Məhkəmə qərarları › İş №3(011)-1558/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1558/2022

25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1558/2022 25.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi, şikayətçi X1, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, X1 X2 Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 18 mart 2022-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, X2 Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 18 mart 2022-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsində göstərilmişdir ki, təqribən 3 ildir qanuni əsaslarla fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Fəaliyyəti heyvanlar (quşlar) üçün yem və yem əlavələrinin ölkəyə idxalı və Azərbaycanda realizəsi ilə bağlıdır. Fəaliyyəti dövründə heç bir dövlət orqanları ilə problemləri olmamış, yem və yem əlavələri Azərbaycan Respublikası X2nin Bakı regional Bölməsinin nəzarəti altında (idxala əvvəlcədən icazə almaqla) idxal etmiş, sahibkarlıq fəaliyyətilə bağlı bütün ödənişləri vaxtında və tam şəkildə yerinə yetirmişdir. Bir sözlə, fəaliyyətində qanunun aliliyini əsas tutaraq, şəffaflıq şəraitində fəaliyyət göstərdiyindən, bu illər ərzində hər hansı dövlət orqanı fəaliyyətilə bağlı iradlar tutmamışdır. Bütün bunlara baxmayaraq 03 mart 2022-ci il tarixində Azərbaycan Respublikası X2nin Bakı Regional Bölməsindən ünvanına "İnzibati xətalar haqqında işlər üzrə" Bildiriş gəlmişdir. Bildirişə oxunması mümkün olmayan İnzibati xəta haqqında MN ******* nömrəli protokol əlavə edilmişdir. Protokolu oxumaq mümkün olmasa da, bildirişin mahiyyətindən bəlli olur ki, barəsində İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə 03.03.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və 18 mart 2022-ci il tarixində saat 14:00-də həmin işə baxılacaqdır. 18 mart 2022-ci il tarixində saat 14:00-da Azərbaycan Respublikasının X2nin Bakı Regional Bölməsinin inzibati binasına getmiş və saatlarla gözləmişdir . Maraqlanan zaman bölmənin əməkdaşları bildirmişlər ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxan bölmə rəisi yerində yoxdur. Nə etməli olacağını soruşduqda "gedin, sizinlə əlaqə saxlanılacaqdır”deyilmişdir. Buna baxmayaraq 28 mart 2022-ci il tarixində ünvanına yenə də rəis Zaur Kərimovun imzası ilə məktub və məktuba əlavə edilmiş "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" ******* saylı Qərar daxil olmuşdur. Qərar da protokol kimi çətin oxunmuş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xətaya görə barəsində 4000 (dörd min) manat məbləğində şərti olaraq inzibati cərimə tətbiq edilmişdir. Hesab edir ki, qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, yuxarıda da göstərdiyi kimi, fərdi sahibkar kimi heyvanlar üçün nəzərdə tutulmuş yem və yem əlavələrinin ölkəyə idxalı ilə məşğuldur. Bu zaman baytarlıq haqqında qanunvericiliyin tələblərini tam yerinə yetirir. Fəaliyyətilə bağlı əməlində hər hansı inzibati xəta olsaydı belə, baytarlıq haqqında qanunvericiliyin tələblərinin pozuntusu ilə bağlı ola bilərdi. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qəbul edilmiş qərar baytarlıq haqqında qanunvericiliyin yox, istehlakçıların hüquqlarının pozuntusu ilə əlaqələndirilmişdir. Hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinin ona münasibətdə tətbiqinin heç bir hüquqi əsası yoxdur. Belə ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin əsas anlayışlarına görə, istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxslər hesab edilir. Həmin Qanunun 3-cü maddəsinə görə, Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. Göründüyü kimi, istehlakçıların hüquqları haqqında qanunun normaları fiziki şəxs olan insanların özləri və hüquqları ilə bağlıdır ki, həmin hüquqların pozuntusu məsuliyyətə səbəb olur. Baytarlıq sahəsində fəaliyyət göstərdiyindən, istəsə belə, fəaliyyətilə bağlı istehlakçıların hüquqlarını pozmaq imkanına malik deyil və tərəfindən həmin hüquqların pozulması qeydə alınmamışdır. Belə ki, qanunun mahiyyətinə görə, "istehlakçı" anlayışı şüurlu, müəyyən hüquqlara malik şəxsi nəzərdə tutur. Yalnız həmin şəxslərə aid hüquqların pozulması məsuliyyətə səbəb olur. Hətta tərtib edilmiş Protokolda və qəbul edilmiş Qərarda kimin hüquqlarını pozduğuna dair heç nə qeyd edilməyib və istehlakçılara aid hansı normanın pozuntusu göstərilməmişdir. Yəni, istər Protokol, istərsə də Qərar formal mülahizələr əsasında tərtib edilərək, ünvanına göndərilmişdir. Bir sözlə, açıq-aşkar görünür ki, inzibati xəta hadisəsi mövcud deyil. Beləliklə, hesab edir ki, Qərarın qəbul edilməsində və həmin Qərarın qəbul edilməsinə əsas olmuş Protokolun tərtibində qərəzçiliyə və subyektivliyə yol verilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, malların geri çağırılması haqqında qərarda göstərilən idxal olunmuş “Broiler max Grower”, “X5/Grower”, “Chickyvin”, “Layer-Max”, “Serebrist Max-Star” adlı yem məhsulları artıq satıldığından qərarın icrası ondan asılı olmayan səbəbdən mümkün olmamışdır. Buna görə də şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil çıxışında inzibati xətanın törədilmədiyini əsas gətirərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. heç bir inzibati xəta törədilmədiyini şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq X2 Bakı Regional Bölməsinin nümayəndəsi üzrlü səbəblər olmadan təkrarən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə X2 Bakı Regional Bölməsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan X2 Bakı Regional Bölməsinin rəisi Zaur Kərimov tərəfindən tərtib edilmiş 18 mart 2022-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının surətindən görünür ki, vəzifəli şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 4000 (dörd min) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. İş materiallarında olan X2 Bakı Regional Bölməsinin rəisi Zaur Kərimov tərəfindən qəbul edilmiş 15 fevral 2022-ci il tarixli İD1081/22 saylı malların geri çağırılması haqqında qərarının surətindən görünür ki, X3 tərəfindən 31.01.2022-ci il tarixli, İD816/22 nömrəli, İD817/22 nömrəli, 07.02.2022-ci il tarixli İD 1080/22 nömrəli, İD 1081/22 nömrəli icazələr əsasında idxal olunmuş “Broiler max Grower”, “X5/Grower”, “Chickyvin”, “Layer-Max”, “Serebrist Max-Star” adlı yem məhsullarının 28.02.2022-ci il tarixinədək dövriyyədən çıxarılaraq anbara geri çağırılması və məhsul partiyasından nümunə götürülməsi üçün şərait yaradılmasının təmin edilməsi qərara alınmışdır. Məhkəmə şikayət ərizəsini, tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün qismən təmin edilməlidir. Hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati tənbehin tətbiq edilməsi haqqında qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Qanunvericiliyə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, X3 barəsində tərtib edilmiş qərar və protokol qanunun tələbləri pozulmaqla tərtib edilmişdir. Protokol və qərar qəbul edilərkən X1 iştirakı təmin edilməmiş, izahatı alınmamışdır. 18 mart 2022-ci il tarixində saat 14:00da Azərbaycan Respublikasının X2nin Bakı Regional Bölməsinin inzibati binasında olmasına baxmayaraq onun iştirakı olmadan, inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqları pozularaq qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. X2 Bakı Regional Bölməsinin rəisi Zaur Kərimov tərəfindən tərtib edilmiş 18 mart 2022-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının surətindən görünür ki, X3 15 fevral 2022-ci il tarixli İD1081/22 saylı malların geri çağırılması haqqında qərarın icrası ilə bağlı nəzərdə tutulan vaxt keçməsinə baxmayaraq qərarı icra etməmişdir. 15 fevral 2022-ci il tarixli İD1081/22 saylı malların geri çağırılması haqqında qərarda göstərilmişdir ki, agentliyin əməkdaşı tərəfindən ambara baxış keçirilən zaman idxal olunmuş “Broiler max Grower”, “X5/Grower”, “Chickyvin”, “Layer-Max”, “Serebrist Max-Star” adlı yem məhsulları ambarda aşkar edilməmişdir. Bu fakt artıq həmin məsulların istehlak edilməsindən xəbər verir. Mövcud olmayan malların geri qaytarılmasının mümkün olub olmaması araşdırılmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, idxal olunmuş “Broiler max Grower”, “X5/Grower”, “Chickyvin”, “Layer-Max”, “Serebrist Max-Star” adlı yem məhsulları 28.02.2022-ci il tarixinədək artıq satılmışdır. Bu səbəbdən faktiki istehlak olunan malların geri qaytarılması mümkün olmamışdır. Həmin fakt X2 Bakı Regional Bölməsi tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək belə hesab edir ki, X3 oğlunun şikayəti qismən təmin edilməli, X2 Bakı Regional Bölməsinin tərəfindən qəbul edilmiş 18 mart 2022-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün X2 Bakı Regional Bölməsinə göndərilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X3 barəsində X2 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 18 mart 2022-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün X2 Bakı Regional Bölməsinə göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar