Məhkəmə qərarları › İş №3(011)-1670/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1670/2021

22.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1670/2021 22.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Mehdi Zeynalovun, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X3 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında faktiki olaraq yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 13 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 16.12.2019-cu il tarixli, 2(103)-13189/2019 saylı icra sənədinə əsasən 27218.40 manat pulu ödəməmiş və mənzilləri başqasının adına bağışlamışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1670/2021 saylı 13.04.2021-ci il tarixli qərarına əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1201/2021 saylı 26.05.2021-ci il tarixli qərarına əsasən borclu Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1670/2021 saylı 13.04.2021-ci il tarixli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru Mehdi Zeynalov tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-49/2021 saylı 10.02.2021-ci il tarixli qərardadına əsasən borclu Şəxs məxsus daşınmaz əmlakların üzərinə həbs qoyulması barəsində Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mehdi Zeynalovun təqdimatı təmin olunmamış, bundan əlavə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-49/2021 saylı 10.02.2021-ci il tarixli qərardadına əsasən borclu Şəxs məxsus daşınmaz əmlakların üzərinə həbs qoyulması barəsində Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mehdi Zeynalovun təqdimatı təmin olunmamışdır. Həmçinin bank hesabının rekvizitləri Şəxs təqdim edilmiş, lakin Orucov yenə də ödənişi etməmişdir. O həm də qeyd etmişdir ki, icra sənədinə əsasən bölünməli olan avadanlıqların və onun hissələrinin bölünməsi mümkün olmamış və bu barədə 28 yanvar 2021-ci il tarixdə akt tərtib edilmişdir. Göstərilənlərə əsasən borclu şəxs Orucov X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Orucov X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 16.12.2019-cu il tarixli, 2(103)-13189/2019 saylı icra sənədinə əsasən 27218.40 manat pul vəsaitini X5 ödəməlidir, mağaza avadanlıqları və onların hissələri isə onunla tələbkar arasında bərabər şəkildə naturada bölünmüşdür. Hal-hazırda həmin qətnamə üzrə borcu qalıb və həmin borcu ödəməyə hal-hazırda imkanı yoxdur. Borclu kimi icradan yayınmamışdır, belə ki, ona verilmiş hüquqlardan istifadə etmişdir və ölkə ərazisində olan pandemiya ilə bağlı olaraq iş yerlərinin fasilə ilə işləməsi onun qətnamənin icrasından yayınmağı kimi qiymətləndirilə bilməz. Qətnamədə əmlakların naturada bölünməsi qərara alınsada, həmin əmlaklar bölünmədiyindən o, borcunu ödəyə bilməmişdir. Onun himayəsində 3 övladı vardır, başqa gəlir yeri yoxdur və icra məmuruna ünvanladığı ərizələr nəzərə alınmır. Odur ki o, göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 13 aprel 2021-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X7 izahatında bildirmişdir ki, protokol qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, Şəxs rəsmi maaşı və mülkiyyətində daşınar əmlakı vardır, onun tərəfindən icra sənədinin icrasından yayınma halı olmamışdır. Məhkəmə iclasında tələbkar X8 izahatında Bakı Apellyasiya Məhkəməsinin 16.12.2019-cu il tarixli, 2(103)-13189/2019 saylı icra sənədinin borclu tərəfindən icra olunmadığını bildirmiş və Şəxs barəsində qanuna müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 16.12.2019-cu il tarixli, 2(103)-13189/2019 saylı icra sənədindən görünür ki, Şəxs 27218.40 manat məbləğində pul vəsaitinin alınaraq X5 ödənilməsi, mağaza avadanlıqları və onların hissələrinin isə Şəxs və X8 arasında bərabər şəkildə naturada ödənilməsi qət edilmişdir; tələbin könüllü icrası haqqında 10.09.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 16.12.2019-cu il tarixli, 2(103)-13189/2019 saylı icra sənədinə əsasən iş üzrə icraatın başlanılması və icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü olaraq icra olunması borclu Şəxs xahiş olunmuşdur; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-425/2020 saylı 20.11.2020-ci il tarixli qərardadına əsasən borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 16.12.2019cu il tarixli, 2(103)-13189/2019 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi rədd edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-49/2021 saylı 10.02.2021-ci il tarixli qərardadına əsasən borclu Şəxs məxsus daşınmaz əmlakların üzərinə həbs qoyulması barəsində Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mehdi Zeynalovun təqdimatı təmin olunmamışdır; İş materiallarında olan 21 aprel 2021-ci il tarixli ərizədən görünür ki, Şəxs Bak şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə müraciət edərək tələbkar X2 bank hesabının rekvizitlərinin ona təqdim edilməsini xahiş etmiş, 28 aprel 2021-ci il tarixdə X8 hesab nömrəsini Şəxs təqdim etmişdir. İş materiallarında olan 28 yanvar 2021-ci il tarixli aktdan görünür ki, icra sənədində bölünməli olan avadanlıqların və onun hissələrinin dəqiq siyahısı olmadığından tərəflərin razılığı ilə həmin avadanlıqların naturada bölünməsi təxirə salınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13189/2019 saylı 31 may 2021-ci il tarixli qərardadından görünür ki, icra məmurunun ərizəsinə əsasən 2(103)-13189/2019-cu il tarixli qətnamənin “mağaza avadanlıqdları və onların hissələri isə Şəxs Tanrıverdi oğlu və X8 arasaında bərabər şəkildə naturada bölünsün” hissəsinə izah verilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Şəxs 16 iyun 2021-ci il tarixdə 400 AZN ödəniş etmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin 07.04.2021-ci il tarixli 140207/2020-1-35-007 saylı xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs 13.04.2021-ci il tarixdə saat 15:00da Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə dəvət olunaraq icra sənədi üzrə tələbi təmin etməsi bildirilmiş, əks təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi rəhbər tutularaq barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur; Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Mehdi Zeynalov tərəfindən tərtib olunmuş 13.04.2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 16.12.2019-cu il tarixli, 2(103)-13189/2019 saylı icra sənədi üzrə ümumilikdə 27218,40 manat borcu vardır; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 26.02.2021-ci il tarixli **********82 saylı sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 34, 84 saylı mənzil Bakı şəhəri 40 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 23.08.2002-ci il tarixli, 4-Ə-4-696 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 03.10.2002-ci il tarixində Şəxs adına qeydiyyatdan keçmişdir, lakin sözügedən mənzil Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 07.10.2020-ci il tarixli, 4Ə- 593 reyestr nömrəli Şəxs ilə X11 arasında imzalanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 09.10.2020-ci il tarixində X6 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 34, 63 saylı mənzilin 1\4 hissəsi Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, 05.10.2020-ci il tarixli, 2V-176 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 29.12.2020-ci il tarixində Şəxs adına qeydiyyatdan keçmişdir, lakin sözügedən mənzil Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 22.01.2021-ci il tarixli, 4Ə-66 reyestr nömrəli Şəxs ilə X9 arasında imzalanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Apellyasiya Məhkəməsinin 16.12.2019-cu il tarixli, 2(103)-13189/2019 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Şəxs icra sənədi üzrə borcunu X5 ödəmədiyi üçün, hal-hazırda onun borcu 26818,41 manat təşkil edir. Bunlar, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar