Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1502/2025 27.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 21743621 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 21743621 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri YPX tərəfindən mənim sənədlərimi yoxlayarkən bildirmişlər ki, onun cəriməsi var. Xətai rayon DYP şöbəsinə müraciət etmiş və ona sürət həddini aşmağa görə 50 manat cərimə olduğu bildirilmişdir. Şikayətçi son 20 ildə heç vaxt qayda pozuntusu etməmişdir. Bununla əlaqədar DİN-nin müxtəlif qurumlarına müraciət etmişdir. Sonra isə xx.xx.2024-cü ildə rəsmi olaraq müraciət etmişdir. Ona xx.xx.2024-cü ildə məktub göndərilmişdir ki, araşdırılma aparılacaq və məlumat veriləcək. Şikayətçiyə cavab gəlmədiyinə görə birbaşa BDYP-yə getmiş və ona orda bildirmişlər ki, xx.xx.2024-cü ildə məktub hazırlanıb. Şikayətçi orada dəftərxanaya müraciət etmiş, həmin məktubu tapdılar. Artıq həmin gün yəni xx.xx.2025-ci ildə ona məktub təqdim etmişlər. Vaxtın bu qədər keçməsinin səbəbkarı şikayətçi deyil. Şikayətçi özü ölçü cihazlarının (radar) işləməsi, onlara nəzarətin keçirilmə qaydaları üzrə mütəxəssis olmuşdur. Hesab edir ki, ya həmin ölçü vasitəsində nasazlıq olub, ya da cari yoxlamadan keçirilməyib yaxud da sürət məhdudiyyəti üçün qoyulmuş nişanla düzgün uzlaşdırılmayıb. Bu səbəbdən yuxarıda göstərilən izahatının araşdırılması və qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və şikayətin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin xx.xx.2024-cü il tarixli EQ seriyalı 21743621 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 yolda müəyyən edilmiş hərəkət sürətini 22 km/saat həddində aşmağa görə İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Şikayətçinin BDYP-yə ünvanladığı müraciətə cavab olaraq səlahiyyətli qurumdan yazılı olaraq bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə "Kia" markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 169.9-cu km-də müəyyən olunmuş 70 km/saat hərəkət sürətinin 22 km/saat həddində aşılması halı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin tələbinə uyğun olaraq foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş, real vaxt rejimində Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında Məcəllənin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta üzrə S.Sadiqinin barəsində elektron qaydada EQ 21743621 nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Aparılmış araşdırma zamanı qeyd olunan əraziyə, xüsusi texniki vasitənin qeydə aldığı videogörüntülərə baxış keçirilmiş, sürücünün inzibati xətaya yol verməsi halı təsdiqlənmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, Baş Dövlət Yol Polis İdarəsi şikayətçiyə ünvanladığı cavab məktubunda sonuncunun sürət həddini aşdığını və bu pozuntunun qeydə alınaraq videogörüntülərdə öz əksini tapdığını bildirsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməməklə sözügedən görüntüləri məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 21743621 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARAALDİM: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 21743621 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-1502/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1502/2025
27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver