Məhkəmə qərarları › İş №3(011)-1654/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1654/2024

03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1654/2024 03.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru X3 nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin etibarnamə üzrə nümayəndələri X1 və X7 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Baş direktoru X3 nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Baş direktoru X3 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin baş direktoru X3 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilməsinə dair X12 Xidməti Lənkəran-Astara regional şöbəsinin 23 aprel 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə (qeyri iş günü), saat 04:00 radələrində "xxxx" MMC-yə məxsus 27 saylı «Lənkəran» yanacaq doldurma məntəqəsində kassir-operator vəzifəsində işləyən X14 (özünün deməsinə görə) addım atarkən ayağı boşluğa düşərək burxulmuşdur. Məntəqəyə çağırılmış təcili tibbi yardım briqadası tərəfindən N.Hüseynov ilkin müayinə edildikdən sonra qan təzyiqinin aşağı olduğu müəyyən olunmuş, bu səbəbdən ona ilkin tibbi yardım göstərildikdən sonra, sonuncu saat 05:20-də həmin təcili yardım maşını ilə xəstəxanaya aparılmış, orada ayağı rentgen olunaraq ayağında hər hansı biri sınıq və ya çıxıq halı olmadığı müəyyən edilmiş, ayaqda vətər dartınmasının baş verdiyi bildirilərək ağrıkəsici maz təyin edilmiş və xx.xx.2024-cü il tarixində, saat 10:20-də evə buraxılmışdır. N.Hüseynov təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığından xx.xx.2024-cü il tarixində (həftənin bazar ertəsi günü) şirkətləri tərəfindən X12 Xidmətinə müvafiq məktub ünvanlanmış və məlumat verilmişdir. Qeyd edilən məsələ ilə əlaqədar, "xxxx" MMC-nin baş direktoru X8 barəsində Azərbaycan Respublikası İXM-nin 555.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair X12 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən 16 aprel 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. X12 Xidməti Lənkəran-Astara regional şöbəsinin 23 aprel 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vemə haqqında qərarı ilə, "xxxx" MMC-nin baş direktoru X8 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edirlər ki, X12 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən 16 aprel 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş X12 Xidməti Lənkəran-Astara regional şöbəsinin 23 aprel 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vemə haqqında qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Xüsusi olaraq qeyd etmək istəyirlər ki, X14 xəstəxanaya aparıldıqdan sonra, 012 *** ** ** telefon nömrəsinə zəng olunmasına baxmayaraq, həmin gün şənbə günü, yəni qeyri-iş günü olduğu üçün telefon zənglərinə cavab verilməmiş və bu barədə məlumatın verilməsi mümkün olmamış, bu barədə müvafiq akt tərtib edilmişdir. Bundan başqa, şirkətlərinə məxsus məntəqələri ayrıca hüquqi şəxs statusu daşımır, mərkəzdən idarə olunur. Bu səbəbdən, Mərkəzi ofis həftənin 5 (beş) iş günü fəaliyyət göstərir və şənbə, bazar günləri fəaliyyət göstərmir. Bu səbəbdən, xx.xx.2024cü il tarixində, yəni həftənin bazar ertəsi günü şirkətləri tərəfindən X12 Xidmətinə şirkətləri tərəfindən rəsmi məktub ünvanlanmış və müvafiq məlumat verilmişdir. Baxmayaraq ki, hər hansı bir İstehsalatda baş verən bədbəxt hadisə faktı mövcud deyildir. Onu da qeyd etmək istəyir ki, inzibati protokola baxılması ilə əlaqədar iclas xx.xx.2024-cü il tarixinə təyin olunmasına baxmayaraq, protokola baxılması ilə əlaqədar dəvət məktubu şirkətlərinə xx.xx.2024-cü il tarixində daxil olmuş, prosessual pozuntuya yol verilərək səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilmədiyi halda müvafiq aktın təqdim edilməsi mümkün olmamışdır. İnzibati qərarda "xxxx" MMC-nin baş direktoru X3 Azərbaycan Respublikası İXMnin 555.1-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilməyi əsaslandırılmamışdır. Göründüyü kimi, Qanunvericilik məhz istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün inzibati məsuliyyəti müəyyən etsə də, X12 Xidməti Bakı şəhər idarəsi, X11 münasibətdə istehsalatda baş verən hər hansı bir bədbəxt hadisə faktı qeydə alınmadığı halda, qanunun normasını səhv tətbiq etməklə qanunsuz cərimə tətbiq etmişdir. Göründüyü kimi, X12 Xidməti Lənkəran-Astara regional şöbəsinin 06 mart 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsassız olaraq tərtib edilmişdir ki, bu səbəbdən də "xxxx" MMC-nin baş direktoru X8 barəsində tərtib etdiyi Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə tərtib etdiyi inzibati qərar ləğv edilməli və icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi X3 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın təqsirli olmaları sübuta yetirilmədiyinə görə ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, işçi X14 xəstəxanaya aparıldıqdan sonra, səlahiyyəti orqana məxsus 012 *** ** ** saylı telefon nömrəsinə zəng olunmasına baxmayaraq, həmin gün şənbə günü, yəni qeyri-iş günü olduğu üçün telefon zənglərinə cavab verilməmiş və bu barədə məlumatın verilməsi mümkün olmadığından tərəflərindən bu barədə müvafiq akt tərtib edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixində, yəni həftənin bazar ertəsi günü şirkətləri tərəfindən X12 Xidmətinə şirkətləri tərəfindən rəsmi məktub ünvanlanmış və müvafiq məlumat verilmişdir. Bundan əlavə, X9 ayağının burxulması istehsalatda baş verən bədbəxt hadisə hesab edilmədiyindən, C.Ə.Məmmədovun inzibati məsuliyyətə cəlb edilməsi əsassız olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 11:00-da işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq xx.xx.2024-cü il tarixində baş vermiş bədbəxt hadisə barədə məlumatı hadisənin baş verdiyi gün deyil, xx.xx.2024-cü il tarixində əmək qanunvericiliyinə əməl olunmadan dövlət nəzarətini həyata keçirən orqana vermişdir. Bununla da "xxxx" MMC-nin rəisi X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinin tələbləri pozulduğundan barəsində 23 aprel 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1200 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Bundan əlavə o bildirmişdir ki, onların telefon nömrəsi həmin gün işlək olmuşdur, həmçinin onlara mail vasitəsi ilə və ya poçt xidməti vasitəsi ilə məlumat verilə bilərdi. Odur ki, göstərilənlərə əsasən o, "xxxx" MMC-nin rəisi X3 nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X13 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək X1 izahatında göstərdiyi xüsusatları təsdiq etmiş və "xxxx" MMC-nin rəisi X3 nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" MMC tərəfindən tərtib edilmiş 24 fevral 2024-cü il tarixli aktdan görünür ki, akt tərtib olunmuşdur ondan ötrü ki, həqiqətən xx.xx.2024-cü il tarixdə 27 saylı «Lənkəran» YDM-də işləyən Kassir-operator X9 iş vaxtı ayağı boşluğa düşərək burxulmuşdur. Dərhal tərəflərindən YDM-nə Təcili -Tibbi yardım çağırılmışdır, həkim briqadası tərəfindən Kassir operator Nahid Hüseynova ilkin müayinə etdikdən sonra, qan təzyiqinin aşağı olduğu müəyyən olunmuş, bu səbəbdən ona ilkin tibbi yardım göstərilmək üçün, Təcili-Tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdır. Sözügedən şəxs aparıldıqdan dərhal sonra, tərəflərindən «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6» 012 *** **** telefon nömrəsinə zəng olunmasına baxmayaraq, həmin gün şənbə günü yəni qeyri iş günü olduğu üçün telefon zənglərinə cavab verilməmişdir və bu barədə müvafiq məlumatın verilməsi mümkün olmamışdır. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə ünvanlanmış 26 fevral 2024-cü il tarixli, 02-241 saylı məktubda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 04:00 radələrində şirkətlərinə məxsus 27 saylı «Lənkəran» yanacaqdoldurma məntəqəsində kassir-operator vəzifəsində işləyən X14 (özünün deməsinə görə) addım atarkən ayağı boşluğa düşərək burxulmuşdur. Dərhal, məntəqəyə təcili tibbi yardım maşını çağırılmış, həkim briqadası tərəfindən N.Hüseynov ilkin müayinə edildikdən sonra qan təzyiqinin aşağı olduğu müəyyən olunmuş, bu səbəbdən ona ilkin tibbi yardım göstərildikdən sonra, sonuncu saat 05:20-də həmin təcili yardım maşını ilə xəstəxanaya aparılmışdır. Xəstəxanada N.Hüseynovun ayağı rentgen olunmuş, ayağında hər hansı bir sınıq və ya çıxıq halı olmadığı müəyyən edilmiş, ayaqda vətər dartınmasının baş verdiyi bildirilmiş, ağrıkəsici maz təyin edilməklə xx.xx.2024-cü il tarixində, saat 10.20-də evə buraxılmışdır. Hal-hazırda N.N.Hüseynovun ayağı normal olmaqla rahat gəzə bilir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ-nin Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 09 mart 2024-cü il tarixli məktubdan görünür ki, X14 xx.xx.2024-cü il tarixdə Lənkəran MRX-nın Təcili Yardım şöbəsində “Aşıq baldır oynağı bağlarının gərilməsi və zədələnməsi” diaqnozu müraciəti qeydə alınmışdır. Xəstəyə əmək qabiliyyətinin olmaması vərəqəsi açılmamışdır. Azərbaycan Respublikası X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəis müavini Rasim Rəhimov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin rəisi X8 tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 11:00-da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulmaqla xx.xx.2024-cü il tarixində baş vermiş bədbəxt hadisə barədə məlumatın hadisənin baş verdiyi gün deyil, xx.xx.2024-cü il tarixində əmək qanunvericiliyinə əməl olunmadan dövlət nəzarətini həyata keçirən orqana verilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Azərbaycan Respublikası X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi X10 tərəfindən tərtib edilmiş 23 aprel 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin rəisi X8 tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 11:00-da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulmaqla xx.xx.2024-cü il tarixində baş vermiş bədbəxt hadisə barədə məlumatın hadisənin baş verdiyi gün deyil, xx.xx.2024-cü il tarixində əmək qanunvericiliyinə əməl olunmadan dövlət nəzarətini həyata keçirən orqana verilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin sorğu məktubuna verilmiş 31 may 2024-cü il tarixli cavab məktubundan görünür ki, baş tutmamış zənglər ilə bağlı məlumatın elektron məlumat baza sistemində yazılması, saxlanması nəzərdə tutulmamışdır. Məlumat üçün bildiririk ki, izahlı faktura xidməti çərçivəsində (zənglər edildiyi nömrələr (həyata keçmiş/baş tutumuş zənglər), müddətlər, xidmət haqqı və s.) ödənişli əsaslarla ən çoxu müraciət tarixindən yalnız əvvəlki 2 (iki) ay üçün təqdim olunur. Müvafiq müraciət ilə əlaqədar xx.xx.2024-cü il tarixində Xüsusi Əhəmiyyətli Şirkətlərə və Dövlət Sektoruna Xidmət qrupunun müştərilərlə iş üzrə koordinatoru Cəfər Fərzəliyev tərəfindən "xxxx" MMC-nin nümayəndəsi ilə əlaqə saxlanılaraq, suallar cavablandırılmış, izah təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 555.1-ci maddəsinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarının 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qərarın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin yerli bölməsinə (və ya birbaşa X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Həmin Qərarın 1.8-ci bəndində isə qeyd olunmuşdur ki, istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X12 Xidməti həyata keçirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin rəisi X10 oğlu tərəfindən "xxxx" MMC-nin rəisi X8 tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 11:00-da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulmaqla xx.xx.2024-cü il tarixində baş vermiş bədbəxt hadisə barədə məlumatın hadisənin baş verdiyi gün deyil, xx.xx.2024-cü il tarixində əmək qanunvericiliyinə əməl olunmadan dövlət nəzarətini həyata keçirən orqana verilməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında "xxxx" MMC-ninnın rəisi X3 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsində qeyd etdiyi xüsusatları təsdiqləyərək işçi X14 xəstəxanaya aparıldıqdan sonra, səlahiyyəti orqana məxsus 012 *** ** ** saylı telefon nömrəsinə zəng olunmasına baxmayaraq, həmin gün şənbə günü, yəni qeyri-iş günü olduğu üçün telefon zənglərinə cavab verilmədiyini, bu barədə məlumatın verilməsi mümkün olmadığından tərəflərindən bu barədə müvafiq akt tərtib edildiyini, daha sonra xx.xx.2024-cü il tarixində, yəni həftənin bazar ertəsi günü şirkətləri tərəfindən X12 Xidmətinə şirkətləri tərəfindən rəsmi məktub ünvanlandığını və müvafiq məlumat verildiyini, bundan əlavə, X9 ayağının burxulması istehsalatda baş verən bədbəxt hadisə hesab edilmədiyindən, C.Ə.Məmmədovun inzibati məsuliyyətə cəlb edilməsinin əsassız olduğunu bildirərək 23 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsinə əlavə edilmiş 26 fevral 2024-cü il tarixli, 02-241 saylı məktubdan məlum olur ki, 24 fevral 2024-cü il tarixdə işçi X11 münasibətdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə məlumat dərhal hadisə baş verən gün deyil əmək qanunvericiliyinin tələbləri pozularaq gecikmə ilə 26 fevral 2024-cü il tarixdə X12 Xidmətininə göndərilmişdir. Şikayət ərizəsində şikayətçinin nümayəndəsinin istinad etdiyi 24 fevral 2024-cü il tarixinin həftənin şənbə gününə təsadüf etməsi və bu səbəbdən səlahiyyətli orqana məxsus nömrəyə tərəflərindən zəng edilsə də cavab verilməməsi, nəticədə məlumat məktubunun gecikmə ilə göndərilməsi inzibati xəta hadisəsinin törədilməməsi kimi qiymətləndirilə bilməz, belə ki, işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisə barədə məlumatın X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə məxsus Elektron ünvan elektron poçt ünvanına məhz 24 fevral 2024-cü il tarixdə göndərilməsinə və ya rəsmi məktub tərtib edilməklə poçt vasitəsi ilə məlumat verilməsinə heç bir maneə olmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsində birmənalı olaraq göstərilmişdir ki, işəgötürən istehsalatda baş verən bədbəxt hadisə barədə dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana hadisə barədə məlumat verməyə borcludur. Göründüyü kimi, maddənin dispozisiyasında da hadisə baş verən günün iş günü olmadıqda hadisə barədə məlumatın növbəti iş günündə verilməsi barədə heç bir qeyd yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarının 1.7-ci bəndində göstərildiyi kimi işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X12 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X12 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Beləliklə, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, "xxxx" MMC-nin rəisi X8 tərəfindən işçisi X11 münasibətdə xx.xx.2024-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə DƏMX-nə həmin gün məlumat verilməməsi təsdiq edilmiş, bununla da şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Baş direktoru X3 nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X4 rəisi X3 nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən qəbul edilmiş 23 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar