Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1575/2022 11.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X4 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru polis leytenantı X6, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, H/şəhərcik 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 06 aprel 2022-ci il tarixdə saat 17:00 radələrində və səhər saat 07:54 radələrində qonşuların gözü qarşısında xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsi tərəfindən 11.04.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa, Şəxs 10 aprel 2022-ci il tarixdə axşam saat 23:00 radələrində Telnov küçəsi, ev 19 ünvanının qarşısında polisin qanuni tələblərinə bilərəkdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində Bakı şəhəri Xətai RPİ-nin 34cü Polis Şöbəsi tərəfindən 11.04.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, 10.04.2022-ci il tarixdə əvvəllər qeyri-rəsmi münasibətdə birlikdə yaşadığı X5 məxsus ünvan 2 ünvanına gəlmişdir. Buna səbəb isə Xuramanın hər hansı bir probleminin olub-olmaması ilə maraqlanmaq olmuşdur. Bu vaxt polis əməkdaşları ona yaxınlaşmış, rəisin göstərişi ilə şöbəyə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş və onların göstərişi ilə razılaşaraq polis şöbəsinə getmişdir. Beləliklə o, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollara etiraz edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahat verərək bildirmişdir ki, əvvəllər Sübhanla 5 il ərzində qeyri-rəsmi münasibətdə olmuşdur, Sübhan onu söyüb-təhqir edir, ölümlə hədələyir, yaşadığı mənzilin qapısını gəlib yumruqla, təpiklə döyür, qapı qıfılının içinə müxtəlif cisimlər salaraq yararsız hala gətirir, qapı gözlüyünə yapışqan maddə töküb yandırır. Bu kimi hallar artıq dəfələrlə təkrarlanmışdır, həmçinin Sübhan eyvandan mənzilə daxil olaraq onu boğmağa da çalışmışdır. Odur ki, o, Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X7 izahat verərək bildirmişdir ki, Xuraman onun qonşusudur, Xuramanın tanışı Sübhan 2021-ci ildən bu günə kimi mütəmadi olaraq ünvana gələrək ictimai asayişi pozmuşdur, Xuramanı narahat etmiş, ölümlə hədələmiş və təhqir etmişdir. Bundan başqa o, hətta digər qonşularla da mübahisə edərək əlbə-yaxa olmuşdur. O, Sübhan tərəfindən Xuramana zor tətbiq edilməsinin şahidi olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru polis leytenantı X2 Sübhan Teymur oğlunun barəsində tərtib olunmuş 11.04.2022-ci il tarixli, MN seriyalı ******* saylı və MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolların məzmunlarına uyğun izahat verərək onun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq qeyd etmişdir Şəxsla telefonla əlaqə saxlanılaraq, sonuncu şöbəyə dəvət olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru polis leytenantı X11 tərəfindən tərtib olunmuş 11.04.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 06 aprel 2022-ci il tarixdə saat 17:00 radələrində və səhər saat 07:54 radələrində qonşuların gözü qarşısında xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin sahə inspektoru polis leytenantı X11 tərəfindən tərtib olunmuş 11.04.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 10 aprel 2022-ci il tarixdə axşam saat 23:00 radələrində Telnov küçəsi, ev 19 ünvanının qarşısında polisin qanuni tələblərinə bilərəkdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 11 aprel 2022-ci il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli üçün qərarın surəti Xətai RPİ-nin 34-cü PŞ-nə göndərilmişdir; inzibati qaydada tutma haqqında 10.04.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 10 aprel 2022-ci il tarixdə saat 23:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı, zərərçəkmiş şəxsin və şahidərin izahatları, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 06 aprel 2022-ci il tarixdə saat 17:00 radələrində və səhər saat 07:54 radələrində, həmçinin təkrarən 10.04.2022-ci il tarixdə qonşuların gözü qarşısında xırda xuliqanlıq etmiş, ictimai qaydanı pozaraq zərərçəkmiş şəxs X5 qarşı təhqir edici ifadələr işlətmiş və zor tətbiq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin, məhkəmə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən, onun polis şöbəsinə gəlməkdən imtina etməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli “10” aprel 2022-ci il tarixdən saat 23:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli “10” aprel 2022-ci il tarixdən saat 23:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1575/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1575/2022
11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver