Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1652/2022 27.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 06.08.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 06.08.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, barəsində 06.08.2021-ci il tarixdə Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin sahə inspektoru X9 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında həmin polis bölməsinin rəisi X7 tərəfindən MN ******* saylı, 06.08.2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən, o, AR İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat inzibati cərimə olunmuşdur. Hesab edir ki, həmin inzibati tənbeh vermə haqqında qərar tam qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, sözügedən protokolda inzibati xətanın konkret olaraq nədən ibarət olması göstərilməmiş və həmin inzibati xətanın 29.07.2021-ci il tarixdə baş verdiyi qeyd edilmişdir. Buna baxmayaraq inzibati xəta haqqında protokol guya baş verən inzibati xəta hadisəsindən 8 gün sonra, yəni 06.08.2021-ci il tarixdə tərtib edilmiş və həmin tarixdə də inzibati məsuliyyətə cəlb edilməyilə bağlı qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmasından ümumiyyətlə xəbəri olmamış, bu barədə ona hər hansı qaydada məlumat verilməmiş, inzibati məsuliyyətə cəlb edilməyi barədə qərar iştirakı olmadan qəbul edilmiş və nəticədə müdafiə hüquqları pozulmuşdur. İnzibati qaydada cərimə olunmağı barədə yalnız 01.04.2022-ci il tarixdə, təsadüf nəticəsində egov.az elektron hökümət portalına baxdıqda məlumat almışdır və dərhal bununla bağlı sözügedən polis bölməsinə müraciət etmişdir. Müvafiq protokolun və qərarın surəti ona yalnız 04.04.2022-ci il tarixdə qeyri-rəsmi qaydada təqdim edilmişdir. Protokolu tərtib edən sahə inspektoru T.Abbaslıdan şifahi qaydada əldə etdiyi məlumata əsasən həmin protokol 29.07.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 2315-ci məhəllə ünvanında yerləşən “Tural” Şadlıq Evində baş verən toy mərasimi ilə bağlı tərtib edilmişdir. Lakin qanunvericiliyin tələbləri pozularaq bununla bağlı inzibati xəta haqqında protokolda hər hansı qeyd aparılmamış, inzibati xətanın nədən ibarət olması ümumiyyətlə göstərilməmişdir. Həmçinin o, inzibati xətanın baş verdiyi tarixdə ümumiyyətlə həmin müəssisədə işləməmiş, onunla həmin müəssisə arasında 02.08.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış və əmək fəaliyyətinin icrasına başlamışdır. Göründüyü kimi, inzibati xəta haqqında protokol tərtib edilərkən çoxsaylı nöqsanlara yol verilmiş, protokolda inzibati xətanın baş verdiyi yer və mahiyyəti göstərilməmiş, protokol inzibati xətanın baş verdiyi vaxtdan yalnız 8 gün sonra tərtib edilmiş (qanunvericiliyə əsasən ən gec 2 gün ərzində tərtib olunmalıdır), inzibati xəta baş verdiyi vaxt onun həmin müəssisə ilə heç bir əlaqəsi olmamış, barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən ona hər hansı qaydada məlumat verilməmiş, habelə inzibati tənbeh vermə haqqında qərar iştirakı olmadan çıxarılmış, inzibati cərimə olunmağı barədə məlumatı yalnız 01.04.2022-ci il tarixdə əldə etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, qanunvericiliyin tələbləri pozulmaqla barəsində qəbul edilmiş əsassız qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa yuxarıda qeyd olunan qərardan tam məlumatsız olmuşdur. Belə ki, inzibati xəta haqqında protokol xəbəri olmadan tərtib olunmuş, bu barədə ona hər hansı məlumat verilməmiş, habelə inzibati xəta haqqında qərar da iştirakı olmadan qəbul edilmişdir. İnzibati qaydada cərimə olunmağı barədə yalnız 01.04.2022-ci il tarixdə, təsadüf nəticəsində e-gov.az elektron hökümət portalına baxdıqda məlumat almış və dərhal bununla bağlı sözügedən polis bölməsinə müraciət etmişdir. Müvafiq protokolun və qərarın surəti yalnız 04.04.2022-ci il tarixdə qeyri-rəsmi qaydada təqdim edilmişdir. Həmin qərardan Xətai Rayon Məhkəməsinə verdiyi şikayət məhkəmənin 06.04.2022-ci il tarixli qərarı ilə şikayət vermə müddətinin buraxılması əsası ilə geri qaytarılmışdır. Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin MN ******* saylı, 06.08.2021-ci il tarixli qərarından şikayət verilmə müddətinin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X8 şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Xətai RPİ 34-cü Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Xətai RPİ 34-cü Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə X4 qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətini nəzərdən keçirib hesab edir ki, müddət üzrlü səbəbdən buraxıldığından bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 06.08.2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada X5 rəsmi qaydada verilməsi iş materialları ilə təsdiq olunmamışdır. Buna görə də qərardan şikayət vermə müddəti bərpa edilməlidir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 06.08.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 29.07.2022-ci il tarixdə X2 Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 06.08.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat cərimə edilmişdir. Hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Xətai RPİ 34-cü Polis Bölməsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. İş materialında olan 06.08.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və Xətai RPİ 34-cü Polis Bölməsinin rəisi Məhşur Hüseynov tərəfindən qəbul edilmiş 06.08.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, işə baxılarkən müəyyən edilmiş hallar, xətanın mahiyyəti və əməlin nədən ibarət olması, törədildiyi yer və vaxt,xətanı təsdiq edən sübütlar qərarda və protokolda göstərilməmişdir. X3 fiziki şəxs kimi göstərilsə də, vəzifəli şəxs kimi cərimələnmişdir. Şəxsin vəzifəli şəxs statusunda olmasını təsdiq edən sənədə protokolda və qərarda istinad edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 barəsində heç bir araşdırma aparılmadan, heç bir sübuta istinad edilmədən vəzifəli şəxs kimi inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və əsassız olaraq barəsində 4000 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 115.1.8-ci maddəsinə əsasən qərardan şikayət verilməsi müddəti və qaydası qərarda göstərilməlidir. Xətai RPİ 34-cü Polis Bölməsinin rəisi Məhşur Hüseynov tərəfindən qəbul edilmiş 06.08.2021-ci il tarixli qərardan məlum olur ki, qərardan şikayət verilməsi müddəti və qaydasıda göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, Xətai RPİ 34-cü Polis Bölməsinin 06.08.2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X4 şikayəti təmin edilsin. Xətai RPİ 34-cü Polis Bölməsinin 06.08.2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1652/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1652/2022
27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver