Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1571/2023 27.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 12 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28b ünvanında xx.xx.2023-cü il tarixində saat 16:36-da “Donat mebel” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 barələrində tərtib olunmuş inzibati xəta haqqında protokola etiraz edərək tərəflərindən heç bir inzibati xəta hadisəsinin törədilmədiyini, barələrində əsassız və qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28b ünvanında yerləşən qeyri-yaşayış binasının 2000 kv/m hissəsi icarə müqaviləsi əsasında X5 istifadəsinə verilmiş və sözügedən raklamlar məhz onun tərəfindən yerləşdirilmişdir. Lakin buna baxmayaraq səlahiyyətli orqan tərəfindən protokol Şəxs MMC barəsində tərtib edilmişdir. Beləliklə o, barələrində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın etibarnamə üzrə nümayəndəsi X3 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28b ünvanında yerləşən qeyri-yaşayış binasının X7 icarəyə verildiyini bildirərək tərəflərindən tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin baş müfəttişi X8 tərəfindən tərtib edilmiş 12 aprel 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28b ünvanında xx.xx.2023-cü il tarixində saat 16:36da “Donat mebel” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı əsas gətirilərək hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Donat mebel” adlı obyektin üzərində açıq məkanda reklam yerləşdirilmişdir; X6 ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28b ünvanında yerləşən ümumi sahəsi 2806.1 kv/m olan qeyri-yaşayış binasının 2000 kv/m hissəsi icarə müqaviləsi əsasında X5 istifadəsinə verilmişdir; Azərbaycan Respublikası İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan məlum olur ki, hüquqi şəxs Şəxs MMC xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatından keçmiş, VÖEN-i **********, hüquqi ünvanı AZ1025, ünvan 2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir; Məhkəmə, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsindən daxil olmuş hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi Şəxs MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28b ünvanında xx.xx.2023-cü il tarixində saat 16:36-da “Donat mebel” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktını əsas gətirərək hüquqi şəxsin barəsində 12 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Lakin iş materiallarına əlavə olunmuş X6 ilə X10 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən göründüyü kimi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28b ünvanında yerləşən ümumi sahəsi 2806.1 kv/m olan qeyri-yaşayış binasının 2000 kv/m hissəsi icarə müqaviləsi əsasında X5 istifadəsinə verilmişdir və həmin ünvanda Şəxs MMC fəaliyyət göstərməmişdir. Odur ki, inzibati xəta haqqında protokolda qeyd olunmuş Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28b ünvanında yerləşən Şəxs adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı Şəxs MMC tərəfindən törədilməmişdir. Həmçinin qeyd edilməlidir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs MMC-nin Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28b ünvanında fəaliyyət göstərməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, hüquqi şəxs Şəxs MMC-nin barəsində əsassız olaraq 12 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMCnin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1571/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1571/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver