Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1663/2024 10.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin sahə rəisi Bayram Nəbiyev və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1980-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 09 may 2024-cü il tarixdə Xətai rayonu Ağ Şəhər Bulvarı istiqamətində qanunsuz parklanma xidməti ilə məşğul olaraq vətəndaşları narahat etmiş və parklanma ödənişi tələb etmişdir. Bundan başqa onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin sahə rəisi Bayram Nəbiyev tərəfindən 10 may 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, o, Ağ Şəhər Bulvarı istiqamətində qanunsuz olaraq parklanma xidməti ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixdə həmin ərazidə yenidən qanunsuz fəaliyyət göstərdiyi üçün polis əməkdaşlarının ona yaxınlaşaraq törətdiyi qanun pozuntusunu izah etdiyini və Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət olunduğunu bildirmişdir. Daha sonra polis şöbəsində onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin sahə inspektoru Bayram Nəbiyev izahatında göstərdi ki, 09 may 2024-cü il tarixdə saat təxminən 23:50 radələrində Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər Bulvarı istiqamətində polis əməkdaşları xidmət apararkən, iki nəfər şəxsin ayrı-ayrı yerlərdə qanunsuz parklanma xidməti ilə məşğul olmaqla, yüksək səslə danışdığını, həmçinin nalayiq ifadələr işlədərək digər vətəndaşları narahat etdiklərini görmüşlər. Polis əməkadaşları həmin şəxslərdən nizam-intizamlı olmağı tələb etsələr də, onlar polisin qanuni tələbinə qəsdən tabe olmamışdırlar. Polis Şöbəsində həmin şəxslərdən birinin Şəxs olduğu məlum olmuşdur. Onun barəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığından 10 may 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 may 2024-cü il tarixdə Xətai rayonu, Ağ Şəhər Bulvarı istiqamətində qanunsuz parklanma ilə məşğul olmuş, yüksək səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, həmçinin onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 09 may 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 may 2024-cü il tarixdə saat 23:52-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. 510-cu maddəsinin tələbinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallar kimi əvvəllər məhkum olunmamasını, səmimi peşmançılığını və gənc olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1663/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1663/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver