Məhkəmə qərarları › İş №3(011)-1543/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1543/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1543/2023 20.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X1 İdarəsindən daxil olmuş 18 mart 2023-cü il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 18 mart 2023-cü il tarixdə idarə etdiyi «Hyunda i30» minik markalı, **-HK- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən DYPX-nin əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək bildirmişdi ki, o, 18 mart 2023-cü il tarixdə içkili olmamışdır. DYPX-nin əməkdaşı onu aldatmış və protokola imza etdirmişdir. Belə ki, o, həmin hadisədən sonra müayinə üçün tibb müssisəsinə getmiş və sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 18 mart 2023-cü il tarixli rəyindən görünür ki, onda içkili halı müəyyən edilməmişdir. Bu səbəbdən də onun barəsində İXM-nin 333.1-ci maddəsi ilə başlanılmış olan inzibati icraata xitam verilməsini xahiş edirəm. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan 18 mart 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 mart 2023-cü il tarixdə saat 08:25-də idarə etdiyi «Hyundai i30» minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən, DYPX-nin əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi məlum olduğundan, barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 18 mart 2023-cü il tarixli sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında qəbzdən görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti xüsusi texniki vasitə ilə müəyyən edilərkən, sonuncuda alkoqolun konsentrasiyası 0.336 % promil həddində müəyyən olunmuşdur. İş materiallarında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protoldan göründüyü kimi, Şəxs həkimə ehtiyacın olmamasını bildirmiş və spirtli içkidən istifadə etməsini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 2.4-cü bəndinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab olunur. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və «sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında» protokol ilə və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar