Məhkəmə qərarları › İş №3(011)-1553/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1553/2021

05.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1553/2021 05.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, inzibati xəta törətmiş Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1987-ci ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə X2 məxsus ünvan 2 ünvanında olan zaman kreslo üzərinə qoyulmuş şalvarın cibindən 475 (dörd yüz yetmiş beş) manat pulu oğurlamışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx xxxxx 2021-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, barəsində şikayət ərizəsi ilə müraciət etmiş Mirhüseyn Oktay oğlunu əvvəllər tanımamış, onunla qərəzliliyi və ədavəti yoxdur, təxminən 5 gündür ki, onunla birlikdə Nobel prospektində yerləşən minik avtomobillərin təmir sexində işləmiş, Bakı şəhərində yaşayış yeri olmadığından Mirhüseynlə birlikdə ona məxsus mənzildə yaşamışdır. xx.xx.2021-ci il tarixdə, saat 06 radələrində Mirhüseyn yaşayan ünvana gəlmiş, Mirhüseyn mənzildə tək olmuş, Mirhüseynin razılığı ilə mənzilə daxil olmuş, Mirhüseyn ondan gec gəlməsinin səbəbini soruşmuş və ona bildirmişdir ki, yuxudan oyanan müddət onun yaşadığı mənzili tərk etsin və onlar mənzilin müxtəlif otaqlarında yatmışlar. Saat 11 radələrində yuxudan oyandıqda müəyyən etmişdir ki, Mirhüseyn yataqda olmuş, onun yatdığı otağa daxil olmadan və Mirhüseynə məlumat vermədən özünə məxsus çantanı götürməklə mənzili tərk etmişdir. Həmin ünvanda olduğu zaman mənzildə Mirhüseynlə ondan başqa kənar şəxs olmamış, mənzildən gedən zaman, Mirhüseynə məxsus şalvarın cibindən və mənzildən hər hansı bir məbləğdə pul və ya əşya götürməmiş, Mirhüseynin onun barəsində şikayət ərizəsində yazmış olduğu fakt yalan və böhtandır. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirmişdir ki, ünvan 3 ünvanda tək yaşayır, Xətai rayonu Nobel proskektində yerləşən minik avtomobillərinin təmiri sexində çilingər işləyir. Barəsində şikayət ərizəsi ilə müraciət etdiyi Şəxs əvvəllər tanımamış, onunla qərəzliliyi, ədavəti yoxdur, Samirlə yaxın zamanda onun qohumluq əlaqəsi olan Anar adlı şəxsin vasitəsi ilə tanış olmuş və Samir minik avtomobillərinin təmiri sexində onun yanında şagird kimi fəaliyyət göstərir. Samirin yaşayış yeri olmadığından 2021-ci ilin aprel ayının 2-dən onunla birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə saat 06 radələrində Samir sərxoş vəziyyətdə onun yaşadığı ünvana gəlmiş, saat 11 radələrində müəyyən etmişdir ki, Samir yaşadığı mənzildə yoxdur, mənzilin zal otağında kreslo üzərindəki, əynindən çıxarıb qoyduğu şalvarın cibində olan pul qabından 475 (dörd yüz yetmiş beş) manat pulu oğurlamaqla və özünə məxsus çantanı götürməklə mənzili tərk etmişdir. Samir mənzildən getdiyi zaman mənzildən digər heç bir əmlak oğurlanmamış, lakin 475 manat pul ona məxsus şalvarın cibində olan pul qabından oğurlanmışdır. İş materiallarında olan Xətai RPİ-nin 36-cı Polis Bölməsinin təhqiqatçısı polis polkovnik-leytenantı X4 xx xxxxx 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli üçün qərarın surəti Xətai RPİnin 36-cı Polis Bölməsinə təqdim edilmişdir. İş materiallarında olan xx xxxxx 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs xx xxxxx 2021-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin faktiki halları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Şəxs qeyd etdiyi xüsusat səlahiyyətli orqan tərəfindən ətraflı araşdırılmadan yalnız zərərçəkmiş şəxsin izahatına əsaslanaraq onun barəsində əsassız olaraq protokol yazılmış, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında qeyd etdiyi xüsusatın əksini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar aşağıdakılar dır: 75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi iş üzrə zərərçəkmişin ifadəsindən başqa iş materialında heç bir sübut toplanılmamış biri digəri ilə müqasiyə edilib qiymətləndirilməmişdir (İXM-nin 84 mad.). Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Tərəflərin izahatını, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 39.2, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar