Məhkəmə qərarları › İş №3(011)-1662/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1662/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1662/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1971-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, 02.03.2022-ci ildə tarixdə saat 12:00 radələrində Şəxs idarə etdiyi “Opel Astra” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə sağdan 1-ci hərəkət zolağı ilə arxaya hərəkətdə olarkən avtomobilin damında olan pəncərə çərçivəsi ilə piyada Zərərçəkmiş şəxs vurmuşdur. Nəticədə sonuncunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər dəymişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru Polad Xəlilov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 14 aprel 2022-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, 02.03.2022-ci ildə tarixdə saat 12:00 radələrində idarə etdiyi “Opel Astra” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə sağdan 1-ci hərəkət zolağı ilə arxaya hərəkətdə olarkən avtomobilin damında olan pəncərə çərçivəsi ilə piyada Zərərçəkmiş şəxs vurmuşdur. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Teymur Ağamirov tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və onun inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 16 mart 2022-ci il tarixli 248 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən törənmişdir. Qərarda göstərilmiş 02.03.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi, tərəflərin izahatı, ekspert rəyi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirici hal kimi əməlindən səmimi peşmançılığı, zərərçəkmiş şəxslə barışması müəyyən edilmiş, ağırlaşdırıcı hallar isə müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar