saxlanılaraq Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə gətirilərək üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,398 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilmişdir.Barəsində buna görə cinayət işi gedir. Bu səbəbdən inzibati xətaya dair iş üzrə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1140 saylı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinə keçirilməsi haqqında aktdan görünür ki, Şəxs sidiyində THC, MOP, MTD və MET aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tutma haqqında protokoldan görünür ki, X1 xx.xx.2024-cü il tarixdə saat 23:55-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(011)- 237/2024 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; Cinayət Məcəlləsinin 234.1-ci maddəsin əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, fakt üzrə Şəxs barəsində Xətai Rayon Məhkəməsinin icraatında Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi var və onun sidiyində THC, MOP, MTD və MET aşkar olunduğuna görə yenidən məsuliyyətə cəlb edilməsi, barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati xəta haqqında protokol tərtib etmək qanunauyğun deyildir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1420/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1420/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver