Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1688/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 23.04.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş 23.04.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 13.04.2022-ci il tarixdə saat 08:30-da Bakı şəhər DYPİ Yol patrul xidmətinin özünü təqdim etməyən əməkdaşı idarə etdiyi “TOYOTA CAMRY” minik markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə tıxac zamanı Bakı şəhəri, Fəzail Bayramov küçəsi ilə hərəkət zolağında dayanarkən yaxınlaşmış və sənədlərini tələb etmişdir. O, sənədləri təqdim etdikdən sonra hərəkət davam etdiyindən və onun digər hərəkət iştirakçılarına maneə yaratdığından yol polisi əməkdaşının tələbi ilə qarşı zolağa çıxıb yolun sol kənarında dayanmışdır. (Yolda tıxac olduğundan sağ zolaq dolu olduğundan yolun sağ kənarında dayanmaq texniki baxımdan mümkün deyildi.). Polis əməkdaşı ona bildirmişdir ki, guya o, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. O, buna etiraz edərək Bakı şəhər DYPİ yol patrul xidmətinin əməkdaşına bildirmişdir ki, o, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməmişdir. Lakin buna baxmayaraq Bakı şəhər DYPİ Yol patrul xidmətinin əməkdaşı barəsində qərarsız protokol tərtib olunacağını bildirərək tıxacda hərəkətin davam etdiyi zaman qaçaraq uzaqlaşmışdır. Həmin gün saat 09:55-də ASAN PAY elektron ödəniş sistemindəki şəxsi kabineti vasitəsilə qərəzli şəkildə barəsində İXP ******* saylı, 13.04.2022-ci il tarixli inzibati xəta haqqında qərarsız elektron protokol tərtib edilməsi barədə məlumatlanmışdır. Həmin qərarsız protokola əsasən o, Azərbaycan Respublikası İXM-nin 327.4-cüi maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. 23 aprel 2022-ci il tarixdə həmin inzibati protokol üzrə tənbeh vermə haqqında Qərarın qüvvəyə minməsi barədə SMS almışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinə əsasən 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır. Azərbaycan Respublikası İXM-nin 327.4-ci maddəsinə görə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz manat məbləğində cərimə edilir. Qeyd edilməlidir ki, o, ona istinad olunan inzibati xətanı törətməmişdir. Eyni zamanda onu da qeyd etməlidir ki, tıxac zamanı hərəkətdə fasilənin yarandığı vaxt əməkdaş ona yaxınlaşmış, özünü təqdim etməyərək qarşı yola çıxdığını bildirmiş, avtomobillər hərəkət etdiyi an isə barəsində qərarsız elektron protokol tərtib ediləcəyini bildirərək uzaqlaşmışdır. Protokolun nüsxəsi ona təqdim edilməmişdir. Hadisə yerinin kamera görüntüsü Bakı şəhər DYPİ tərəfindən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş texniki vasitələrlə qeydə alınmalı və qeydə alınmış görüntü eletron protokola əlavə edilməli idi. Lakin elektron sistemdə protokola heç bir video və ya foto görüntü əlavə edilməmişdir. Beləliklə o, heç bir əsası olmadan tərtib edilmiş 23.04.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 bildirmişdir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qərar qəbul edilərkən, onun iştirakı araşdırma zamanı təmin edilməmiş, izahatı alınmamışdır və hadisənin videogörüntüləri ona təqdim edilməmişdir. Odur ki, o, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis kapitanı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 23.04.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, X5 13.04.2022-ci il tarixində saat 08:31-də Fəzail Bayramov 16 ünvanında “Toyota Camry minik” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirməklə hərəkət etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda O.Cəfərlinin əks istiqamətli hərəkət zolağına çıxmaqla nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi göstərilmiş və o, İXMin 327.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Beləliklə qərara əsasən O.Cəfərli nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis kapitanı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 23.04.2022-ci il tarixli, TP seriyalı ******* nömrəli qərar əsasən X5 13.04.2022-ci il tarixində saat 08:31-də Fəzail Bayramov 16 ünvanında “Toyota Camry minik” markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirməklə hərəkət etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta pozuntusuna yol verməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında X7 nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla nəqliyyat axınına əks istiqamətdə hərəkət etmədiyini, araşdırma zamanı onun iştirakının təmin edilmədiyini, izahatının alınmadığını və hadisənin videogörüntülərinin ona təqdim edilmədiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 23.04.2022-ci il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində 23.04.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X5 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X5 şikayəti qismən təmin edilməli, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 23.04.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti qismən təmin edilsin. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 23.04.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1688/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1688/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver