Məhkəmə qərarları › İş №3(011)-1447/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1447/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1447/2023 10.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ucar rayonu, Bərgüşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Ucar rayonu, Bərgüşad Ə/D, Bərgüşad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin sahə inspektoru X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 10 aprel 2023-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin sahə inspektoru X4 tərəfindən tərtib olunmuş 10 aprel 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Ukrayna dairəsində olan zaman spirtli içkinin təsiri altında ictimai asayişi pozmuş və polisin qanuni əmrinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə evə gedərkən Ukrayna dairəsi yaxınlığında polis əməkdaşları ilə rastlaşmış, spirtli içki qəbul etdiyi üçün özünü idarə edə bilməmiş və aralarında sözlü mübahisə yaranmışdır. Bundan sonra, polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılmış və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Beləliklə o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, Vətən müharibəsi iştirakçısı olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X3 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 21:50 radələrində Ukrayna dairəsində yerləşən parkda polis əməkdaşları xidmət apararkən nəfəsindən spirtli içki qoxusu gələn 1 nəfər şəxs onlara yaxınlaşaraq siqaretini yandırmaqlarını istəmiş və sonra polisin ictimai nüfuzuna xələl gətirəcək nalayiq küçə söyüşləri ilə onları təhqir etmişdir. Ona hərəkətlərinin qanunsuz olması bildirilsə də, o, daha da aqressivləşməyə başlamışdır. Hətta polis serjantı X2 əl qol hərəkətləri edərək əməkdaşın yaxasından tutub vurmağa cəhd göstərmişdir. Bundan sonra, həmin şəxs zərərsizləşdirilərək 35-ci Polis Bölməsinə gətirilmişdir. Beləliklə o, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2023-cü il tarixli protokol tərtib olunduğunu bildirərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin sahə inspektoru X4 tərəfindən tərtib edilmiş 10 aprel 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Ukrayna dairəsində olan zaman spirtli içkinin təsiri altında ictimai asayişi pozmaqla və polisin qanuni əmrinə tabe olmamaqla Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; inzibati qaydada tutma haqqında 08 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 08 aprel 2023-cü il tarixdə, saat 23:30-da tutulmuşdur; sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 08 aprel 2023-cü il tarixli 2/10544 nömrəli tibbi müayinə protokolundan görünür ki, müayinə nəticəsində Şəxs orta dərəcəli sərxoş olması müəyyən edilmişdir; 130 saylı Hərbi Hissə tərəfindən təsdiqlənmiş ******* saylı hərbi biletin surətindən görünür ki, Şəxs Vətən müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal hesab edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs fiziki şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1), Vətən müharibəsi iştirakçısı olmasını (İXM-32.2) və məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanı sərxoş halda törətməsini (İXM-33.1.7) nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində sanksiyasının hədləri daxilində İXM-nin 31.4-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar