Məhkəmə qərarları › İş №3(011)-1467/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1467/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1467/2025 11.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Fidan Rahim qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 26 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:00-da ünvan 2 ünvanında Şəxs tərəfindən Nəzarət orqanının (DVX) sorğularına cavab verməmiş, tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, ondan tələb edilən sənədlərin siyahısına baxış keçirərək mümkün olan və əlində mövcud olan sənədləri vergi orqanına təqdim etmişdir. Ondan tələb edilən sənədlərin siyahısı aydın olmamış, təqdim edilməsi tələb edilən sənədlər onda mövcud olmamışdır. Bu səbəbdən göstərilənlərə əsasən o, inzibati xətanın baş verməsində heç bir təqsirinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsinə əsasən müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin böyük dövlət vergi müfəttişi Nümayəndə tərəfindən tərtib edilmiş 26 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:00-da ünvan 2 ünvanında Şəxs tərəfindən Nəzarət orqanının (DVX) sorğularına cavab verməmiş, tələb olunan sənəd və məlumatlar təqdim edilməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir; nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli, **********188815 saylı qərardan görünür ki, Şəxs direktor olduğu "xxxx" MMC-də vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə noyabr 2021 – oktyabr 2024 illərinin vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır; yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında xx.xx.2024-cü il tarixli **********678200 saylı tələbnamədən görünür ki, "xxxx" MMC-də “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əməl edilməsinin yoxlanması üçün 01.011.2021-ci ildən xx.xx.2024-cü ilədək dövrü əhatə edən aşağıdakı sənədlərin təqdim edilməsi tələb edilmişdir: "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması ilə bağlı müəssisənin rəhbərinin və məsul şəxsin izahatları, onların şəxsiyyət vəsiqələrinin surəti, müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyasına dair sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri (şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, pasportun, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən digər sənədlərin surəti) müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin, habelə notariat qaydasında təsdiq olunmuş hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında və digər sənədlərin surətləri), məlumat daşıyıcılarında və ya elektron formada saxlanılan eyniləşdirmə və verifikasiya sənədlərinin, pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair məlumatların və sənədlərin saxlanma vəziyyətinə dair məlumatlar (arayış, izahat və s.), Qanunun 11.2.-ci və 11.3-cü maddələrində göstərilən əməliyyatlara dair məlumatların həmin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim olunmasına dair müvafiq formada təsdiq edilmiş sənədlərin surətləri, Qanunun 10cu maddəsinin tələblərinə uyğun olaraq, daxili nəzarət proqramı çərçivəsinə dair məlumatlar və sənədlərin (qaydalar, prosedur, məsul şəxsin təyini və sair) müvafiq qaydada təsdiq edilmiş surətləri, nəzarət orqanı tərəfindən öhdəlik daşıyan şəxsə göndərilən sorğuları (və sair sənədlər) və onların cavablandırıması ilə bağlı müvafiq qaydada təsdiq edilmiş surətləri. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 598.1-ci maddəsinə əsasən Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: 598.1.1. maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; 598.1.2. maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə; 598.1.3. maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə görə; 598.1.4. maliyyə institutları tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə; 598.1.5. maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata görə; 598.1.6. maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir; 598.4-cü maddəsinə əsasən maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə - vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir; 598.7-ci maddəsinə əsasən, Bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə -vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin çıxışlarını, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.7-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləridir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun tələbləri qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunur: rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda; notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə: daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Şəxs məhkəmə iclasında ifadələrdə göstərmişdir ki, ondan tələb edilən sənədlər qeyri-müəyyən olduğundan şirkətə aid nə sənəd mövcuddursa, şirkət tərəfindən aidiyyəti quruma təhvl verildiyini və bu protokolun hansı səbəblərdən tərtib edildiyi ona məlum deyil. Məhkəmə tərəfindən ifadəsi alınmış protokol tərtib edən orqanın nümayəndəsi qanunvericilikdə göstərilən sənədlərin şirkətdən tələb edildiyini bildirmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu 01 mart 2023-cü il tarixdə qüvvəyə minmişdir. Səlahiyyətli orqan tərəfindən həmin Qanuna əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə 01 noyabr 2021-ci il tarixdən 31 oktyabr 2024-cü il tarixədək olan dövr üzrə növbədənkənar səyyar vergi yoxlamasının aparılması qərara alınsa da, İnzibati Xətalar Məcəlləsinin 11.3-cü maddəsinin tələbləri baxımından Şəxs tərəfindən həmin Məcəllənin 598.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilib-törədilməməsi məsələsi, bunda onun təqsirinin olub-olmaması yalnız 01 mart 2023-cü il tarixdən 31 oktyabr 2024-cü il tarixədək olan dövr üçün yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, aidiyyəti qurum tərəfindən "xxxx" MMC-dən tələbnamədə qeyd edilən sənədlər tələb edildikdən sonra şirkət ona aid bütün sənədləri həmin quruma təqdim etmişdir. Araşdırma zamanı protokol tərtib etmiş orqanın nümayəndəsi tərəfindən şirkətin təqdim etdiyi sənədlərin hansının tələbnaməyə uyğun olaraq təqdim edilmədiyini, hansı sənədlərin səhv təqdim edildiyini və ya ümumiyyətlə təqdim edilmədiyi əsaslandırılmamışdır. Belə ki, protokol tərtib etmiş orqanın nümayəndəsi tərəfindən ifadələrdə göstərilmişdir ki, barəsində protokol tərtib edilmiş şirkət onların tələbi ilə həm e-mail, həm də kağız daşıyıcılarda vergi orqanına sənədləri təqdim etmişdir. Məhkəmə qeyd edir ki, qanun normasından irəli gələn tələblər aydın və anlaşılan şəkildə aidiyyəti qurum tərəfindən material tələb edilən tərəfə izah edilməli və onun əsasında sənədlər tələb edilməlidir. Yuxarıda qeyd edildiyi kimi, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində həmin Qanunun tətbiq edildiyi peşə sahibləri müəyyən edilmişdir. Belə ki, Qanunun 3.1.2-ci maddəsinə əsasən notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər daşınmaz əmlakın alqı-satqısı; müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması; müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması; hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı əməliyyatlarını apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə qanunun tələbləri bu şəxslər üçün məcburidir. Beləliklə, məhkəmə səlahiyyətli orqan tərəfindən kifayət qədər araşdırılma aparılmadan Şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması qənaətinə gəlinməsini, inzibati xəta törətmiş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmamasını, bu sübutetmənin bilavasitə inzibati orqanın üzərinə düşməsini və səlahiyyətli orqan tərəfindən həmin sübutların məhkəməyə təqdim olunmamasını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar