Məhkəmə qərarları › İş №3(011)-1632/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1632/2021

16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1632/2021 16.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx xxxxxxxx 1972-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Abşeron rayonu, Fatmayı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, X5 xx xxxxxx 2020-ci il tarixdə, saat 14 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 2944 saylı binanın 14-cü mərtəbəsinin dəhlizində qapı qonşusu Şəxs ona evinə tanımadığı şəxsləri gətirməsinə irad tutması ilə əlaqədar aralarında yaranmış mübahisə zamanı sonuncunu bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyərək ağrı simptomu, hərəkət məhdudluğu və sağ dirsək sümüyünün arxaya yarım çıxdığı ilə qeyd olunan sağ mil-bilək oynağı nahiyəsində şişkinli qançır və sağ əlin arxa səthində qançır kimi, ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa qəsdən yüngül zərərvurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Həmçinin baş vermiş hadisə zamanı Şəxs X4 vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə barəsində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Xətai rayon prokuroru, baş ədliyyə müşaviri X6 tərəfindən xx xxxx 2021-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul edilərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, X5 5 ilə yaxındır ki onun yaşadığı binaya köçmüşdür, onun qapı qonşusudur. Günayın evinə hər gün müxtəlif adamlar gəldiyini görmüş, bu hallar onu özündən çıxarmışdır. Dəfələrlə Günaya evə adam gətirməyi ilə bağlı öz iradlarını bildirmişdir, lakin o, bundan nəticə çıxarmamışdır. Son iki il ərzində Günayla münasibəti olmamışdır, onunla salamlaşmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində evdən çıxan zaman Günayı yaşadığı mərtəbənin dəhlizində görmüşdür. O, yenidən irad bildirərək, qapısının ağzına heç kimi gətirməməyini bildirmişdir. Amma Günay yenidən onun sözlərinə fikir verməmiş, bu söhbət əsnasında aralarında münaqişə yaranmışdır. Bu zaman Günay dabankeşi götürərək onun belinə, baş nahiyəsinə dəfələrlə zərbələr endirmiş, əli ilə özünü qoruyan zaman Günay əlinə də vuraraq ona xəsarət yetirmişdir. O, Günayın əlindən qurtulmaq üçün əl-qol hərəkətləri ilə özündən uzaqlaşdırmağa çalışmış, Günayı vurmamış və ona hər hansı xəsarət yetirməmişdir. Ona görədə məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, Şəxs ona və azyaşlı uşaqlarına qarşı hədə-qorxu, nalayiq söyüşlər, qadına yaraşmayan hərəkətlər etməklə, dəfələrlə onu döymüşdür. O, onun haqsız hərəkətlərinə dözsə də, ona qarşı həddini dəfələrlə aşmışdır. Uşaqlarını və onu küçə söyüşləri ilə təhqir etmişdir, onu dəfələrlə şərləmişdir. xx.xx.2021-ci ildə Xətai Rayon Məhkəməsi tərəfindən onun heç bir günahı olmadığına görə işinə bəraət verilmişdir. Şəxs bundan qəzəblənərək yaşadığı ünvana gələrək qapısına təpik vurmuş, azğınlıq edərək ondan hər vasitə ilə qisas alacağını bildirmiş, onu və uşaqlarını balta ilə öldürməklə hədələmişdir. Onları mənəvi streslərə, əzab-əziyyətlərə məruz qoymaqla böyük qorxular yaşadır. Onun və ailəsinin şərəf və ləyaqətini alçaldır. Öz yaşadıqları mənzildə rahat yaşaya bilmirlər, o, asayiş qaydalarını pozur və azğınlıq hərəkətlərini davam etdirir. Odur ki o, Şəxs bağışlamadığını bildirmiş və məhkəmədən onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X3 xx xxxxxx 2020-ci il tarixli, 1237 saylı ekspert rəyindən görünür ki, X2 bədənində müəyyən edilmiş xəsarətlər – sağ əlin İİİ barmağı və sol əl nahiyələrində qançırlar, sol əlin ovuc səthi və sağ əlin V barmağı nahiyələrində sıyrıqlar küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdikləri izahatları ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında Günayın əlindən qurtulmaq üçün əl-qol hərəkətləri ilə özündən uzaqlaşdırmağa çalışdığını, Günayı vurmadığını və ona hər hansı xəsarət yetirmədiyini qeyd etsə də, həmin izahat həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, tətbiq ediləcək inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən hesab edir ki, Şəxs barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar