Məhkəmə qərarları › İş №3(011)-1559/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1559/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1559/2025 03.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polis İdarəsinin 13 avqust 2024-cü il tarixli, EQ/22957332 nömrəli tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş 13 avqust 2024-cü il tarixli, EQ/22957332 nömrəli tənbeh vermə haqqında elektron qərarın ləğvinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 13 avqust 2024-cü il tarixində “Hyundai” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı yol hərəkəti qayda pozuntusuna yol verilməsinə görə xüsusi texniki vasitənin Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında barəsində EQ/22957332 nömrəli tənbeh vermə haqqında elektron qərar çıxarılmış və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (yol nişanlarının tələblərinə riayət edilməməsi) və 332.3-cü maddələri ilə (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) ümumilikdə 400 manat cərimə tətbiq olunmuşdur. 240 manat dəbbə pulu hesablanmışdır. Sözügedən tarixdə qeyd olunan nəqliyyat vasitəsi şikayətçi tərəfindən deyil, X3 tərəfindən idarə olunmuşdur. Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə müraciəti nəticəsiz qalmışdır. Belə ki, İdarənin 18 sentyabr 2024-cü il, 3-13-16/1-Q-1467xx/xx/2024 saylı qərarı ilə inzibati xəta üzrə protokol qüvvədə saxlanmışdır. Qeyd olunan qərar şikayətçiyə təqdim edilmədiyi üçün Baş X11 İdarəsinə təkrar müraciət etmişdir. Təkrar müraciəti 2024cü ilin 1 noyabr tarixində ilkin müraciətinə cavab təqdim edilməklə cavablandırılmışdır. Lakin bu qərar da şikayətçiyə vaxtında təqdim edilməmişdir. Yalnız özünün Baş Dövlət Yol Polis İdarəsinə yaxınlaşıb şifahi tələbi əsasında şikayətçiyə təqdim edilmişdir. Daha sonra Baş X11 İdarəsinə yaxınlaşıb xətanın törədilməsini sübut edən müvafiq foto və ya video görüntülərlə tanış olmaq istədiyini bildirmişdir. Təqdim edilən görüntülərdə avtomobili idarə edənin şikayətçi olmadığı aydın şəkildə görünür. Eyni zamanda sözügedən tarixdə avtomobili idarə edən şəxsin avtomobili idarə etdiyinə dair ərizə də təqdim etmişdir. Baş X11 İdarəsinin əməkdaşları da videogörüntülərdəki şəxsin şikayətçi olmadığını təsdiq etsələr də, qərarın ləğvi üçün məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Daha sonra şikayətçi məhkəmə iclasında ərizə təqdim edərək barəsində qəbul edilmiş 13 avqust 2024-cü il tarixli EQ/22957332 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında qərardan şikayətə baxılmasının nəticəsinə dair 3-13-16/1-Q-1467xx/xx/2024 saylı 18 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, X7 “Hyundai” markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qayda pozuntusu törədilməsi halı üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin Baş X11 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında X6 barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.3-cü maddələrinə əsasən EQ/22957332 saylı inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində 13 avqust 2024-cü il tarixli, EQ/22957332 nömrəli tənbeh vermə haqqında elektron qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, X4 barəsində qərar qəbul edilərkən onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsinin 13 avqust 2024-cü il tarixli, EQ/22957332 nömrəli tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. Baş Dövlət Yol Polis İdarəsinin 13 avqust 2024-cü il tarixli, EQ/22957332 nömrəli tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və şəxsin iştirakının təmin edilərək müvafiq araşdırma aparılması üçün iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar