Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1499/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclasının katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhəri, X3, mənzil 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsindən daxil olmuş 04 mart 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 21 noyabr 2021-ci il tarixdə saat 15:51 radələrində «Vaz 21074» minik markalı **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunla tətbiqinə icazə olmadan sayrışan işıqlarla təchiz edərək idarə etmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, 21 noyabr 2021-ci il tarixdə «Vaz 21074» minik markalı **-TY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sayrışan işıqlarla təchiz edərək, həmin sayrışan işıqları götürdüyü maqazinin qabağında 5-10 metr idarə etmişdir. Daha sonra dostu həmin faktı videoya çəkərək sosial şəbəkələrdə paylaşmışdır. Beləliklə o, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 mart 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs 21 noyabr 2021-ci il tarixdə «Vaz 21074» minik markalı **-TY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunla tətbiqinə icazə olmadan sayrışan işıqlar quraşdıraraq idarə etmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi barədə protokol tərtib edilmiş və o, protokolun qeyd hissəsində törətdiyi əməli etiraf etmişdir; inzibati xəta haqqında iş üzrə icraata başlama barədə ******* saylı qərardaddan görünür ki, Şəxs sosial şəbəkələrdə paylaşdığı video görüntülər əsasında onun əməlində İXM-nin 342.9-cu maddəsi ilə inzibati araşdırma başlanmışdır; videogörüntülərə baxış keçirilməsi haqqında Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinə bilavasitə tabe olan YPXA-nın BYPX baş inspektoru, polis mayoru X1 tərəfindən tərtib edilmiş 04 mart 2022-ci il tarixli protokoldan görünür ki, «Vaz 21074» minik markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilə sayrışan işıqlar quraşdırılaraq idarə edilməsi zamanı çəkilmiş və sosial şəbəkələrdə paylaşılmış videogörüntüyə baxış keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 26.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, habelə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, tərəflərin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməklə maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın törədilməsində alət olmuş (sayrışan işıq) müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1499/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1499/2022
13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver