Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1496/2022 19.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, şikayətçi X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4544/2021 saylı 24.12.2021-ci il tarixli qərarına əsasən X1 Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2021ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-250/2022 saylı 04.02.2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4544/2021 saylı 24.12.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 24 noyabr 2021-ci il tarixdə məsuliyyət daşıdığı “Leyla” şadlıq sarayında atmosferə atılan maddələrin miqdarının ölçülməsi zamanı havanın bərk külək olduğu üçün tüstü bacaların yerləşdiyi damın üstünə çıxılmamış, sadəcə mətbəxtdə və tüstü boğucu, təmizləyici aparatlara baxış keçirilmiş, heç bir fərq olmadığı, cüzi olsada heç bir əhəmiyyət kəsb etmədiyi əməkdaşlar tərəfindən onlara bildirilmiş, yerində heç bir protokol və ya digər sənəd tərtib edilməmişdir. Hətta Xətai rayonu ərazisində ən yaxşı tüstü boğucu aparatların onlarda olması bildirilmişdir. Lakin bir neçə gün sonra onların barəsində cərimə protokolunun tərtib edilməsi ona məlum olmuş və dəfələrlə təkid etməyinə baxmayaraq həmin protokolun surəti ona 13 dekabr 2021-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsində göstərilən xüsusatları bir daha təsdiq edərək, barələrində tərtib edilmiş 13 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq o bildirmişdir ki, inzibati xəta haqqında protokol və qərar qəbul edilən vaxt onlara bu barədə məlumat verilməmiş, onun iştirakı inzibati icraat zamanı təmin olunmamış və izahatı alınmamışdır. Həmçinin o qeyd etmişdir ki, 12 noyabr 2021-ci il tarixdə ümumiyyətlə heç bir yoxlama aparılmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 qeyd etmişdir ki, yoxlama vaxtı çəkilmiş fotoşəkilləri və izahatı məhkəməyə təqdim etmək mümkün olmayacaq. Yekun olaraq o, şikayət ərizəsinə baxılması və həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən tərtib edilmiş 12.11.2021-ci il tarixli monitorinq aktında qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən “Leyla” şadlıq sarayının ərazilərində monitorinq keçirilmişdir. Monitorinq zamanı tüstü boğucu qurğuya baxış keçirilmiş, qurğunun təmizlənməməsi aşkar olunmuş və “ANKAT-7664” (səyyar zərərli qaz birləşmələrini təyin edən cihaz) vasitəsilə ölçmə analiz işləri aparılmışdır. Nəticə CO – 7.6 mq/m3 (norma 5 mq/m3) təşkil etmişdir. Bu nəticə ilə ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu müəyyən olmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən tərtib olunmuş 24.11.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 rəhbəri olduğu “Leyla” şadlıq sarayının manqal borusuna qaz toz tutucu təmizləyici qurğunun quraşdırılmasına baxmayaraq ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən norma həddindən artıq olması müəyyən olunduğu üçün Azərbaycan Respublikası İXMnin 233.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur; Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən tərtib olunmuş 13.12.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 rəhbəri olduğu “Leyla” şadlıq sarayının manqal borusuna qaz toz tutucu təmizləyici qurğunun quraşdırılmasına baxmayaraq ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən norma həddindən artıq olması müəyyən olunması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən 2500 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən “Leyla” şadlıq sarayının ərazilərində monitorinq keçirilmişdir. Monitorinq zamanı tüstü boğucu qurğuya baxış keçirilmiş, qurğunun təmizlənməməsi aşkar olunmuş və “ANKAT-7664” (səyyar zərərli qaz birləşmələrini təyin edən cihaz) vasitəsilə ölçmə analiz işləri aparılmışdır. Nəticə CO – 7.6 mq/m3 (norma 5 mq/m3) təşkil etmişdir. Bu nəticə ilə ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu qeyd edilmişdir. Sonra 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Milli Hidrometeorologiya xidmətinin monitorinq aktı əsasında 24.11.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13.12.2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 rəhbəri olduğu “Leyla” şadlıq sarayının manqal borusuna qaz toz tutucu təmizləyici qurğunun quraşdırılmasına baxmayaraq ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən norma həddindən artıq olması müəyyən olunması əsas gətirilərək barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən 2500 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Həmçinin məhkəmə iclasında X2 izahat verərək bildirmişdir ki, inzibati xəta haqqında protokol və qərar qəbul edilən vaxt onlara bu barədə məlumat verilməmiş, onun iştirakı inzibati icraat zamanı təmin olunmamış və izahatı alınmamışdır. Bundan başqa o, qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xətanın baş verdiyi tarixdə rəhbəri olduğu “Leyla” şadlıq sarayında heç bir monitorinq keçirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin dispozisiyasından görünür ki, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 13.12.2021-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarda inzibati xətanın olmasına dair hər hansı bir sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Belə ki, məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi monitorinq zamanı çəkilmiş fotoşəkillərin və barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatının məhkəməyə təqdim olunmasının mümkün olmadığını bildirmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, baş vermiş inzibati xətanın X2 tərəfindən törədilməsinə dair qərarda kifayət qədər sübuta istinad edilməmişdir. İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalananları nəzərə alıb belə qənaətə gəlir ki, iş üzrə icraata hüquqi şəxsin əməlində (hərəkət və ya hərəkətsizlik) inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 12, 53, 76, 114-115, 128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1496/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1496/2022
19.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver