Məhkəmə qərarları › İş №3(011)-1615/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1615/2022

29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1615/2022 29.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 11.04.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 11.04.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 11.04.2022-ci il tarixdə mülkiyyətində olan **-DB-*** qeydiyyat nişanlı “Kia Optima” markalı nəqliyyat vasitəsini *5959 ayıq sürücü xidmətinin əməkdaşı İlkin adlı şəxs idarə edərək ünvan 1 ünvanına qədər sürmüşdür. Sürücü əvvəlcə yanında olan Amid adlı dostunu Xətai rayonu, Elçin Əliyev küçəsinə düşürmüş daha sonra onu ünvana çatdırmışdır. Sürücünü dostu sifariş verdiyi üçün SMS onun telefonuna gəlmişdir. O, avtomobili park etdikdən sonra şəxsi əşyalarını götürən zaman YPX əməkdaşları yaxınlaşaraq alkoqol qəbul edib-etmədiyini soruşmuşlar. Alkoqol qəbul etdiyini bildirəndən sonra, niyə avtomobili idarə etdiyini soruşmuşlar. O, avtomobili sürücünün idarə etdiyini bildirmişdir. Onlar ona inanmadıqlarını və video görüntü olduğunu bildirmişlər. Lakin görüntünü tələb etsə də, təqdim etməmişlər, o, sürücü ilə əlaqə saxlayaraq geri çağırmış, onlar buna zərurət olmadığını demişlər. Lakin tibbi müayinədən keçmək üçün məntəqəyə getməli olduğunu demişlər. O, alkoqol qəbul etdiyini etiraf etmiş, lakin avtomobili sürücünün idarə etdiyini bildirsə də, buna məhəl qoymamışlar. Tibbi müayinədən sonra protokola qeyd yazmaq istədiyini bildirmişdir. Sabah idarəyə yaxınlaşaraq protokolla tanış olub qeydlər apara biləcəyini söyləmişlər. İdarəyə yaxınlaşdıqda isə 11.04.2022-ci il tarixli TP ******* saylı qərarı təqdim etmişlər. Həmin qərarla AR İXM-nin 329.3 və 333.1-ci maddələri əsasında barəsində cərimə inzibati tənbeh növü seçilmişdir. Həmin ərazidə Respublika Neyrocərrahiyyə Xəstəxanasının yaxınlığı Xudu Məmmədov 2 ünvanında Təhlükəsiz şəhərə məxsus TŞ 5-018 və Ramiz Quliyev 4 ünvanında TŞ 5-095 nəzarət kameraları vardır. 11.04.2022-ci il tarixdə saat 00:30-00:40 radələrindəki video görüntülər təqdim olunsa avtomobili sürücünün idarə etdiyi aşkar olacaqdır. Beləliklə o, barəsində qəbul edilmiş 11.04.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayət ərizəsində qeyd etdikləri ilə eyni məzmunda izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, 11.04.2022-ci il tarixdə dostu Kənan Aşirovla birlikdə spirtli içki qəbul etdikləri üçün ayıq sürücü xidmətindən istifadə edərək sürücü sifariş verərək yaşadıqları ünvanlara getmişlər. Həmin tarixdə Kənan Aşirov tərəfindən ona məxsus nəqliyyat vasitəsi sərxoş vəziyyətdə idarə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, ayıq sürücü xidmətində fəaliyyət göstərir. 11.04.2022-ci il tarixdə qəbul etdiyi sifariş əsasında **-DB-*** qeydiyyat nişanlı “Kia Optima” markalı nəqliyyat vasitəsini idarə edərək Kənan Aşirov və Amid Rüstəmovu yaşadıqları ünvana çatdırmışdır. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 11.04.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 “Kia Optima minik” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozması, nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 329.3, 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə - otuz manat məbləğində cərimə edilir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 11.04.2022-ci il tarixli, TP seriyalı ******* qərarla X1 “Kia Optima minik” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozması, nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 329.3, 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və ona 400 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 11.04.2022-ci il tarixli, TP seriyalı ******* qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X3 hər biri ayrıayrılıqda ifadələrində qeyd etmişlər ki, 11.04.2022-ci il tarixdə X4 tərəfindən “Kia Optima minik” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sərxoş vəziyyətdə idarə olunmamışdır, belə ki, sonuncu ayıq sürücü xidmətindən istifadə edərək yaşadığı ünvana getmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, iş materiallarını araşdıraraq, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 11.04.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 11.04.2022-ci il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar