Məhkəmə qərarları › İş №3(011)-1673/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1673/2022

21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1673/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1972-ci ildə Ağdam rayonu, Pərioğullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Ağdam rayonu, Pərioğullar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitə əldə edib 19.04.2022-ci il tarixdə istehlak etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati xəta törətdiyinə görə barəsində Xətai RPİ 36-cı Polis Bölməsi tərəfindən 20.04.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından məlum olur ki, Şəxs 19.04.2022-ci il tarixdə Xətai rayonu, M.Hadi küçəsi, ev 73 ünvanında yerləşən yaşadığı evin qarşısında özünü şübhəli apardığından polis əməkdaşları tərəfindən Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dəvət edilmişdir. Şəxs üzərinə baxış keçirilmiş və üzərindən şəxsi istehlak miqdarından az miqdarda, yəni 0.062 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilmişdir. Buna görə də onun əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti aidiyyatı üzrə gündərilmişdir. Xətai RPİ 36-cı Polis Bölməsinin sahə inspektoru polis mayoru X1 tərəfindən tərtib edilmiş 20.04.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs üzərindən narkotik vasitə aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitədən istifadə edir, sonuncu dəfə aldığı narkotik vasitəni istehlak etməmişdən bir az əvvəl polis əməkdaşları tərəfindən yaxalanmışdır. Əməlindən səmimi peşman olmasını, evli olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinin təhqiqatçısı Ramil İsmayılovun 20.04.2022-ci il tarixli qərarından görünür ki, Şəxs üzərinə baxış keçirilmiş və üzərindən şəxsi istehlak miqdarından az miqdarda, yəni 0.062 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilmişdir. Buna görə də onun əməlində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti aidiyyatı üzrə gündərilmişdir. İş materiallarında olan 19.04.2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs 19.04.2022-ci il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan elektron məhkəmə sistemindən olan portaldan çıxarışdan görünür ki, Şəxs evlidir və onun 11.04.2013-cü il təvvəllüdlü Vaqif Ələkbərli və 02.08.2014cü il təvəllüdlü Leyla Ələkbərli adlı 2 azyaşlı övladı vardır. Beləliklə, Şəxs şəxsi istehlak miqdarından az miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində daşıması onun özünün səmimi etirafı və iş materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun səmimi etirafını, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı, himayəsində azyaşlı uşaqlarının olması müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş – cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs cərimə tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İş üzrə maddi sübut olan Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsində saxlanılan 0.062 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İM : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut olan Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsində saxlanılan 0.062 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar