Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1538/2021 26.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X1 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Beyləqan rayonu Örənqala qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPİ X4 İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2021-ci tarixdə saat 12:08 radələrində idarə etdiyi «Mercedes Benz 190» markalı, 10TP952 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərinin Xətai rayonu ərazisində hərəkət edən zaman saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Bununla da, o, İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X2 göstərdi ki, Şəxs xx.xx.2021-ci tarixdə saat 12:08 radələrində idarə etdiyi «Mercedes Benz 190» markalı, 10TP952 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərinin Xətai rayonu ərazisində hərəkət edən zaman saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin xx xxxxx 2021-ci il tarixli məktubundan görünür ki, bir saat ərzində 0,418 promill alkoqolun miqdarının təmizlənməsi mümkündür. Sürücü avtomobili sərxoş halda idarə etməsini sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda etiraf etmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, YPX inspektoru onu heç bir qanuni əsas olmadan, yəni yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmadığı, eləcə də sair qayda pozuntularına yol vermədiyi halda saxlamış və sənədlərini tələb edərək baxdıqdan sonra, alkotester cihazı tətbiq etməklə, alkoqol qəbul edib-etməməyini yoxlamışdır. Bir neçə dəfə yoxlasa da, cihazda heç bir göstərici olmamışdır. YPX inspektoru ona heç bir məsuliyyətinin olmadığını bildirmiş, onu aldadıb izahat yazdırmış, onun diqtəsi ilə izahat yazıb göstərmişdir ki, spirtli içki qəbul etmişdir və həkimə getməyə ehtiyac yoxdur. Əslində spirtli içki içməmişdir. İnspektorun səmimiyyətinə inandığı üçün onun diqtə etdiyi sözləri izahatına yazmışdır. İzahat yazıb imzaladıqdan sonra, YPX inspektorunun ona olan münasibəti dəyişmişdir. O, Bakı şəhəri BPİ DYPİ-ndə olarkən niyə içkili halda avtomobil idarə etməsi soruşulmuş, o, içki içmədiyini bildirmiş, ona qarşı əsassız tələblər irəli sürülmüşdür. Orada ona kənar şəxslər həkimdən rəy almasını demiş, təcili həkimə gödərək ayıq olması barədə rəy almışdır. YPX inspektoru onu həkimə aparmalı olduğu halda aparmamış və öz saxtakarlığını ört-basdır etmək üçün ona həkim müayinəsindən keçməyə ehtiyac olmadığını yazdırmışdır. İnspektor İXM-nin tələblərini kobud şəkildə pozduğundan, ümumiyyətlə alkotestr müayinəsinin nəticəsi etibarlı sayıla və onun təqsirli olmağının əsası kimi qəbul edilə bilməz. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs həmin tarixdə saat 10:00 radələrində Bakı şəhərinin Xətai rayonu Babək prospektində «Mercedes Benz 190» minik markalı, 10TP952 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etdiyindən barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir; sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan görünür ki, Şəxs protokolda “mən Şəxs spirtli araq içmişdim həkim müayinəsinə ehtiyac yoxdur alk göstəricisi ilə razıyam” deyə qeyd etmişdir; xüsusi texniki vasitələnin nəticəsindən görünür ki, Şəxs alkoqolun konsentrasiyası 0,3 promill həddindən artıq 0,418 promill olmuşdur; xx.xx.2021-ci il tarixli, 2/6687 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə saat 12-00-da Şəxs ayıq olunmuşdur; Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin xx xxxxx 2021-ci il tarixli məktubundan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 12-00 radələrində yuxarıda adı göstərilən mərkəzdə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış tibbi müatinəsinin nəticəsi ilə xx.xx.2021-ci il tarixdə 10:01 radələrində xüsusi texniki vasitəsi ilə müəyyən edilmiş 0,418 promill alkoqolun konsentrasiyası ilə uyğun olmaması normal haldır. Nəzərə alınsa ki, orqanizmin fərdi xüsusiyyətlərindən aslı olaraq alkoqolun miqdarı hər 1 saat 0,20-0,40 promil təmizlənir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli xx xxxx 2014-cü il tarixli qərarının 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs saxlanılan zamanı sərxoş olmamasını bildirsə də, onun sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən əldə edilmiş alkoqolun konsentrasiyası 0,418 promill olmuş, Şəxs sərxoşluq vəziyyətinin müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokolda “mən Şəxs spirtli araq içmişdim həkim müayinəsinə ehtiyac yoxdur alk göstəricisi ilə razıyam” deyə qeyd etmişdir. Həmçinin, məhkəmə xx.xx.2021-ci il tarixli, 2/6687 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokola münasibətdə qeyd edir ki, Şəxs 10-01-də müayinədən keçmiş, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokol üzrə müayinə isə 02 saat sonra saat 12-00 radələrində aparılmışdır. Bundan əlavə, Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin xx xxxxx 2021-ci il tarixli məktubunda Şəxs sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış ilkin müəyinə ilə sonuncu müayinə arasında müxtəlif nəticələrin olması mümkün olan hal kimi qiymətləndirilmiş, orqanizmin fərdi xüsusiyyətlərindən aslı olaraq alkoqolun miqdarının hər 1 saat 0,20-0,40 promil təmizlənməsi qeyd edilmişdir. Göründüyü kimi, müayinələr arasında vaxt vasiləsi olmuş, saat 10-01-də alkoqolun konsentrasiyası 0,418 promill olmuş şəxsin 02 saat sonra ayıq olunması mümkün olmaqla, şəxsin saat 10-01-də sərxoş olmasını təkzib etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Şəxs müayinənin nəticəsi ilə razılaşdığından sonuncunun tibbi müayinəyə aparılması məcburi olmamışdır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin məhkəmə baxışı zamanı verdiyi izahata iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə verdiyi izahat həqiqətə uyğun deyil, onun bu məzmunda izahat verməsi inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, «sərxoşluq vəziyyətinin müəyyən etmək üçün texniki vasitədən istifadə etmək haqqında» protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1538/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1538/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver