Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1528/2020 10.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və müdafiəçisi X2 iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Koqalim şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə 13:00 radələrində Xətai rayonu Neapol küçəsində “Pətək” restoranını icarə əsasında işlədən zaman karantin qaydalarını pozduğu aşkar olunmuş, barəsində İXM-nin 211.1-ci maddəsi ilə prorokol tərtib edilən zaman polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, protokolu imzalamaqdan imtina etmiş və barəsində Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı İbrahimov Ramil Rövşən oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə 13:00 radələrində polis əməkdaşları restorana gələrək obyektdə qəlyan çəkildiyini və sosial şəbəkədə paylaşıldığını bildirmişlər. O, bu görüntülərin təqdim olunmasını bildirdikdə, polis əməkdaşı idarədə şəkillərin təqdim ediləcəyini ona bildirmişlər. Daha sonra onu 35-ci Polis Bölməsinə gətirmişlər. Lakin bölmədə ona heç bir görüntü təqdim olunmamışdır. Əksinə onu nalayiq ifadələrlə təhqir etmişlər. Vəkili ilə görüşməyə icazə verilmədiyindən protokolu imzalamaqdan imtina etmişdir. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Polis əməkdaşları onu polis bölməsinə dəvət etdikdə heç bir tabesizlik göstərməyib bölməyə getmiş, polisin tələblərinə tabe olmuşdur. Əməlində inzibati xəta hadisəsi olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müdafiəçi X1 inzibati xəta haqqında protokolun qanunsuz və əsassız olmasını, Şəxs polisin tələblərinə tabe olmasını, protokolu imzalamaqdan imtina etməyin İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibini yaratmadığını, bunun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququ olduğunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı Ramil İbrahimov izahatında göstərmişdir ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə 13:00 radələrində Xətai rayonu Neapol küçəsində “Pətək” restoranını icarə əsasında işlədən zaman karantin qaydalarını pozduğu aşkar olunmuş, barəsində İXM-nin 211.1-ci maddəsi ilə prorokol tərtib edilən zaman protokolu imzalamaqdan imtina etmiş və buna görə də barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadıqda yaranır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirilməmişdir. Belə ki, polis əməkdaşları onu polis bölməsinə dəvət etdikdə heç bir tabesizlik göstərməyib bölməyə getmişdir. Protokolu imzalamağı bildirdikdə bundan imtina etmişdir. Buna görə də onun əməli polisin qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymətləndirilə bilməz. Məhkəmə iclası zamanı Şəxs polisə tabe olmaması faktı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.4-ci maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə inzibati xəta törədən Şəxs ifadəsini, iş materiallarını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, onun əməlində inzibati xəta hadisəsi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.2.1 , 53, 105-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1528/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1528/2020
10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver