Məhkəmə qərarları › İş №3(011)-1713/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1713/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1713/2024 14.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X2, Bakı şəhər BPİ-nin X10 İdarəsinə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti baş inspektoru polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Cəlilabad rayonu, Şükürlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333- 1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhər BPİ X10 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:29 radələrində «Toyota Prius (Hibrid) minik» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş müayinə zamanı Şəxs narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə “Toyota Prius (Hibrid) minik” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xətai rayonu, Babık prospektində hərəkətdə olan zaman DYP-nin əməkdaşları onu saxlayaraq sənədlərini tələb etmişlər. Bir neçə dəqiqə şikayət etdikdən sonra sərxoşluq vəziyyətinin yoxlanılması üçün tibbi müəssisəsinə aparılmışdır. Müayinə nəticəsində onun narkotik vasitə qəbul etməsi aşkar edilmişdir. Təxminən 2 aya yaxındır ki, narkotik vasitə olan marixuanadan istifadə edir və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə qəbul etmişdir. Beləliklə o, əməlindən peşman olduğunu və bir daha belə hallara yol veməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X5 protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2024-cü il tarixli protokol tərtib olunduğunu bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ X10 İdarəsinə tabe olan Yol Patrul Xidməti Alayı yol-patrul xidməti baş inspektoru polis mayoru X3 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Babək prospektində xidmətdə olan polis əməkdaşları “Toyota Prius (Hibrid) minik” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili qeydiyyat nişanı saxtalaşdırıldığı üçün saxlamışlar. Ondan özünü təqdim etməsi tələb edildikdə onun narkotik vasitənin təsiri altında olması şübhəsi yaranmışdır. Tərəflərindən sürücüyə həkim müayinəsinə getmək təklif olunmuş, lakin o, müxtəlif bəhanələr gətirərək həmin ərazidən uzaqlaşmaq istəyən zaman onu tutub saxlamışlar. Daha sonra sürücü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparılmış və həmin şəxsin müayinə nəticəsində marixuana, kakos və metamfetamindən istifadə etməsi və onun sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 14 may 2024-cü il tarixli, 1/445 saylı aktdan görünür ki, müayinə nəticəsində Şəxs sidiyində OPİ, THC, TML, MET aşkar olunmuşdur; inzibati qaydada tutma haqqında 14 may 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 13:30-da tutulmuşdur; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib edilmiş 14 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş müayinə zamanı Şəxs narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur; Bakı şəhər X10 İdarəsi Müşayiət Eskort Bölüyü YPX inspektoru polis baş serjantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:29 radələrində «Toyota Prius (Hibrid) minik» markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi məlum olmuşdur. Məhkəmə, səlahiyyətli nümayəndələrin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, və 333-1.1-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-32.1.1) və ağırlaşdıran halların müəyyən olunmamasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati həbs və İXM-nin 333-1.1-ci maddəsinə əsasən müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirləri tətbiq edilməli, inzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdən, saat 13:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinin tələbinə uyğun olaraq Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən 20 (iyirmi) gün müddətinə inzibati həbs və İXM-nin 333-1.1-ci maddəsinə əsasən 09 (doqquz) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması inzibati tənbeh tədbirləri tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2024-cü il tarixdən, saat 13:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar