Məhkəmə qərarları › İş №3(011)-1598/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1598/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1598/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyində usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 19 fevral 2025-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş 19 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhər DYPŞ-nin inspektorunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə işə gedərkən iş yoldaşı Yəhyayev Mustafa ilə birlikdə Xətai rayonu, Zığ şossesi “Socar” YDMnin yaxınlığında **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilinin gizli xidmət apardığını görmüşlər və yaxınlaşıb gizli xidmət apardıqlarını bildirmişlər. İradlarını çəkilişlə bildirmişlər ki, sonradan onlara qarşı hər hansı bir iddia qaldırsalar təqdim edə bilsinlər videogörüntünü. İş yoldaşı maşınını YPX xidməti avtomobilinin qarşısıda saxlamışdır. Xidmət aparan əməkdaş maşının içindən əl ilə nəsə demişdir. Bir qədər sonra əməkdaş maşından düşərək onlara tərəf yaxınlaşmış və aqressiv şəkildə özünü təqdim etmədən danışmağa başlamışdır. Daha sonra YPX avtomobilinə əyləşmiş və bir müddətdən sonra onlara demişdir ki, əgər maşını yerindən tərpətsələr onlara cərimə tətbiq olunacaq. Həm o, həm də iş yoldaşı maşından kənara düşməmişlər. İş yoldaşı 102 qaynar xəttinə zəng etmişdir. Bu zaman PPX əməkdaşları yaxınlaşmışlar və onları 36-cı PŞ-nə dəvət etmişlər. Onlarda etiraz etmədən maşına əyləşib getmişlər. Beləliklə göstərilənlərə əsasən o, barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X4 protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2025-ci il tarixli protokol tərtib olunduğunu bildirərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış BBPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyü yol patrul xidməti inspektoru, polis baş serjantı X3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə xüsusi təyin olunmuş yerdə PPX maşınını elə dayandırmışlar ki, kamera yolda sürət həddini aşan nəqliyyat vasitələrini çəkə bilsin. Həmin vaxt yolda hərəkətdə olan nəqliyyat vasitələrin birindən bir nəfər düşüb yolun ortasında onları çəkməyə başlamışdır. o da öz növbəsində onlara yaxınlaşıb nə məqsədlə videoçəkiliş etdiklərini soruşduqda, sürücü ona bildirmişdir artıq 102 xidmətinə zəng edərək onları şikayət etmişdir. Şəxs onlara heç bir müqavimət göstərməmiş və onların bütün tələblərini yerinə yetirmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X1 izahatında bildirmişdir ki, övladını məktəbə aparanda PPX avtomobilinin hadisə baş verən ərazidə dayandığını görmüşdür. Daha sonra o, iş yoldaşını götürmüş və yolda hərəkətdə olan zaman yeidən PPX avtomobilini görmüşdür. Həmin nəqliyyat vasitəsi yolda gizli xidmət aparmaq məqsədilə elə dayanmışdır ki, sürətli idarə edən nəqliyyat vasitələrinin sürücülərini saxlasın. O da telefonla çəkiliş etmişdir ki, sübut etsin ki, onlar Patrul xidmətinin göstərişlərini pozurlar, belə ki onlar əsasən sürücülərin onları görə biləcəkləri yerdə dayanmalıdırlar. Daha sonra polis əməkdaşı xüsusi təyinatlı nəqliyyat vasitəsindən düşərək onları yaxınlaşmış və hədə-qorxu gələrək özünü təqdim etməmişdir. Həmçinin onlara bildirmişdir ki, idarə etdikləri nəqliyyat vasitəsinə baxış keçirəcəklər və onları 36-cı Polis Şöbəsinə aparacaqlar. O, 102 xidmətinə zəng edərək onları şikayət etmişdir və ona bildirmişlər əgər maşını yerindən tərpətsə cərimələnəcək. Bundan sonra onlar 36-cı PŞ-nə aparılmışlar və tərəflərindən heç bir tabesizlik göstərilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı Ələsgərov Elnur oğlu tərəfindən tərtib edilmiş 19 fevral 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhər DYPŞ-nin inspektorunun qanuni tələbinə tabe olmamaqla Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; inzibati qaydada tutma haqqında 19 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 19 fevral 2025-ci il tarixdə, saat 08:50-də tutulmuşdur. elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. İş materiallarında Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasından bəhs etsə də, həmin fakt iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Həmin protokoldan Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması və həmin tabe olmamanın nədə ifadə olunmasını müəyyən etmək qeyri-mümkün olmuşdur. Həmçinin, məhkəmə iclasında hadisənin bilavasitə şahidi olmuş BBPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyü yol patrul xidməti inspektoru, polis baş serjantı X3 izahatında bildirmişdir ki, Şəxs onlara heç bir müqavimət göstərməmiş və onların bütün tələblərini yerinə yetirmişdir. Şərh olunan əsaslara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar