Məhkəmə qərarları › İş №3(011)-1555/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1555/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1555/2024 17.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, X1 iştirakı ilə, DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 05 aprel 2024cü il tarixli, EQ 20384059 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 05 aprel 2024-cü il tarixli, EQ 20384059 nömrəli qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-ci il tarixdə idarə etdiyi **-SU-*** dövlət nişanlı KİA markalı avtomobilə aid qayda pozuntusu ilə bağlı asanpay sms vasitəsi ilə telefonuna xəbərdarlıq almışdır. Protokolla tanış olmaq üçün asankabinetinə daxil olmuş, və görüb ki qayda pozuntusunun videogörüntüləri qeydə alınmayıb. Qanunla müəyyən olunmuş vaxt ərzində BDYP idarəsinə müraciət etsə də, videogörüntülər X3 təqdim olunmayıb. İnzibati işlər üzrə inspektor qayda pozuntusunun videogörüntülərin olmamasını bildirib, gətirdiyi dəlilləri qəbul etməyib və nəticədə onlardan 23.04.24 tarixdə çap olunmuş qərarı əldə edərək məhkəməyə müraciət etməli olub. Yuxarıda qeyd olunan maddələrə əsasən məsələni araşdırmaq üçün videoyazı təqdim olunmalı idi, lakin təqdim olunmayıb, və İXM 126 maddəyə əsasən şəxs hesab edir ki videoyazıya baxmaq mümkün olmadığı halda və işi araşdırmaq mümkün olmadığı səbəbindən işin icraatı dayandırılmalıdır və qərar ləğv olunmalıdır. Odur ki, X5 barəsində qəbul edilmiş EQ 20384059 saylı, 05 aprel 2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir. Məhkəmə iclasında X4 Arif oğlu şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək, barəsində qəbul edilmiş EQ 20384059 saylı, 05 aprel 2024-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş Dövlət Yol Polisi İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır, lakin 17 may 2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə etiraz yerləşdirərək bildirmişdir ki, işin faktiki hallarından məlum olur ki, xx.xx.2024-cü il tarixdə saat 13:33 radələrində Rüfət Səfərov idarə etdiyi KİA PİCANTO minik markalı **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, Laçın Ticarət Mərkəzi yaxınlığında ümumi istifadədə olan nəqliyyat vasitəsinin zolağına çıxaraq hərəkətini davam etdirmişdir. Şikayət ərizəsində göstərdiyi hallar onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini istisna etmir. Şərh olunanlara əsasən hesab edir ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən tərtib olunmuş 05 aprel 2024-cü il tarixli, EQ 20384059 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 05 aprel 2024-cü il tarixdə saat 13:33-də Nizami rayonu, Qara Qarayev prospekti, Laçın Ticarət Mərkəzi yaxınlığındakı ünvanda KİA PİCANTO minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 40 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 iştirakı ilə şikayət ərizəsində göstərilən dəlillər hərtərəfli, tam və obyektiv surətdə araşdırılmalı, şikayətin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 05 aprel 2024-cü il tarixli, EQ 20384059 nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinin göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 05 aprel 2024-cü il tarixli, EQ 20384059 nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qalan hissədə şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar