Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1475/2022 08.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, Bakı Nəqliyyat Agentliyinin İnzibati tənbeh vermə haqqında 25 yanvar 2022-ci il tarixli, BNA ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyinin İnzibati tənbeh vermə haqqında 25 yanvar 2022-ci il tarixli, BNA ******* nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli ona məxsus avtonəqliyyat vasitəsi ilə bağlı Xətai rayonu, Xocalı prospektində dayanma durma qaydaları pozuntusu ilə (İXM 346.1) əlaqədar barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən “BNA 2054301” nömrəli protokol tərtib olunmuşdur və həmin protokola əsasən 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. Qeyd edilməlidir ki, əslində xx.xx.2022-ci il tarixində Xətai rayonu, Xocalı prospekti ilə irəliləyən zaman avtomobildə yaranan nasazlıq səbəbindən onu saxlamaq məcburiyyətində qalmışdır. Protokola əlavə edilən fotolardan da aydın olur ki, həmin 3 (üç) dəqiqə ərzində avtomobili tərk etməmiş və usta ilə əlaqə yaratmağa çalışmışdır. Avtomobili növbəti dəfə işə salmağa cəhd edən zaman, işə düşmüş və hərəkətini davam etdirmişdir. Qeyd olunan səbəbdən avtomobilin hərəkətini davam etdirmək mümkün olmadığını nəzərə alaraq, protokol e-kabinetə yükləndikdən sonra həmin gün tərəfindən elektron qaydada şikayət ilə yuxarı səlahiyyətli orqana şikayət edilmişdir. Lakin bu günə qədər, yuxarı səlahiyyətli orqan tərəfindən şikayətinə baxılmamış, məsələ ilə bağlı təkrar müraciət etməyinə (xx.xx.2022-ci il tarixində) baxmayaraq hələ də, cavab verilməmişdir. Qeyd olunan şikayətlər asanpay.az saytında şəxsi kabinetində mövcuddur. Eyni zamanda qeyd edilməlidir ki, BNA ilə telefon vasitəsi ilə də əlaqə saxlamağa çalışmış, lakin heç bir cavab almamışdır. Buna görə də, yuxarı səlahiyyətli orqan tərəfindən şikayətə baxılmadığı üçün nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxılmışdır. Qeyd edilənlərə əsasən Bakı Nəqliyyat Agentliyinin İnzibati tənbeh vermə haqqında 25 yanvar 2022-ci il tarixli, BNA ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş X2 və Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 yanvar 2022-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 25 yanvar 2022-ci il tarixdə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 20 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 3(011)-1475/2022 saylı qərarı ilə şikayət təmin edilmiş və X1 barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə qəbul edilmiş Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, BNA seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 3(103)-1386/2022 saylı qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 3(011)-1475/2022 saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.2-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən qeyd edilmiş hallar əsaslı olduğundan şikayət təmin edilməli, Bakı Nəqliyyat Agentliyinin İnzibati tənbeh vermə haqqında 25 yanvar 2022-ci il tarixli, BNA ******* nömrəli qərarı ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Nəqliyyat Agentliyinin İnzibati tənbeh vermə haqqında 25 yanvar 2022-ci il tarixli, BNA ******* nömrəli qərar ləğv edilsin və inzibati icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-1475/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1475/2022
08.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver