Məhkəmə qərarları › İş №3(011)-1502/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1502/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1502/2024 20.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil iştirakları ilə, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 578.2-ci maddələrinə əsasən tərtib edilmiş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüquqi şəxs Şəxs MMC-nin onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktor X4 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan və əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Pakistan İslam Respublikasının vətəndaşları olan X31 Hayee, X25 Khizar, X18, X33 Muhammad, X15 Abdul, X26 Muhammad, X34 X8, X27 Ahsan Khalid, X19 Abdulu 2023-cü ilin oktyabr-noyabr aylarında Quba rayonu, Qrız Dəhnə kəndi ərazisində inşa edilən “Dəhnə Hotel”in tikintisində müxtəlif işlərin görülməsinə cəlb etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 578.2-ci maddələri ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Bu səbəbdən Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X10 tərəfindən Şəxs MMC-nin barəsində 13 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 192.1 və 578.2-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul edilərək baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba Rayon Məhkəməsinin 3(027)-281/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1 və 578.2-ci maddələri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında material baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Vəkil barələrində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmadığını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında prokuror X5 inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında 13 mart 2024-cü il tarixli qərarın məzmununa uyğun izahat verərək Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1 və 578.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X6 tərəfindən qəbul edilmiş 29 fevral 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən xitam verilmiş, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 578.2-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilməsi üçün xitam qərarının və aidiyyəti sənədlərin surətlərinin Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilməsi qərara alınmışdır. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X10 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 13 mart 2024-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs MMCnin barəsində Azərbaycan Respublikası İXM-in 192.1 və 578.2-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması qərara alınmışdır. Şahid qismində dindirilmiş X7 iş materiallarına əlavə edilmiş ifadəsində qeyd edilmişdir ki, 2010-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edib fiziki şəxs kimi qeydiyyata alınmış və Vergi ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) əldə edərək rəsmi şəkildə fəaliyyət göstərməyə başlamışdır. 2017-ci ildə yenidən Vergilər Nazirliyinə müraciət edərək hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və "xxxx" MMC-ni təsis etmişdir. Cəmiyyətin hüquqi ünvanı ünvan 1baycan Respublikası ərazisində müxtəlif həcmli tikinti layihələrinin həyata keçirilməsi ilə məşğul olur. Hazırda Cəmiyyətin təxminən 20-25 nəfər işçisi vardır. 2019-cu ildə dostu Hikmət onunla əlaqə yaradıb hal-əhval tutan zaman işsiz olduğunu öyrənmiş, buna görə də təsis etdiyi Cəmiyyətdə usta işləməsini təklif etmişdir. Hikmət təklifini qəbul edərək rəsmi şəkildə Cəmiyyətdə usta işləməyə başlamış, əmək haqqını rəsmi şəkildə işləyən digər bütün işçilər kimi hər ay "xxxx" ASC-yə aid plastik kart vasitəsilə əldə etmişdir. Hikmət həmin vaxtdan Cəmiyyətdə baş usta, mühəndis-nəzarətçi, direktor müavini işləmiş, 03 noyabr 2023-cü il tarixdə tərəfindən direktor vəzifəsinə keçirilmişdir. Bundan başqa təxminən 1 ildən çoxdur uşaqlıq dostu Tərlan vasitəsilə Toğrul adlı şəxslə tanış olmuş, Toğruİun Türkiyə Respublikasına yağ ixracı ilə məşğul olduğunu bilmişdir. 2023cü ilin mart ayında Toğrul söhbətlərdən birində Quba rayonu, Qrız Dəhnə kəndində yerləşən özünə məxsus “Dəhnə Hotel”in ərazisində təmir işləri həyata keçirərək “Aframe“ adlandırılan tikililər inşa etmək lazım gəldiyini bildirmişdi. Bu məsələ ilə bağlı Toğrulla bir neçə dəfə söhbət apardıqdan sonra 2023-cü ilin aprel ayında işlərin aparılmasına başlamaq barədə razılığa gəlmişlər. Buna baxmayaraq Toğrulla aralarında işlərin həyata keçirilməsi ilə bağlı rəsmi şəkildə hər hansı müqavilə bağlanmamış və onlar sadəcə şifahi razılığa gəlməklə kifayətlənmişlər. 2023-cü ilin aprel ayında ilk dəfə təkbaşına, növbəti dəfə isə Türkiyə Respublikasında yaşayan və həmin ölkənin vətəndaşı olan ortağı Onur Bolla birlikdə Quba rayonuna getmiş və Toğrulun iştirakı ilə “Dəhnə Hotel”in ərazisinə baxış keçirib işlərin hansı şəkildə aparılacağını planlaşdırmışlar. Hikmətə Quba rayonunda yerləşən “Dəhnə Hotel”in ərazisində aparılan tikinti işlərinə nəzarət etmək üçün həmin rayona getməsini tapşırmışdır. Hikmət sentyabr ayının ikinci yarısında Quba rayonu, Qrız Dəhnə kəndinə getmiş və İlqar tərəfindən qarşılanıb tikinti işlərinin aparıldığı ərazi ilə tanış edilmişdir. Həmin günlərdə artıq tikilməkdə olan “A-frame” adlandırılan təxminən 9 ədəd tikiliyə dair işlər tamamlanma mərhələsində olmuşdur. Belə ki, işlərin çox hissəsi görülüb başa çatdırılmış, yalnız fasadın suvaq işləri, fasadların divarına “kavançik”lərin vurulması və döşəmələrin quraşdırılması kimi işlər qalmışdır. Davam edən tikinti işlərində təxminən şirkətin müqavilə əsasında hazırda adını unutduğu müəyyən əməkdaşları da iştirak etmişdir. Hikmət sentyabr ayının ortalarından noyabr ayının ortalarınadək olan müddətdə demək olar ki, her həftəsonu Quba rayonuna gedib-gəlmiş, orada mütəmadi qalmamışdır. 2023-cü ilin sentyabr ayının sonlarında tikinti sahəsində işçi qüvvəsinə ehtiyac yarandığından təxminən 2-3 il əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində tikinti işləri aparan zaman mobil nömrəsini öyrəndiyi 40-45 yaşlı Raheem adlı Əfqanıstan İslam Respublikası vətəndaşının istifadəsində olan +99450 ***-**-** mobil nömrəsinə zəng edib özünü təqdim etmiş və işçi qüvvəsinə ehtiyac olduğunu demişdir. Raheem işçi tapmaqda köməklik göstərəcəyini bildirdikdən təxminən 1-2 gün sonra hər biri ayrı-ayrılıqda Quba rayonuna yollanmışlar. Raheem tikinti sahəsinə baxış keçirdikdən sonra tezliklə Quba rayonuna işçi qüvvəsi göndərilməsini təşkil edəcəyini bildirmişdir. Bir neçə gün sonra Raheem mobil telefonuna zəng edib Quba rayonuna işçiləri yola salması barədə məlumat vermişdir. O, Hikmətlə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə yaradaraq Raheem adlı şəxs tərəfindən tikinti işlərində işləmək üçün pakistanlıların hotelə göndərildiklərini demiş və Hikmətdən onları qarşılamasını istəmişdir. Raheem tərəfindən iki-iki, üç-üç Quba rayonuna işləmək üçün pakistanlılar göndərilmiş, Hikmət hər dəfə bu barədə ona mobil telefonda məlumat versə də, işçilərin sayını dəqiq bilməmişdir. Həmin əcnəbilərin hamısı Hikmət tərəfindən qarşılanmış, onlara qalacaqları və işləyəcəkləri yer göstərilmiş və nə işlə məşğul olacaqları başa salınmışdır. Tikinti işləri zamanı pakistanlıların bacardıqları işlərə görə bölüşdürülməsi də məhz Hikmət tərəfindən həyata keçirilmişdir. Pakistanlılarla aralarında əmək müqaviləsi bağlanmamış, həmin şəxslər günəmuzd şəkildə işlərə cəlb olunmuşlar. Belə ki, həmin əcnəbilərə əməkhaqqı və digər xərclərin ödənilməsi üçün 2023-cü ilin oktyabr ayının ortalarında bir miqdar pul verilmişdir. Bundan başqa gördüyü işin müqabilində, eləcə də işçilərin gündəlik xərclərini qarşılaması üçün 2023-cü ilin sentyabr-noyabr ayları ərzində Hikmətə məxsus "xxxx" ASC-yə aid kartın hesabına təxminən 2500-3000 manat pul köçürmüşdür. Tikinti işlərinin görülməsinə başlandıqdan sonra hər ayın sonunda şəxsən özü Quba rayonu, Qrız Dəhnə kəndinə gedib işçilərin gördükləri işin qarşılığında pullarını nağd şəkildə ödəmişdir. 13 noyabr 2023-cü il tarixdə işləri ilə əlaqədar X3 paytaxtı Əbu-Dabi şəhərində olan zaman Bakı şəhərində olan Hikmət onunla əlaqə yaradıb pakistanlılann hotelin ərazisinə gələn Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhərinə aparılmaları barədə məlumat verdiyini demişdir. Telefon danışığı zamanı pakistanlıların avtobusa mindirilməklə Bakı şəhərinə aparıldıqlarını öyrənmişdir. Əcnəbi vətəndaşların ölkədə qalma müddətlərinin bitməsindən, həmin şəxslərin qanunsuz miqrant olmağından, habelə əcnəbiləri işlərin yerinə yetirilməsinə cəlb edərkən bu barədə Dövlət Miqrasiya Xidmətinə müraciət etməli olduğundan qətiyyən məlumatsız olmuş, bu barədə nə özləri, nə də ki hər hansı digər şəxs ona məlumat verməmişdir. Onun təsisçisi olduğu Şəxs MMC ilə Quba rayonu, Qrız Dəhnə kəndində yerləşən “Dəhnə Hotel”in ərazisində tikinti işlərinin aparılması üçün həmin hotelin rəhbərliyi arasında hər hansı müqavilənin bağlanıbbağlanmaması barədə heç bir məlumatı olmamışdır. Adları qeyd edilən əcnəbilərdən yalnız Raheemi tanımış, Raheemdən Quba rayonunda işləmələri üçün işçi tapmasını xahiş etmiş, X24 Respublikası vətəndaşlarının Quba rayonuna aparılmalarını özü təşkil etmiş, “Kashe”, “Anvar” və “Khalig” adlı şəxslərlə heç bir münasibəti olmamışdır. 2023-cü ilin sentyabr ayının sonlarında Quba rayonunda tikinti sahəsində işçi qüvvəsinə ehtiyac yarandığından o, bir çox tanışları ilə, eləcə də təxminən 3-4 il əvvəl tanış olduğu Javad adlı Əfqanıstan İslam Respublikası vətəndaşı ilə əlaqə yaradıb işçi tapmasını xahiş etmişdir. Bundan təxminən 2-3 gün sonra Javad onunla əlaqə yaradıb 2 nəfər Pakistan İslam Respublikası vətəndaşının yaşadıqları ünvanlarını bildirmişdir. O, həmin şəxsləri özünə məxsus ağ rəngli, “Land Cruiser” markalı, “Az **-BJ-***” dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları ünvanlardan götürüb Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Şamaxinka” adlandırılan əraziyə aparmış və tanımadığı, markası və dövlət qeydiyyat nişanı yadında qalmayan taksi sürücüsünə yaxınlaşıb yol pulunu ödəməklə həmin pakistanlıları Quba rayonu, Qrız Dəhnə kəndində yerləşən “Dəhnə Hotel”ə çatdırmasını xahiş etmişdir. Şahid qismində dindirilmiş X2 iş materiallarına əlavə edilmiş ifadəsində qeyd edilmişdir ki, 2019-cu ildə dostu X9 tərəfindən təsis edilmiş Şəxs’ MMC-də rəsmi şəkildə usta işləməyə başlamış, bundan sonra baş usta, mühəndis-nəzarətçi vəzifələrində işləmiş, 2022-ci ildə Samir tərəfindən Cəmiyyətin direktor müavini, 03 noyabr 2023-cü il tarixdə isə direktoru təyin olunmuşdur. Hazırda həmin Cəmiyyətin direktoru vəzifəsində çalışır. 2002-ci ildə hərbi xidmətdən qayıdıb Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində yerləşən taxta sexlərindən birində fəhlə işləməyə başlayaraq plastik qapı-pəncərələrin təmiri və quraşdırılması işini öyrənmişdir. 2003-cü ildə iş yerini Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən sexlərdən birinə dəyişmiş və həmin sexdə Samirlə tanış olmuşdur. Samir də əvvəllər onun kimi plastik qapı-pəncərə ustası işləmiş, aralarındakı tanışlıq münasibəti qısa müddət ərzində dostluq münasibətinə çevrilmişdir. Bundan sonra keçən uzun illər ərzində Samirlə arasında olan yaxın münasibət davam etmişdir. 2018-ci ilin sonlarında dosttanışlarından Samirin Şəxs MMC-ni təsis etdiyini eşitmişdir. 2019-cu ildə işsiz qaldığı üçün ailəsini dolandırmaqda çətinlik çəkdiyinə görə Samirlə əlaqə yaradıb işləmədiyi barədə məlumat vermişdir. Samir ona təsis etdiyi cəmiyyətdə usta işləməyi təklif etmişdir. Samirin təklifini qəbul edərək Cəmiyyətdə rəsmi şəkildə usta işləməyə başlamış, əmək haqqını hər ay "xxxx" ASC-yə aid plastik kart vasitəsilə əldə etmişdir. Cəmiyyətdə işlədiyi bütün 2019-2023cü illərdə, yəni həmin baş usta, həm mühəndis-nəzarətçi, həm direktor müavini, həm də direktor vəzifəsində işlədiyi müddətdə əmək haqqını yalnız rəsmi şəkildə eyni yolla əldə etmişdir. Cəmiyyətin direktoru kimi vəzifəsini həyata keçirilən bütün işlərə ümumi nəzarəti həyata keçirməkdən ibarət olmuşdur. 2022-ci ilin əvvəllərində Cəmiyyət tərəfindən Bərdə rayonu ərazisində tikilən “DOST” Agentliyinin inzibati binasının tikinti işlərinə nəzarət etmək məqsədilə həmin rayona yollanmışdır. Həmin ilin avqust ayında işğaldan azad edilmiş Ağdam şəhərinin tikinti-bərpa işləri Cəmiyyətə həvalə olunmuş ərazilərində nəzarəti həyata keçirmək məqsədilə həmin rayona getmişdir. Təxminən 2023-cü ilin sentyabr ayının əvvəllərində Ağdam rayonundan qayıtdıqdan sonra Samir ona Quba rayonu, Qrız Dəhnə 1 kəndi ərazisində yerləşən “Dəhnə Hotel”in ərazisində aparılan tikinti işlərinə nəzarət etmək üçün həmin rayona getməsini tapşırmışdır. Quba rayonuna getdiyi vaxt artıq işlərin çox hissəsi görülüb başa çatdırılmış, yalnız fasadın suvaq işləri, fasadların divarına “kavançik”lərin vurulması və döşəmələrin quraşdırılması kimi işlər yarımçıq qalmışdır. Davam edən tikinti işlərində şirkətdə əmək müqaviləsi əsasında işləyən hazırda adını unutduğu bir neçə əməkdaş çalışırdı. Quba rayonuna getdikdən təxminən 10-15 gün sonra, yəni 2023-cü ilin oktyabr ayının əvvəllərində Samir “Whatsapp” sosial şəbəkəsində “+99***-***-**-**” mobil nömrəsi ilə istifadə etdiyi hesabdan onun “+99***-***-**-**” mobil nömrəsi ile istifadə etdiyi hesabla əlaqə yaratmış və tikinti işlərində işləmək üçün Pakistan İslam Respublikası vətəndaşlarının hotelə gətiriləcəkləri barədə məlumat verib onları qarşılamağını tapşırmışdır. Xatırladığı qədəri ilə 05 oktyabr 2023-cü il tarixdə “Kashe” adlı pakistanlı “Khalig” adlı həmyerlisinin idarə etdiyi qırmızı rəngli, “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə adları Sultan və Rizwan olan 2 nəfər əcnəbini hotelə gətirmişdir. Həmin şəxslər Azərbaycan dilində danışa bilməsələr də, onları gətirən “Kashe” orta səviyyədə danışmaqla fikirlərini izah edə bilirdi. Həmin şəxs növbəti günlərdə işləmək üçün başqa şəxsləri də Quba rayonuna gətirəcəyini bildirdiyindən birbaşa əlaqə yaratmaq məqsədilə “Kashe”dən mobil nömrəsini öyrənib mobil telefonuna qeyd etmişdir. “Kashe” çıxıb getdikdən sonra pakistanlılara qalacaqları və işləyəcəkləri yeri göstərmiş və nə işlə məşğul olacaqlarını başa salmışdır. Bundan 2 gün sonra - 07 oktyabr 2023-cü il tarixdə, saat 10:00 radələrində “Khalig” adlı pakistanlı idarə etdiyi avtomobillə adları Arman, Amir, Mohsin və Asim olan 4 nəfər əcnəbini, həmin tarixdə saat 12:00 radələrində “Raheem” adlı əfqan və “Anvar” adlı pakistanlı sonuncunun idarə etdiyi qızılı-boz rəngli, “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə adları Shahzad və Asad Ullah olan 2 nəfər əcnəbini, 09 oktyabr 2023-cü il tarixdə saat 13:00 radələrində “Khalig” adlı pakistanlı idarə etdiyi avtomobillə adı Usman olan 1 nəfər əcnəbini hotelə gətirmişdir. Qeyd olunan əcnəbilərin hamısını özü qarşılayıb qalacaqları və işləyəcəkləri yeri göstərmiş, nə işlə məşğul olacaqlarını başa salmışdır. Məlumat üçün bildirmişdir ki, Armanla birlikdə Quba rayonuna gətirilmiş Amir, Mohsin və Asim təxminən 6-7 gün kafel-metlax vurmaqla məşğul olmuş, onların gördükləri işi bəyənmədiyinə görə “Kashe” ilə əlaqə yaradıb bunu bildirib onları hotelin ərazisindən aparmalarını istəmiş, təxminən 1-2 gün sonra “Khalig” idarə etdiyi avtomobillə Quba rayonuna gələrək Amir, Mohsin və Asimi Bakı şəhərinə aparmışdır. 17 oktyabr 2023-cü il tarixdə “Kashe” həmyerlisi “Khalig”in idarə etdiyi avtomobillə adları yadında qalmayan daha 3 nəfər əcnəbini Quba rayonuna gətirmişdir. Həmin əcnəbiləri də özü qarşılayıb qalacaqları və işləyəcəkləri yeri göstərmiş, nə işlə məşğul olacaqlarını başa salmışdır. Hotel ərazisində aparılan tikinti işləri zamanı pakistanlıların bacardıqları işlərə bölüşdürülməsini həyata keçirmiş, onlar yemək və siqaret pulu kimi maddi ehtiyacları olduqda ona müraciət etmiş, əlindən gəldiyi qədər həmin əcnəbilərə maddi köməklik göstərmişdir. Pakistanlılarla da əmək müqaviləsinin bağlanıb-bağlanmamasından, onların hansı şərtlər altında işləmələrindən məlumatı olmamışdır. 11 noyabr 2023-cü il tarixdə ailə üzvlərini görmək üçün Bakı şəhərinə qayıtmışdır. 13 noyabr 2023-cü il tarixdə İlqar mobil telefonuna zəng edib pakistanlıların hotelin ərazisinə gələn Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının tərəfindən saxlanılaraq Bakı şəhərinə aparıldıqlarını demişdir. Dərhal Samirlə əlaqə yaradıb bu barədə melumat verdikdə Samir özünün İlqarın mobil telefonuna zəng edib danışacağını bildirmişdir. Lakin Samir və İlqar arasında hansı danışıqların aparılması barədə heç bir məlumatı olmamışdır. Direktoru işlədiyi "xxxx" MMC ile Quba rayonu, Qrız Dəhnə kəndində yerləşən “Dəhnə Hotel”in ərazisində tikinti işlərinin aparılması üçün həmin hotelin rəhbərliyi arasında hər hansı müqavilənin bağlanıb-bağlanmaması barədə heç bir məlumatı yoxdur. X32 Respublikası vətəndaşlarının Quba rayonuna gətirilmələrini təşkil etmiş “Raheem”, “Kashe”, “Anvar” və “Khalig” adlı şəxslərlə heç bir münasibəti olmamışdır. O, həmin şəxslərdən yalnız “Kashe” ilə bir neçə dəfə mobil telefon əlaqəsi yaradıb işlə bağlı danışmışdır. “Kashe” ilə əlaqə yarada bilmədiyi vaxtlarda “Raheem”lə danışaraq pakistanlıların nə zaman gətiriləcəklərini soruşmuş, digərləri ilə heç bir ünsiyyəti olmamışdır. Əcnəbi vətəndaşların ölkədə qalma müddətlərinin bitməsindən, həmin şəxslərin qanunsuz miqrant olmağından, habelə əcnəbiləri işlərin yerinə yetirilməsinə cəlb edərkən bu barədə Dövlət Miqrasiya Xidmətinə müraciət etməli olduğundan qətiyyən məlumatsız olmuş, bu barədə nə özləri, nə də ki hər hansı digər şəxs ona məlumat verməmişdir. İş üzrə şahid qismində dindirilmiş X29 Hayee, X25 Khizar, X18, X35 Muhammad, X16 Abdul, X30 Muhammad, X17 X20, X27 Ahsan Khalid, X19 Abdul hər biri ayrı-ayrılıqda oxşar məzmunlu ifadələr verərək avqust, sentyabr və oktyabr aylarında ölkə ərazisinə daxil olduqlarını, 2023-cü ilin oktyabr-noyabr aylarında Hikmət adlı şəxs tərəfindən Quba rayonu, Qrız Dəhnə kəndi ərazisində tikinti işlərinin görülməsinə cəlb edilərək orada işlədiklərini, onlarla heç bir müqavilə bağlanmadığını qeyd etmişlər. Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X6 tərəfindən qəbul edilmiş 29 fevral 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan məlum olduğu kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya texnologiyaları İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 2-2-030/3-017685/2023 nömrəli xidməti məktubda qeyd olunan məlumatlara əsasən: 1) X25 Khizar - xx.xx.2023-cü il tarixdə, saat 18:07-də X14 Aeroportundan ölkə ərazisinə daxil olmuşdur; 2) X29 Hayee – xx.xx.2023-cü il tarixdə, saat 17:27-də X14 Aeroportundan ölkə ərazisinə daxil olmuşdur; 3) X21 - xx.xx.2023-cü il tarixdə, saat 16:47-də X14 Aeroportundan ölkə erazisinə daxil olmuşdur; 4) X35 Muhammad xx.xx.2023-cü il tarixdə, saat 20:18-də X14 Aeroportundan ölkə ərazisinə daxil olmuşdur; 5) X16 Abdul - xx.xx.2023-cü il tarixdə, saat 20:18-də X14 Aeroportundan ölkə ərazisinə daxil olmuşdur; 6) X30 Muhammad - xx.xx.2023-cü il tarixdə, saat 18:07-də X14 Aeroportundan ölkə ərazisinə daxil olmuşdur; 7) X17 X20 - xx.xx.2023-cü il tarixdə, saat 14:12-də X14 Aeroportundan ölkə ərazisinə daxil olmuşdur; 8) Khalid Ahsan X27 - xx.xx.2023-cü il tarixdə, saat 14:41-də X14 Aeroportundan ölkə ərazisinə daxil olmuşdur; 9) X22 Abdul xx.xx.2023-cü il tarixdə, saat 14:41-də X14 Aeroportundan ölkə ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. 578.2-ci maddəsinə əsasən eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədildikdə - vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 3.0.1-ci maddəsinə əsasən əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxsdir; 3.0.4-cü maddəsinə əsasən pasport – şəxsə vətəndaşı olduğu ölkə tərəfindən verilən, ona ölkədən getmək və ölkəyə gəlmək hüququ verən, habelə onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənəddir; 3.0.6-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan – Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir; 3.0.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir; 3.0.16-cı maddəsinə əsasən viza – əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədinin buraxılış məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Azərbaycan Respublikasına gəlməsinə və Azərbaycan Respublikasından getməsinə, vizada göstərilmiş müddət ərzində ölkədə müvəqqəti olmasına hüquq verən rəsmi sənəddir; 3.0.17-ci maddəsinə əsasən sərhədkeçmə sənədi – xarici pasport, vətəndaşlığı olmayan şəxslərə yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün verilən sənəd, dənizçinin şəxsiyyət sənədi, qaçqınlara verilmiş yol sənədi, vətənə qayıdış şəhadətnaməsi, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən səyahət sənədi, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədlərdir; 20.1-ci maddəsinə əsasən viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz; 20.2-ci maddəsinə əsasən bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin iş materiallarına əlavə edilmiş izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC-nin onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan direktoru X4 MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Pakistan İslam Respublikasının vətəndaşları olan X29 Hayee, X25 Khizar, X18, X35 Muhammad, X16 Abdul, X30 Muhammad, X17 X20, X27 Ahsan Khalid, X19 Abdulu 2023-cü ilin oktyabr-noyabr aylarında Quba rayonu, Qrız Dəhnə kəndi ərazisində inşa edilən “Dəhnə Hotel”in tikintisində müxtəlif işlərin görülməsinə cəlb etmiş və qeyd olunan xətanın baş verməsi sözügedən işçilərin ifadələri ilə yanaşı, hüquqi şəxs Şəxs MMC-nin təsisçisi X7 və direktoru X2 ifadələri ilə də bir daha sübuta yetirilmişdir. Bununla da, hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1 və 578.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 578.2-ci maddələri ilə təqsirli bilinməli və barəsində həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 578.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 578.2-ci maddəsinə əsasən 30000 (otuz min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar