Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1528/2025 14.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Xətai rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Xətai DYPŞ-nin tərəfindən yazılmış 09 fevral 2025-ci il tarixli TP ******* qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində təxminən saat 23:55 radələrində şikayətçiyə məxsus BMW 640İ markalı **-OO-*** qeydiyyat nömrə nişanlı avtomobillə S.Orucov küçəsində hərəkətdə olduğu zaman **-YP-*** qeydiyyat nömrə nişanlı YPX maşını saxla əmri vermişdir. M.Mehdizadə küçəsinin kəsişməsində avtomobili yolun sol kənarında saxlamışdır. Yaxınlaşan YPX inspektoru F.İsmayılov şikayətçiyə qanunsuz cihazla test etmək istədiyini bildirmişdir. Şikayətçi sertifikatlı xüsusi texniki vasitə tələb etdikdə ona hədə-qorxu gələrək imtina yazacağını bildirdikdə şikayətçi həmin cihazla yoxlanışa icazə vermişdir. Həmin cihazla yoxlanış etdikdə heç bir şey aşkar edilməmişdir. Buna baxmayaraq qeyri-qanuni olaraq avtomobilini duracağa təmin edərək onu narkoloji müayinə mərkəzinə dəvət etmiş və orada yenidən müayinədən keçmişdir. Sonradan onu otaqdan çıxaraq gözləməyi bildirmişdilər. Sürücünü sərxoşluq müayinəsini etmək haqqında İXM 96-cı maddəsində ətraflı göstərilmişdir. Şikayətçini qeyri-qanuni hal şahidi olmadan müayinə etmiş və həmin gün yox ondan 1 gün sonra protokol yazılmışdır. Yazılan protokol məhkəməyə göndərilməmiş, heç bir əsas olmadan qərar qəbul edilmişdir. Məhkəmə iclasında X3 ərizənin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu bu səbəbdən də həmin qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət verən şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X6 xx.xx.2025-ci il tarixdə saat 03:11 radələrində “**-OO-*** minik” markalı, **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Fəzail Bayramov küçəsində hərəkətdə olarkən İXMnin 327.4 və 333.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmiş, barəsində xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Protokol tərtib etmiş orqanın nümayəndələri tərəfindən məhkəməyə təqdim edilmiş Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/399 saylı aktdan görünür ki, X5 alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. 333.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə araşdırması zamanı şikayətçi ilkin olaraq polis əməkdaşları tərəfindən xüsusi cihaz vasitəsilə onun üzərində yoxlanış aparıldığını, daha sonra isə narkoloji müayinə mərkəzinə aparıldığını və bundan sonra qərarın tərtib edilməsinə əsas olan sənədlərin polis orqanı tərəfindən ona təqdim edilmədiyini bildirmiş, səlahiyyətli orqandan hazırkı tənbeh vermə haqqında qərarın tərtib edilməsinə əsas olan sənədlərin təqdim edilməsi tələb edilmişdir. Səlahiyyətli orqanın təqdim etdiyi inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, X6 İXM-nin 327.4 və 333.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. O cümlədən təqdim edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/399 saylı aktdan görünür ki, X5 alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş sənədləri X6 barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün kifayət hesab etməyərək həmin dəlillərə münasibətdə qeyd edir ki, ilk öncə şikayətçinin yol kənarında xususi vasitədən istifadə etməklə sərxoşluq vəziyyəti müəyyən edilmişdirsə, səlahiyyətli qurum tərəfindən X2 olmasını və sərxoşluğunun dərəcəsini göstərən alkotesterin göstəricisi məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 2/399 saylı akt qanunvericiliyə uyğun tərtib edilməmiş, aktın tərtib edildiyi tarixi (8 rəqəmi daha sonra 9 rəqəmi ilə əvəz edilmiş, ayın tarixi yazılmalı qrafada 0 yazılmış, il qrafası boş buraxılmışdır) müəyyən etmək mümkün olmamışdır. Həmçinin aktda müayinəni keçirən tibb işçisinin adı, soyadı, vəzifəsi qeyd edilməməklə ona məxsus imza qrafasında qaralama edilmişdir. Bundan əlavə, aktda möhür yerində səlahiyyətli şəxsin imzasının olmaması müəyyən edilmişdir. Odur ki, istinad olunanlara əsasən məhkəməyə təqdim edilmiş akt etibarlı sənəd olaraq qəbul edilə bilmədiyindən və inzibati tənbeh vermə haqqında qərarın bu sənəd əsasında qəbul edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Xətai rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 verdiyi şikayəti təmin edilməli, barəsində Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X6 barəsində Xətai rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-1528/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1528/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver