Məhkəmə qərarları › İş №3(011)-1629/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1629/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1629/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə 31 mart 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 31.03.2022-ci il tarixdə saat 17:48də ünvan 1 ünvanında tibbi maskadan istifadə olunmamaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması faktı aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 barələrində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz edərək bildrimişdir ki, inzibati xəta haqqında protokol ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, sübutlarla əlaqədar qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş sübut kimi 2 nəfər işçinin maskadan düzgün istifadə etməməsi barədə 2 ədəd fotoşəkil, DVX əməkdaşları arasında imzalanmış sərbəst akt və 2 nəfər işçinin şəxsiyyət vəsiqəsinin surətidir. Bununla da 2 nəfər işçinin maskadan düzgün istifadə etməyərək müştərilərə xidmət göstərməsinə görə hüquqi şəxs inzibati xəta törədilməsində təqsirləndirilir. Hazırki iş üzrə həmin işçilərin maskadan düzgün istifadə etməyərək obyektdə xidmət göstərməsindən hüquqi şəxsin hansısa xeyir götürməsi və ya hüquqi şəxsin hansısa marağının qorunmasına qiymət verilməli idi. Yəni hüquqi şəxsin əlavə xeyri və ya marağı ilə işçilərin maskanı düzgün taxmaqla və ya taxmamaqla xidmət göstərməsi arasında səbəbli əlaqənin mövcud olubolmaması araşdırılmalı idi. Hüquqi şəxsin inzibati xəta törətməsinə dair sübutlar kifayət etmir, yaranmış ziddiyyətli məqamlar onun xeyrinə həll edilməlidir. Yaranmış şübhələr və ziddiyyətlər hər bir halda İXM-in 8-ci maddəsinə əsasən şəxsin xeyrinə həll edilməlidir. Göstərilən inzibati xətanın hüquqi şəxs tərəfindən törədilməsinə kifayət qədər sübut toplanılmamışdır. Hüquqi şəxs sübut etməli deyildir ki, inzibati xətanı törətməyib. Hüquqi şəxsin təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilməsi yol verilməzdir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Yuxarıda sadalanan normaların hazırkı iş üçün əhəmiyyəti bundan ibarətdir ki, işçilərin burun nahiyəsində maska olmadan obyektdə olması və iş görməsi müqabilində hüquqi şəxsin hər hansısa əlavə xeyri və ya marağı qorunmur. İşçi maska taxsa da, taxmasa da məhsullar eyni qiymətə satılır. Həmin işçilər əmək funksiyalarını yerinə yetirərkən, maska taxsa da, taxmasa da, eyni işi görmüş olur. Həmçinin işçilər maskanı düzgün taxsa da, taxmasa da, ayın sonunda ona verilən əmək haqqı eyni olacaqdır. İşçinin maskadan düzgün istifadə etməməsi ilə göstərdiyi xidmət nəticəsində hüquqi şəxs hansısa konkret xeyir əldə etməsi və ya hansısa konkret marağının qorunmasına dair nə səlahiyyətli orqan protokolda belə bir əsaslandırma aparmamış, sübuta istinad etməmiş, nə də iş materiallarına belə bir sübut əlamə etməmişdir. Belə bir sübutlar mövcud deyildir. Əksinə, işçilər maska taxıb xidmət göstərməsi və ya düzgün maska taxmayıb xidmət göstərməsi arasındakı fərqlə, hüquqi şəxsin hər hansı bir konkret xeyri və ya onun hər hansı bir konkret maraqlarının qorunması arasında səbəbli əlaqə yoxdur. İşçinin və ya vəzifəli şəxsin törətdiyi inzibati xətanın, İXM-nin 18.2-ci maddəsindəki ümumi və preyudisial şərtə münasibətdə hüquqi şəxsin inzibati məsuliyyətinə səbəb olacaq səbəbli əlaqə yoxdur. Eyni xidməti işçilər maska taxaraq da göstərə bilər. İşçinin maska taxmaqla və ya taxmamaqla xidmət göstərməsinin hüquqi şəxsin xeyri və ya maraqları baxımından hər hansı bir fərqi yoxdur. Maska taxmaqla işçilərin göstərdiyi xidmətin hüquqi şəxsin xeyrinin azalmasına və ya maraqlarına zidd olmasına gətirib çıxarması üçün əsaslandırılma aparıla bilmir. Bu cür fəaliyyət məhz maska taxmadan və yalnız bu cür inzibati xətaya vol verilməklə həyata keçirilməsi mümkün olsaydı, digər halda bu cür fəaliyyət mümkünsüz olsaydı və ya maska taxmadan fəaliyyət göstərmək nəticəsində hüquqi şəxs hər hansısa əlavə üstünlük və ya xeyir əldə etsəydi, onda belə bir əsaslandırma aparmaqla, hüquqi şəxsin bu xeyrinin mövcudluğu sübut olunmaqla, hüquqi şəxsi inzibati məsuliyyətə cəlb edə bilərdi. Bununla da işçilər maska taxmadan xidmət göstərirsə, bu hal məhz həmin işçilərin özünün inzibati məsuliyyətinə səbəb ola bilər və ya işçilərin maska taxmasına nəzarəti həyata keçirən vəzifəli şəxsin özünün inzibati məsuliyyətinə səbəb ola bilər. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ücün lazım olan məhz bu cür sübutetmə, məhz hüquqi şəxsə münasibətdə inzibati xəta tərkibinin bütün əlamətlərinin müəyyən edilməsində əhəmiyyət kəsb edir. Hətta İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Göründüyü kimi hətta hüquqi şəxs inzibati tənbeh ediləndə də, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi mütləq nəzərə alınası hallardır. Əgər hüquqi şəxsin həmin inzibati xəta nəticəsində hər hansı bir xeyir əldə etməsinə dair, bu xeyirin həcmi barədə sübut yoxdursa və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə sübut yoxdursa, həmin hüquqi şəxs heç tənbeh də edilə bilmir. Səlahiyyətli orqanın əməkdaşının obyektin içərisində işçilərin maskadan düzgün istifadə edib-etməməsi ilə bağlı çəkdiyi fotoşəkillər, hüquqi şəxsin İXM-nin 211.3-cü maddəsi ilə inzibati məsuliyyətini yaradan sübut kimi o halda istifadə edilə bilər ki, səlahiyyətli orqan həmin sübuta istinad edib, hüquqi şəxsin hansısa xeyri əldə etməsini və ya maraqlarının qorunmasını təsdiq etsin və bundan sonra protokol tərtib edə bilər. Lakin səlahiyyətli orqan inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi barədə ümumiyyətlə sübut təqdim etməmişdir. Hüquqi şəxsin inzibati məsuliyyətinin yaranması üçün İXM-nin 18.2-ci maddəsində mütləq şərt müəyyən edilmişdir. Beləliklə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilirsə, İXM-in 18.2-ci maddəsində sadalanmış şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır ki, həmin inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyəti yaransın. Həm də həmin şəxslərin törətdiyi ixtiyari bir inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyət daşımır. Həmin şəxslərin törətdiyi o, inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin şəxslərin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Lakin belə bir əsaslandırma iş materiallarında ümumiyyətlə aparılmamışdır. Ehtimallara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bundan əlavə hazırkı iş üzrə birinci olaraq həmin fiziki və vəzifəli şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır. Bundan sonra araşdırılmalıdır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmişdir, ya yox? Belə bir vəziyyətdə nəzərə alınmalıdır ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yəni hər hansı bir şəxsin inzibati xəta törətməkdə təqsirli bilinməsi barədə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı yoxdursa, həmin şəxsi inzibati xəta törətməkdə təqsirli bilinə bilməz. Hazırkı iş üzrə hüquqi şəxsin İXM-in 18.2.1, 18.2.2,18.2.3,18.2.4-cü maddələrində sadalanmış vəzifəli şəxsləri və ya işçisinin inzibati xəta törətməsinə dair qərar olmadığından, həmin şəxslərin inzibati xəta törətməsi sübut olunmuş hesab edilmir. Belə bir halda vəzifəli şəxslərinin və ya işçisinin mövcud olmayan inzibati xətasına görə hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. Həm də şəkildən görünür ki, işçilərinin də üzərində maskası vardır. Bu hal onu göstərir ki, işçilərin maska taxmasına nəzarət edən şəxs bu sahə üzrə öz vəzifələrini yerinə yetirib, işçiləri maska ilə təmin edib. Artıq işçilərin maskadan düzgün istifadə etməməsinə görə nə hüquqi şəxs, nə də həmin işçilərə nəzarəti həyata keçirən İXM-nin 18.2.1, 18.2.2, 18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxs məsuliyyət daşıya bilməz. İşçinin maskadan düzgün istifadə etməməsi, əslində hüquqi şəxsin marağının qorunması üçün deyil, bu halda hüquqi şəxsin marağı pozulmuşdur. Hüquqi şəxsin işçilərinin fərdi qoruyucu vasitələrdən (maska) istifadə etmədən xidmət göstərməsi hüquqi şəxsin maraqlarının birbaşa pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş qaydalara əməl edilməsinə nəzarət etmək, bu qaydalara əməl olunmasını təşkil və təmin etmək, o cümlədən nəzarət etmək həmin məhdud məsuliyyətli cəmiyyətin vəzifəli şəxslərinin vəzifəsi hesab edilir. İşçinin və ya həmin işçilərə nəzarət eləməli olan vəzifəli şəxsin hüquqi şəxsin maraqlarının pozuntusuna yönəlmiş inzibati xətasına görə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, işçilərin məhz fərdi qoruyucu vasitədən istifadə etməməklə xidmət göstərməsi ilə işçilərin özünün törətdiyi inzibati xətanın nəticəsinin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi sübut olunmur. Həmçinin qeyd edirik ki, hazırkı protokol məhz hüquqi şəxs barəsində tərtib edilmişdir. Həmin protokol fiziki şəxs və ya vəzifəli şəxs barəsində tərtib edilmədiyindən, bununla da fiziki şəxs və ya vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmadığından, hazırkı icraatın yekunu olaraq fiziki şəxs və ya vəzifəli şəxs barəsində inzibati tənbehvermə qərarı da qəbul edilə bilməzdi. Digər tərəfdən iş materiallarına əlavə edilmiş foto şəklin hansı tarixdə, hansı mağazada, hansı xüsusi texniki vasitədən istifadə edilərək çəkildiyi bəlli deyil. Bu da faktla bağlı şübhəli məqamdır. Yuxarıda qeyd edildiyi kimi, şəxsin inzibati xətanı törətməsi barəsində bütün şübhələr onun xeyrinə həll edilməlidir. Odur ki, iş materiallarındakı foto şəkillərin sübut kimi istifadəsi qəbul edilməzdir. Belə olan halda isə, yalnızca qarşı tərəfin əməkdaşları arasında tərtib olunmuş birtərəfli formal akta və İXM-in 100-cü maddələrinin tələblərinin pozulması ilə tərtib edilmiş edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati məsuliyyət cəlb etmə barədə qərarın qəbul olunması mümkün deyildir. İş materiallarına əlavə edilmiş (BKSİBİ) dvm X5 və X10 tərəfindən tərəfindən tərtib edilmiş Aktda doğru olmayan məlumatlar yer almaqdadır. Belə ki, Aktda qeyd edilir ki, vergi ödəyicisinin obyektdə olmaması səbəbindən onunla mobil telefonla törədilmiş inzibati xəta barədə məlumatlandırılması məqsədilə əlaqə saxlanılmış, İXM-nin müvafiq maddələrinə uyğun olaraq hüquq və vəzifələri izah edilmiş, həmçinin vergi ödəyicisi obyektə dəvət olunmuşdur. Əvvəla “vergi ödəyicisi” dedikdə, Şəxs MMC nəzərdə tutulur ki, hüquqi şəxs qeyri-maddi məfhum olduğundan obyektə gələ bilməzdi. Belə görünür, BKSİBİ əməkdaşları hər obyektə gedəndə bu tip standart aktı iş yerlərinə qayıtdıqdan sonra öz aralarında tərtib edib imzalayırlar, əslində mağazada olan heç kəsə bu barədə məlumat vermirlər, telefonla da heç kəslə əlaqə saxlamayıblar. Əlaqə saxlanılsaydı, bu barədə sübutlar iş materiallarına əlavə olunardı. Odur ki, o, göstərilənləri nəzərə alaraq barələrində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayənsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin əməkdaşı X5 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 31 mart 2022-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, 31.03.2022-ci il tarixdə saat 17:48-də ünvan 1 ünvanında tibbi maskadan istifadə olunmamaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması faktı aşkar edilmişdir; 31 mart 2022-ci il tarixli aktdan görünür ki, 31.03.2022-ci il tarixdə saat 17:48-də ünvan 1də yerləşən Şəxs MMC-yə məxsus olan Şəxs adlı mağazada Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərinin pozulması faktı aşkar olunmuşdur. Belə ki, vergi ödəyicisinə məxsus obyektdə tibbi qoruyucu maskadan istifadə edilmədən xidmət göstərilmiş və bu fakt çəkilmiş fotoşəkillərlə öz təsdiqini tapmışdır. Vergi ödəyicisi ilə obyektdə olmaması səbəbindən telefonla əlaqə saxlanılmış, hüquq və vəzifələri izah edilmişdir. Aşkar edilmiş pozuntularla bağlı vergi ödəyicisinin iştirakı olmadan, vergi ödəyicisinin obyektində X4 iştirakı ilə 31 mart 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən də vergi ödəyicisinin tərtib edilmiş protokolu imzalaması və bir nüsxəsini alması mümkün olmamışdır; iş materiallarında olan fotoşəkillərdən görünür ki, mağaza əməkdaşları tibbi maskadan düzgün istifadə etməmişlər; iş materiallarında olan əmək müqaviləsi bildirişləri barədə çıxarışdan görünür ki, X3 08.12.2020-ci il tarixdən Şəxs MMC-də çalışır; iş materiallarında olan əmək müqaviləsi bildirişləri barədə çıxarışdan görünür ki, X7 16.04.2020-ci il tarixdən Şəxs MMC-də çalışır; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli, 3(006)-3535/2021 saylı qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 189 nömrəli qərarından görünür ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantintəşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar: təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli, sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli, dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli, dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və idarələrə sanitariya epidemioloji vəziyyət, radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarına əsasən “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantintəşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən karantin rejimi 2022-ci il 1 may saat 06:00-dək uzadılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 55,114, 115, 128, 130 maddələrini rəhbər tutaraq, məhkəmə

qərara a l d ı:

Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar