Məhkəmə qərarları › İş №3(011)-1615/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1615/2020

29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1615/2020 29.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, ixracatçı Azərbaycan Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfindən “SOCAR Georgia Gas” LLC-nin ünvanına göndərilən təbii qaz malının rəsmiləşdirilməsi ilə bağlı neft şirkətinin müvafiq idarəsi tərəfindən xx.xx.2019-cu il tarixində **********0453 saylı natamam bəyannamə təqdim edilmişdir. Lakin yuxarıda göstərilən natamam bəyannamə üzrə müvafiq gömrük bəyannaməsinin təqdim edilməsi üçün nəzərdə tutulan müddətin xx.xx.2019-cu il tarixdə başa çatmasına baxmayaraq **********7041 saylı gömrük bəyannaməsi xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi barəsində xx xxxx 2020-ci il tarixli 13000-0497/20 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfindən müvafiq gömrük bəyannaməsinin gec təqdim olunması gömrük yığımlarına ayrılmış vəsaitin zamanında köçürülməməsi səbəbindən baş vermişdir. Qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını, tərəflərin izahatını araşdıraraq hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinin tərkibi vardır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 156.3-cü maddəsinə əsasən bəyannaməçi gömrük bəyannaməsini üzrlü səbəblərə görə tam şəkildə doldura bilmədikdə, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada natamam bəyannamənin verilməsinə icazə verirlər. Azərbaycan Respublikası NazirlərKabinetinin xx.xx.2014-cü il tarixli 263 №li “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın 6.4cü bəndinə əsasən bəyannaməçi malların natamam bəyannamə əsasında gömrük sərhədindən keçirilməsinə icazə almaq üçün gömrük orqanına müraciət edir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən icazə onun alınması üçün bu Qaydaların 6.2-ci bəndində göstərilmiş tələblərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir və natamam bəyannamə rəsmiləşdirildikdən sonra 30 (otuz) gün müddətində həmin mallara dair gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsi ilə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Məhkəmə hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar