Məhkəmə qərarları › İş №3(011)-1612/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1612/2024

07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1612/2024 07.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Xətai rayon DYPŞ-nin inspektoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1994-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhər Xətai Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, 12 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsində «Nissan X Trail» minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə C.Həsənov küçəsi Xəzər dairəsinin yaxınlığında hərəkətdə olan Chevrolet malibu markalı **-GD-*** dövlət qeydiyyat nişanlı və dayanmış vəziyyətdə olan Volksvagen Passat markalı **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Bakı şəhər Xətai rayon DYPŞ-nin inspektoru X1 izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 01:45-də DİN-in ƏÇPA-nın 3-cü PB-yə məxsus Fiat Doblo markalı **-PX-*** dövlət qeydiyyat nişanlı 2436 çağırışlı avtomobildə xidmət aparan ƏÇPA-nın əməkdaşları A.Ələsgər küçəsində Nissan X Trail markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün nizamsız və işıqları sönülü halda nəqliyyat vasitəsini idarə etdiyi üçün yaxınlaşıb işıqların yandırılmasını bildirmişlər. Həmin sürücü sola manevr edərək xidməti avtomobilin qabaq sağ qanadını qabaq sol qanadı ilə vurub dayanmadan əks istiqamətdə hərəkət zolağına çıxaraq avtomobili idarə etmişdir. ƏÇPA-nın əməkdaşları efir vasitəsilə YPX-nın əməkdaşlarını köməyə çağırmış və uzaqdan həmin avtomobilin hərəkətini müşahidə etmişlər. Qeyd edilən nəqliyyat vasitəsi Xətai rayonu, Əbilov küçəsində SOS uşaq evinin yaxınlığında məhəlləyə girib uzaqlaşmışdır. Təxminən 5 dəqiqədən sonra Nissan X Trail markalı avtomobilin sürücüsü C.Həsənov küçəsi Xəzər dairəsinin yaxınlığında hərəkətdə olan Chevrolet Malibu markalı **-GD-*** dövlət qeydiyyat nişanlı və dayanmış vəziyyətdə olan Volksvagen Passat markalı **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Nissan X Trail markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili hadisə yerində qoyaraq hadisə yerindən yayınmışdır. Hadisənin baş verdiyi vaxt Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Bununla bağlı Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edərək, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 12 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsində «Nissan X Trail» minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə C.Həsənov küçəsi Xəzər dairəsinin yaxınlığında hərəkətdə olan Chevrolet malibu markalı **-GD-*** dövlət qeydiyyat nişanlı və dayanmış vəziyyətdə olan Volksvagen Passat markalı **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hazırda törətdiyi əməldən peşmandır, bir daha belə hala yol verməyəcəyinə söz verir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Xətai Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 16 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 aprel 2024-cü il tarixdə idarə etdiyi avtomobil ilə hərəkətdə olarkən, manevr etmə qaydalarını pozmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq, yol nəqliyyat hadisəsi törətmiş və bununlada barəsində İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə 12 aprel 2024-cü il tarixli aktdan görünür ki, Nissan markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa yerləşdirilmişdir. 15 aprel 2024-cü il tarixli cinayət əməlini törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, dalan 6, ev 9 B-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar