Məhkəmə qərarları › İş №3(011)-1571/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1571/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1571/2024 02.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi “Fides” Vəkil Bürosunun vəkili X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə inspektoru X3 iştirakları ilə, xx.xx.1988-cü il tarixdə Bakı şəhərində, doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixdə Xətai rayonu, Xocalı parkı ünvanında ucadan nalayiq ifadələr işlətmiş, həmin hərəkətlər nəticəsində xırda xuliqanlıq etmiş, həmçinin polisin qanuni tələbinə tabe olmamışdır. Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin sahə inspektoru X6 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 02 may 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin sahə inspektoru X6 protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Xətai rayonu, Xocalı parkı ünvanında tanıdığı şəxslə telefonda danışan zaman əsəbi olduğu üçün ucadan bir sıra nalayiq ifadələr işlətmiş, bu zaman ona mülki geyimdə bir nəfər şəxs yaxınlaşaraq onu sakitləşdirməyə çalışmışdır. Lakin o, əsəbi olması səbəbindən danışığına davam etmişdir. Daha sonra polis əməkdaşı onu 37-ci Poli Şöbəsinə dəvət etmişdir. Yeni ailə qurmuşdur, ailəsini təmin edən şəxs odur. Qeyd edilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Xətai RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə 11:00 radələrində inzibati ərazidə xidmət aparan zaman Xətai rayonu, Xocalı parkı ərazisində bir nəfər şəxsin telefonla danışdığını, lakin uca səslə və nalayiq ifadələr işlətdiyini eşitmiş və bu səbəbdən də həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmişdir. Bu zaman həmin vətəndaşa sakitləşməsini bildirmiş, lakin o, əsəbi halda olduğu üçün ona əhəmiyyət verməyərək nalayiq ifadələr işlətməyə davam etmiş, polisin qanuni tələbini pozmağa davam etmişdir. Həmin şəxs tərəfindən 37-ci PŞ-nə dəvət olunmuşdur. Məhkəmə iclasında müdafiəçi “Fides” Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, Şəxs Xətai rayonu, Xocalı parkı ünvanında borc məsələsi səbəbindən telefonda uca səs ilə danışaraq nalayiq ifadələr işlətmiş, ona yaxınlaşan şəxs mülki geyimdə olması səbəbindən onun tələbinə məhəl qoymayaraq danışığına davam etmişdir. Telefon danışığına davam etməsi polisə qarşı tabesizlik kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərin nəzərə alınaraq Şəxs barəsində qanunvericiliyə uyğun olaraq yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 may 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Xətai rayonu, Xocalı parkı ünvanında ucadan nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmiş, həmçinin polisin qanuni tələbinə tabe olmamışdır. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə 11:00 radələrində Xətai RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid inzibati ərazidə xidmət aparan zaman Xətai rayonu, Xocalı parkı ərazisində bir nəfər şəxsin telefonla danışdığını, lakin uca səslə və nalayiq ifadələr işlətdiyini eşitmiş və bu səbəbdən də həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmişdir. Bu zaman həmin vətəndaşa sakitləşməsini bildirmiş, lakin o, əsəbi halda olduğu üçün ona əhəmiyyət verməyərək nalayiq ifadələr işlətməyə davam etmiş, polisin qanuni tələbini pozmağa davam etmişdir. Həmin şəxs tərəfindən 37-ci PŞ-nə dəvət olunmuşdur. PŞ-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1988-ci il təvəllüdlü Şəxsdur. Tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:15-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahid ifadəsi və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, xx.xx.2024-cü il tarixdə Xətai rayonu, Xocalı parkı ünvanında ucadan nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmiş, həmçinin polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 02 may 2024-cü il tarixdən saat 11:15-dən hesablansın. Qərarın icrası Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X1 Məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar