Məhkəmə qərarları › İş №3(011)-1496/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1496/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1496/2025 22.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər Baş Polis İdarəsi X15 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6, X1 və onun nümayəndəsi “Güvən” Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, X4 Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmə ekspertizasını təyin edib, Bakı Şəhər Təhlükəsizlik Kameralarından xx.xx.2025-ci il tarixli Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsində, 10YP418 dövlət qeydiyyat nişanlı DYP avtomobili saxlama vaxtını, avtomobili cərimə meydançasına aparılma vaxtını təyin edərək və əlavə olaraq BŞDYP idarəsi tərəfindən xx.xx.2025-ci il tarixli qeyri qanuni protokol tərtib edilməsini aşkarlamaqla qeyd olunan protokollara xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində, saat 11:30 radələrində təsisçisi və direktoru olduğu "X11" MMC-yə məxsus, 10AE017 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobili idarə edərkən, Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsində, 10YP418 dövlət qeydiyyat nişanlı DYP avtomobilini idarə edən yol polisi inspektoru Bəhruz (soyadı bildirilmədi) tərəfindən avtomobili saxlamalı olduğu bildirilmişdir. O isə qanuni tələblərə uyğun olaraq avtomobili yolun kənarında saxlamışdır. İnspektor yaxınlaşaraq avtomobilin yol vərəqəsini təqdim etməsini tələb etmişdir. Yol vərəqəsini təqdim etdikdən sonra ondan alkoqol qəbul edib-etmədiyini soruşmuş və o, cavab olaraq "Xeyr, qəbul etməmişəm'' demişdir. Bundan sonra inspektor ona avtomobili tərk edərək DYP avtomobilinə əyləşməsini söyləmiş və o, onun göstərişinə əməl etmişdir. DYP avtomobilində inspektor tərəfindən standartlara uyğun olub-olmayan (hansı model və standart olduğu məlum olmayan) cihaz üzünə yönəldilərək üfürməsi tələb olunmuş və o, üfürmüşdür. Cihaz üzərində yazılan 0.5 promil nəticəsini ona göstərərək sərxoş olduğunu bildirmişdir. O isə cavab olaraq xx.xx.2025-ci il tarixində, axşam saat 20:00 radələrində iki bokal (200 ml) viski qəbul etdiyini, lakin hal-hazırda tam ayıq olduğunu bəyan etmişdir. Buna baxmayaraq, DYP inspektoru ona bildirmişdir ki, cihaz 0.5 promil göstəricisini göstəribsə, tibbi müayinəyə gedilərsə, bundan daha çox nəticə alınacağını və nəticədə 15 gün inzibati həbs cəzası ala biləcəyini qeyd etmişdir. Daha sonra inspektor avtomobilə qayıdaraq onun avtomobilinə sərnişin oturacağına oturmasını və onun dediyi kimi hərəkət etməsini tələb etmişdir. Səfər zamanı ona boş inzibati protokol təqdim edilərək, inspektorun dediklərini yazması tələb olunmuşdur. O da onun təlimatına əsasən dediklərini yazmışdır. Bundan sonra 10AE017 dövlət qeydiyyat nişanlı avtomobil 8 Noyabr prospekti ilə Sənan Kərimov küçəsində yerləşən DYP cərimə meydançasına yerləşdirilmişdir. Orada olan növbətçi inspektora təqdim edilən protokolu qəbul etmiş və ona "15-20 dəqiqə ərzində məsələ həll olunacaq" deyərək oradan ayrılmışdır. 15-20 dəqiqə keçdikdən sonra dayanacağın növbətçisi ona sürücülük vəsiqəsi ilə birlikdə Bakı Şəhər X15 İdarəsinin 30cu otağına yaxınlaşmasını bildirmişdir. Qeyd edilən yerə yaxınlaşdıqdan sonra uzun növbə gözlədikdən sonra saat 14:00 radələrində otağa daxil olmuşdur. Orada polis mayoru onun sürücülük hüquqlarının 1 il müddətinə məhdudlaşdırıldığını və avtomobilin hüquqi şəxsə məxsus olduğu üçün 3000 AZN məbləğində cərimələndiyini bildirmişdir. Protokol və digər sənədlərlə tanış olmaq istədikdə, ona bildirilmişdir ki, "belə işlər bir iş günü ərzində baxılır" və xx.xx.2025-ci il şirkətin hüquqi sənədləri ilə yaxınlaşması lazım olduğunu və sənədləşmə bitdikdən sonra buraxıliş sənədi ilə cərimə meydançasına yaxınlaşaraq avtomobili çıxarmasının mümkün olacağını qeyd etmişlər. Bundan sonra o, həqiqətən də sərxoş olmadığını sübut etmək məqsədilə Respublika Narkoloji Mərkəzinə tibbi müayinəyə getmişdir. Orada ölçücü cihazın 0.000 promil nəticə göstərdiyini və 215949 saylı, xx.xx.2025-ci il tarixli saat 15:24 tibbi protokolu əldə etdiyini təsdiq edən sənəd almışdır. xx.xx.2025-ci il tarixində, saat 12:30 radələrində Bakı Şəhər X15 İdarəsinin 30-cu otağına yaxınlaşaraq şirkətə məxsus avtomobilin hüquqi sənədlərini təqdim etmişdir. Saat 13:00da SMS Radar mobil tətbiqi və SMS bildiriş vasitəsilə xx.xx.2025-ci il tarixində, saat 09:40da İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi üzrə fiziki şəxs (İXP6870072) və 336.1ci maddəsi üzrə hüquqi şəxs (İXP 6870117) kimi cərimələnməsi barədə məlumat almışdır. Saat 14:40-da yenidən DYP-nin 30-cu otağına yaxınlaşaraq sənədlərini qəbul etdikdə, təqdim edilən protokollarla tanış olmuş və razı olmadığını qeyd edərək imzası ilə təsdiq etmişdir. Protokolların surətini və sürücülük vəsiqəsini tələb etdikdə, ona "protokollar hələ qərarsızdır, dəyişiklik ediləcək və sürücülük hüququnuz 1 il müddətinə məhdudlaşdırılacaq" deyilmişdir. Bundan əlavə, sürücülük vəsiqəsini yalnız protokollardan "razı deyiləm" ifadəsini yazmadığı təqdirdə qaytaracaqlarını qeyd etmişlər. O isə bu qanunsuz şərtlə razılaşmayaraq şirkətin sənədlərini və cərimə meydançasından buraxılış talonunu götürərək BŞDYP idarəsindən çıxaraq avtomobilin saxlanıldığı yerə getmişdir. Cərimə meydançasında buraxılış vərəqəsini teqdim edərkən, nəzarətçi protokolun qeydiyyat tarixini və vaxtını xx.xx.2025 saat 11:12 olduğunu göstərmişdir. O, xx.xx.2025-ci il tarixində, saat 10:25 radələrində Nardaran qəsəbəsi, Ləhic bağlar massivində yerləşən bağ evində olmuş və 10:26-də oradan çıxaraq Xətai rayonu, Sabit Orucov 17C ünvanına gedərkən Mehdi Mehdizadə küçəsində saxlanılmışdır. Bağ evində olduğu zaman və oradan ayrıldığı dəqiq saatı təsdiq edən mühafizə xidmətinin nəzarətə götürülmə-çıxarılma SMS-ni əlavə olaraq qoşmaya əlavə etmiş və ərazidə quraşdırılan video müşahidə kameralarının görüntülərini, zərurət yarandığı təqdirdə təqdim edə bilər. 13 fevral 2025-ci il tarixində Xətai rayon Yol Polisi İdarəsinə yaxınlaşaraq TP7023583 saylı protokolu almış və üzərində "protokolla razı deyiləm" sözünü aşkarlamamışdır. Hal-hazırda sürücülük vəsiqəsi BŞDYP İdarəsində qalır. Məhkəmə iclasında X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 09:40-da o, Nardaran qəsəbəsi, Ləhic bağlar massivində yerləşən bağ evində olmuş, lakin protokolda əsassız olaraq onun Xətai rayonu, M.Mehdizadə küçəsində olması qeyd edilmişdir. Bundan əlavə, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman evini su basdığından tələsərək boş ağ kağıza imza atmışdır. Həmin vaxt o, içkili olmamışdır. Onun sərxoşluğu alkotester vasitəsilə belə ölçülməmişdir. Beləliklə hər hansı bir texniki vasitədən istifadə edilmədən onun sərxoş olması qənaətinə gəlinərək barəsində əsassız olaraq protokol tərtib edilməklə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin hadisədən sonra o, sərxoşluq vəziyyətinin yoxlanılması məqsədi ilə tibbi müayinədən keçmiş və onun həmin vaxt ayıq olması müəyyən edilmişdir, həmin tibbi rəy tərəfindən məhkəməyə təqdim olunur. Beləliklə o, göstərilənlərə əsasən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi Nümayəndə2 hüquqlarını müdafiə etdiyi şəxsin izahatı ilə razılaşaraq onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər Baş Polis İdarəsi X15 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, X4 01 fevral 2025-ci il tarixdə, saat 09:40 radələrində “BMW 530İ minik” markalı, **-AE- *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edildiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, alkotester ilə yoxlanılarkən onun 0.397 promil içkili olduğu müəyyənləşdirilmiş və X5 içkili olması barədə protokola qeyd yazaraq imzalamışdır. Hadisənin görüntülərinə baxış keçirildikdə də məlum olur ki, Natiq Mikayılova alkotesterin nəticəsi ilə bağlı protokol təqdim edilir və o, orada imza etməklə müvafiq qeydlər aparır. Verilmiş suala cavab olaraq o bildirmişdir ki, bəzi hallarda alkotesterin saatında və ya protokolda texniki səhv olaraq fərqli saat qeyd edilə bilər. Beləliklə o, göstərilənlərə əsasən Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin, onun və inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndələrinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X15 İdarəsinin Yol patrul xidməti inspektoru, polis baş serjantı X10 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 09:40 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsində “BMW 530İ minik” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Bakı şəhər X15 İdarəsinin polis polkovniki X12 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 09:40 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsində “BMW 530İ minik” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2025-ci il tarixli, 2/5949 nömrəli aktdan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 15:24-də keçirilmiş tibbi müayinə nəticəsində ayıq olması müəyyən edilmişdir. Protokollaşdırma nömrəsi 05890 olan alkotester qəbzindən müəyyən edilir ki, “Mikayılov Natiq” soyadlı şəxsdə alkoqolun miqdarı 0.397 promillidir. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx.xx.2025-ci il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə saat 09:36-da X2 içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı İN-642042 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində X2 içki qəbul etməsi müəyyən olunmuşdur. Həmin protokolun qeyd hissəsində X5 müayinə zamanı 0.3 promil göstərici ilə tanış olduğunu, bir daha spirtli içki qəbul edib maşın sürməyəcəyini, peşman olduğunu və həkim müayinəsinə ehtiyyac olmadığını qeyd edərək öz imzası ilə göstərilənləri təsdiqləmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2-4/538/2025 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş işin 34-cü vərəqində olan xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında 6870072/6870117 nömrəli “Protokolun” aşağı hissəsində “Nəqliyyat vasitəsini idarə edən şəxsin imzası” qrafasında olan imza - X5 tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli, xx/xx-4904 saylı sorğuya cavab məktubundan görünür ki, X5 xx.xx.2025-ci il il tarixdə saat 15:24 radələrində sərxoşluğun bütün hallarının təyini məqsədi ilə adı göstərilən mərkəzdə tibbi müayinədən keçmişdir. Alkotestrin nəticəsi (0.00 promil). Orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarının orta hesabla 1 saata 0,1-0,2 promil azalmasını və müayinələrin arasından 6 saat keçməsini nəzərə alaraq iki müayinə arasında ziddiyyət aşkarlanmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2-4/849/2025 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş işin 34-cü vərəqində olan xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında 6870072/6870117 nömrəli “Protokol”da “Müayinə zamanı 0.3 promil göstərici ilə tanış oldum. Bir daha spirtli içki (pivə) qəbul edib maşın sürmürəm, peşmanam, həkim müayinəsinə ehtiyyac yoxdur” yazıları - X5 tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 09:40 radələrində Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsində “BMW 530İ minik” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X3 məhkəmə iclasında verdiyi izahatında xx.xx.2025-ci il tarixdə, saat 09:40-da o, Nardaran qəsəbəsi, Ləhic bağlar massivində yerləşən bağ evində olduğunu, lakin protokolda əsassız olaraq onun Xətai rayonu, M.Mehdizadə küçəsində olmasının qeyd edildiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman evini su basdığından tələsərək boş ağ kağıza imza atdığını, həmin vaxt içkili olmadığını, onun sərxoşluğunun alkotester vasitəsilə belə ölçülmədiyini, hər hansı bir texniki vasitədən istifadə edilmədən onun sərxoş olması qənaətinə gəlinərək barəsində əsassız olaraq protokol tərtib edilməklə inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini, həmin hadisədən sonra sərxoşluq vəziyyətinin yoxlanılması məqsədi ilə tibbi müayinədən keçdiyini və onun həmin vaxt ayıq olmasının müəyyən edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X4 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, X1 məhkəmə iclası zamanı təqdim etdiyi “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2025-ci il tarixli, xx/xx-4904 nömrəli aktından görünür ki, o, 01 fevral 2025-ci il tarixdə, saat 15:24-də ona qarşı törədilməsi istinad edilən inzibati xətadan 5 saat 44 dəqiqə sonra könüllü olaraq müayinədən keçmiş və onun ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, xəta hadisəsindən xeyli müddət keçdiyindən və şəxsin həmin müddət ərzində qəbul etdiyi spirtli içkinin təsirinin aradan qalxa bilməsi ehtimalı real olduğundan qeyd edilən protokolun məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi rədd edilir. Bundan əlavə nəzərə alınır ki, X5 özü könüllü surətdə inzibati xətanın baş verməsindən dərhal sonra tərtib edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda öz əlyazması ilə izahat yazaraq müayinə zamanı 0.3 promil göstərici ilə tanış olduğunu, bir daha spirtli içki qəbul edib maşın sürməyəcəyini, peşman olduğunu və həkim müayinəsinə ehtiyyac olmadığını qeyd etmişdir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 xətadan xeyli müddət keçdikdən sonra müayinədən keçərək tərtib edilmiş aktı məhkəməyə təqdim etməsini məsuliyyətdən yayınmaq üçün özünümüdafiə xarakterli hərəkət kimi qiymətləndirir. Həmçinin iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli, xx/xx-4904 saylı sorğuya cavab məktubundan görünür ki, X5 xx.xx.2025-ci il il tarixdə saat 15:24 radələrində sərxoşluğun bütün hallarının təyini məqsədi ilə adı göstərilən mərkəzdə tibbi müayinədən keçmişdir. Alkotestrin nəticəsi (0.00 promil). Orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq alkoqolun miqdarının orta hesabla 1 saata 0,1-0,2 promil azalmasını və müayinələrin arasından 6 saat keçməsini nəzərə alaraq iki müayinə arasında ziddiyyət aşkarlanmır. Bundan əlavə, məhkəmənin əvvəlki iclaslarında X5 məhkəməyə vəsatətlə müraciət edərək iş materiallarında olan əlyazma ilə qeyd edilmiş izahat, imza və yazının ona məxsus olmadığını bildirməklə inzibati iş üzrə məhkəmə - xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1496/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən inzibati iş üzrə məhkəmə - xətşünaslıq ekspertizası təyin edilməklə iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2-4/538/2025 saylı ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş işin 34-cü vərəqində olan xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında 6870072/6870117 nömrəli “Protokolun” aşağı hissəsində “Nəqliyyat vasitəsini idarə edən şəxsin imzası” qrafasında olan imza - X5 tərəfindən icra edilmişdir. Daha sonra, qərarda ekspert qarşısında qoyulan suallara tam olaraq cavab verilmədiyindən iş üzrə təkrar məhkəmə - xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-16/2-4/849/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş işin 34-cü vərəqində olan xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında 6870072/6870117 nömrəli “Protokol”da “Müayinə zamanı 0.3 promil göstərici ilə tanış oldum. Bir daha spirtli içki (pivə) qəbul edib maşın sürmürəm, peşmanam, həkim müayinəsinə ehtiyyac yoxdur” yazıları - X5 tərəfindən icra edilmişdir. Bundan əlavə, X5 məhkəmə iclasında boş kağıza yazı yazdığını qeyd etmişdir, bu hal ilə bağlı məhkəmə iclasında hadisənin görüntülərini özündə əks etdirən bir ədəd diskə baxış keçirilmiş və diskdə olan görüntüdən də məlum olmuşdur ki, X5 həmin tarixdə saxlanılmış və o, polis əməkdaşı tərəfindən təqdim edilmiş xüsusi blankda olan protokolda müvafiq qeydlər aparmışdır. Bundan əlavə, X3 şikayət ərizəsində hadisə zamanı DYP avtomobilində inspektor tərəfindən standartlara uyğun olub-olmayan (hansı model və standart olduğu məlum olmayan) cihazın üzünə yönəldilərək üfürməsi tələb olunduğunu, üfürdükdən sonra polisin cihazın üzərində yazılan 0.5 promil nəticəsini ona göstərərək sərxoş olduğunu bildirməsini, onun isə cavab olaraq xx.xx.2025-ci il tarixində, axşam saat 20:00 radələrində iki bokal (200 ml) viski qəbul etdiyini, lakin hal-hazırda tam ayıq olduğunu bəyan etdiyini qeyd etsə də, məhkəmə iclasında verdiyi izahatında polis əməkdaşının onun sərxoşluq vəziyyətini alkotester vasitəsilə belə ölçməməsini bildirmişdir ki, qeyd olunan ziddiyyətlər bir daha onun sözügedən izahatları inzibati məsuliyyətdən yayınmaq üçün verdiyini sübuta yetirir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayətçinin nümayəndəsi Nümayəndə2 vəsatətinə əsasən xx.xx.2025-ci il tarixdə saat 09:00-dan 13:00-dək X1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi barədə məlumatların "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilməsi barədə qərar qəbul edilsə də, "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı X4 izibati xəta haqqında protokolda qeyd edilən 09:36-09:40 aralığında olan anten dairəsi barədə məlumatların öz əksini tapmaması sübuta yetirilmişdir. Lakin məhkəmə belə qənaətə gəlir ki, X4 xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması özünün, səlahiyyətli orqanın nümayəndəsinin və hadisənin görüntüləri ilə təsdiqləndiyindən, protokolda qeyd olunan saat hazırki halda iş üçün əhəmiyyət kəsb etmir. Habelə, X5 şikayət ərizəsində də qeyd etmişdir ki, xx.xx.2025ci il tarixində, saat 10:25 radələrində Nardaran qəsəbəsi, Ləhic bağlar massivində yerləşən bağ evində olmuş və 10:26-də oradan çıxaraq Xətai rayonu, Sabit Orucov 17C ünvanına gedərkən Mehdi Mehdizadə küçəsində saxlanılmışdır. Həmçinin yuxarıdakı halla bağlı Bakı Şəhər Baş Polis İdarəsi X15 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 bildirmişdir ki, bəzi hallarda alkotesterin saatında və protokolda texniki səhv olaraq fərqli saat qeyd edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar