Məhkəmə qərarları › İş №3(011)-1533/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1533/2022

07.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1533/2022 07.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi 37 üvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs psixotrop maddəni satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsilə inzibati xəta törətdiyinə görə barəsində Xətai RPİ 36-cı Polis Bölməsi tərəfindən 07.04.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından məlum olur ki, Şəxs 03.04.2022-ci il tarixdə səhər saatlarında Biləcəri qəsəbəsində tanımadığı şəxsdən aldığı, 1 büküm, ümumi xalis çəkisi 0,139 qram olan psixotrop maddə hesab edilən metamfetamini qanunsuz olaraq əldə edib, satış məqsədi olmadan üzərində saxlamış və 06.05.2022-ci il tarixdə saat 02:40 radələrində ünvan 1 ünvanın qarşısından polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 36-cı PB-yə gətirilib üzərində axtarış keçirilərkən, qeyd olunan psixotrop maddə Şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret kağızı bükümündə aşkar edilərək götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, psixotrop maddə özünə məxsus olmuşdur, şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Törətdiyi əməldən peşman olduğunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan 07.04.2022-ci il tarixli Xətai RPİ 36-cı Polis Bölməsinin təhqiqatçısı Qabil Hüseynovun qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və İXM 206-cı maddəsi ilə inzibati tənbeh tədbirinin görülməsi məqsədilə aidiyyəti əməkdaşa həvalə edilmişdir. İş materiallarında olan 07.04.2022-ci il tarixli Xətai RPİ 36-cı Polis Bölməsinin təhqiqatçısı Qabil Hüseynovun qərarından görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinin 06.04.2022-ci il tarixli 6/1868 saylı rəyinə əsasən vətəndaş Şəxs məxsus götürülmüş bir ədəd bükümdə olan maddə ümumi çəkisi 0,139 qram miqdarda olan psixotrop maddə metamfetamindir. Beləliklə, Şəxs şəxsi istehlak miqdarında psixotrop maddəni qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması özünün səmimi etirafı və iş materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi etirafını, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa görə psixotrop maddə metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdardır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş – cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs cərimə tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Maddi sübutla bağlı məsələni müzakirə edərək hesab edirəm ki, iş üzrə maddi sübut saxlanması üçün Xətai RPİ 36-cı Polis Bölməsinin saxlancına təhvil verilmiş 0,139 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalmış hissəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İM : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut saxlanması üçün Xətai RPİ 36-cı Polis Bölməsinin saxlancına təhvil verilmiş 0,139 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalmış hissəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar