Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1481/2021 06.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə və şikayətçi X1 iştirakı ilə X1 Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin xx xxxx 2018-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Polis İdarəsinin 35ci Polis Bölməsinin xx xxxx 2018-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğvi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2018-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilməyi qərara alınmışdır. Həmin qərar onunla əsaslandırılmışdır ki, guya o, qonşusu G.Vəliyevanın televizor kabelini kəsməklə onu təhqir etmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş qanun pozuntusuna yol vermişdir. Aşağıda qeyd edilənlərə əsasən, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2018-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilməlidir. Bakı səhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli. MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın, o cümlədən həmin qərar əsasında qəbul edilmiş “İcraata başlamaq haqqında Oərar”ın surəti ona rəsmi qaydada göndərilməmiş və ya təqdim edilməmişdir. Belə ki, xx xxxxxx 2021-ci il tarixdə lift bələdçisi kimi fəaliyyət göstərdiyi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısı yanında Mənzil Kommunal Təsərrüfat Birliyinə Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən ədliyyə müşaviri Vüqar Qasımov tərəfindən göndərilmiş məktubla, guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin (xırda xuliqanlıq) tələblərini pozduğuna görə barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq olunması ona məlum olmuşdur. Halbuki, AR İXM-nin 117.2-ci maddəsinə əsasən, “Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir”. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 2001 -ci il tarixli, № 243-İİQ saylı Qanununun 8.2-ci maddəsinə əsasən, “İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən, “ İcraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.” Qərarın mövcudluğundan xəbərdar olduqdan dərhal sonra dəfələrlə Xətai Rayon İcra və Probasiya Şöbəsinə və Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə gedərək, məsələyə aydınlıq gətirilməsini və həmin qərarın surətinin ona rəsmi qaydada təqdim edilməsini xahiş etsə də, dəfələrlə müraciətinə baxılmasından imtina edilmişdir. Daha sonra Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə yazılı olaraq 2 (iki) dəfə ərizə ilə müraciət edərək, həmin Qərarın və “İcraata başlamaq haqqında” Qərarın surətinin ona təqdim edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2018-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın surəti Xətai Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona tələbi əsasında xx xxxx 2021-ci il tarixdə təqdim edilmişdir. Bu səbəbdən həmin qərardan şikayət verilmə müddəti ötürülməmişdir. Həmin Qərarın qəbul edilməsi üçün “əsas olmuş” faktlar və sübutlara münasibətdə məhkəmənin diqqətinə çatdırmışdır ki, həmin qərarın hansı faktlar və sübutlar əsasında qəbul edilmiş olması sual altındadır. Belə ki, Xətai rayonu, ünvan 1 ünvanda yaşayan Elman adlı şəxs 3 il bundan əvvəl Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət etmiş və guya tərəfindən ona məxsus televizor kabelinin kəsilməsini, guya onu söyüb təhqir etdiyini bildirmişdir. 2018-ci ilin yanvar ayında Elman adlı şəxs tərəfindən yaşadığı mənzilə polis əməkdaşları gətirilmiş və yaşayış binasının dam örtüyünə baxış keçirilmədən, qonşuların ifadələri dinlənilmədən polis əməkdaşları tərəfindən şifahi olaraq televizor kabelinin guya onun tərəfindən kəsilməsi bildirilmişdir. Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə gedərək izahat vermiş, izahatında Elman adlı şəxsin ona böhtan atdığını yazmışdır və Elman adlı şəxsə məxsus televizor kabelinin guya tərəfindən kəsilməsinə əsas olan halların araşdırılmasını və ona izah edilməsini tələb etmişdir. Lakin onun tələblərini nəzərə almadan, televizor kabelinin guya onun tərəfindən kəsilməsini, Elman adlı şəxsi guya söyüb təhqir etməyini heç bir sübutla təsdiq etmədən mövcudluğu ona yenicə məlum olmuş qanuni əsası olmayan, yalnız Elman adlı şəxsin söylədiklərinə əsaslanan qərar qəbul edilmişdir. Halbuki, yaşayış binasının dam örtüyündə onlarla müxtəlif kabellər yerləşir və həmin kabellərin bir neçəsi tez-tez küləyin, yağışın təsirinə məruz qalır və yararsız hala düşür. Bu halda binanın dam örtüyündə yerləşən, Elman adlı şəxsə məxsus televizor kabelinin məhz onun tərəfindən yararsız hala salınması ağlabatan deyildir. Bundan əlavə qeyd edilməlidir ki, inzibati tənbeh vermə haqqında qərarın hüquqi əsası kimi İXM-nin 510-cu maddəsi “Xırda xuliqanlıq” maddəsi göstərilsə də, həmin maddədə nəzərdə tutulmuş “ictimai qaydanı pozan” şərti ödənilməmişdir. Belə ki, tərəfindən Elman adlı şəxsə məxsus televiziya kabeli kəsilməmiş və Elman adlı şəxs təhqir edilməmişdir. Bakı səhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola münasibətdə xx xxxx 2021-ci il tarixdə əldə etdiyi həmin protokola gəldikdə isə qeyd edilməlidir ki, protokol iştirakı olmadan tərtib edilmişdir, protokolun surəti ona təqdim edilmədiyi halda, protokolda "Protokolun surətini 2018-ci il “03” 12 tarixində aldım" qeyd edilmişdir və imza hissəsində isə imzası olmadan yalnız soyadı, adı və ata adı qeyd edilmişdir. Halbuki, həmin protokolun surəti ona təqdim edilməmişdir və həmin protokolun tərtib edilməsindən məlumatı belə olmamışdır. Nədənsə, tərəfindən heç bir hüquqazidd olan, təqsirli sayılan əməl törədilmədiyi halda, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi tərəfindən qərəzli şəkildə heç bir qanuni əsası olmayan qərar qəbul edilmişdir. Həmin Qərarın əsaslandırma hissəsində G.Vəliyevanın təhqir edilməsi və s. göstərilsə də, bildirmişdir ki, G.Vəliveva adlı şəxsi tanımır, onunla hər hansı münasibəti olmamış və hal-hazırda da münasibəti yoxdur. Hazırda 65 yaşı var, əri 2013-cü ildə vəfat etmişdir, təqaüdçüdür və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısı yanında Mənzil Kommunal Təsərrüfat Birliyində 1996-cı il tarixindən hal-hazıradək lift bələdçisi kimi işləyir. İşlədiyi illər ərzində daima bina sakinlərinin rəğbətini qazanmışdır, bina sakinlərinin onunla hal-hazıradək heç bir mübahisəsi olmamışdır. Məhkəmə iclasında X2 şikayət ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, və Qərar tərəfə vaxtında verilmədiyi üçün qərardan şikayət vermək müddət buraxılmamış hesab edilməli və şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin xx xxxx 2018-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 əməlində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər aşkar edilməmişdir Göründüyü kimi, inzibati xəta haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmişdir. Maddədə özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə qeyd edilməsinə baxmayaraq kabelin kəsilməsini, yəni zərər vurulması hissəsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin xx xxxx 2018-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə inzibati xəta törətməsinə dair Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin xx xxxx 2018-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1481/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1481/2021
06.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver