Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1457/2024 25.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Bakı şəhər Probasiya İdarəsinin icra məmuru Rövşən Ağayevin iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş inzibati materiala baxaraq, MÜƏYYƏNETDİM: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 25 aprel 2024-cü il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)-5151/2023 saylı qərarı ilə İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək 180 saat ictimai iş cəzası təyin edilməsinə baxmayaraq, qeyd edilən cəzanı çəkməmək məqsədilə qaçıb gizlənmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Probasiya İdarəsinin icra məmuru tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, göstəriş üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün Şəxs göndərilmişdir. Lakin o, göstərişi icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də barəsində tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, göstərişin icrasından qərəzli boyun qaçırmır. Həyat yoldaşı rəhmətə gedib, 4 azyaşlı uşağı var. Ailəni dolandıran və uşaqlara baxan təkbaşına valideyndir. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 7(011)-23/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(007)-5151/2023 saylı qərarının icrası məqsədilə Şəxs Bakı şəhər Probasiya İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarında olan çıxarışdan görünür ki, Şəxs xx.xx.2010-cu il təvəllüdlü X3, 0xx.xx.2014-cü il təvəllüdlü X1, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı 4 azyaşlı uşağı var. İş materiallarında olan AZEMİS-dən çıxarışdan görünür ki, Şəxs həyat yoldaşı X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 154.1-ci maddəsinə əsasən İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, barəsində bu tənbeh növü tətbiq edilən şəxsin yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə icra məmuru icra edir. İctimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsinə əsasən İctimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.3-1-ci maddəsinə əsasən Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 154.3.2-ci maddəsinə əsasən icra məmuru barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitəsini təqdim etməklə, həmin vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərlərində daşımalı, istifadə etməli olduqlarını, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya elektron nəzarət vasitəsindən istifadədən imtina edilməsinin yolverilməzliyini izah edir və bu barədə protokol tərtib edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsinə əsasən, ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə 3 ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növünə inzibati tənbeh tətbiq edir. Araşdırma zamanı Şəxs arvadının ölməsi və himayəsində 14 yaşına çatmayan uşaqlarının olması müəyyən olmuşdur. Məhkəmə hesab edir ki, Şəxs, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsi ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinə əsasən barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1457/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1457/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver