Məhkəmə qərarları › İş №3(011)-1725/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1725/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1725/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi ilə, şikayətçi Əli-zadə Sərhəd Kamran oğlunun iştirakı ilə, Əli-zadə Sərhəd Kamran oğlunun Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati tənbeh vermə haqqında 11.04.2020-ci il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Əli-zadə Sərhəd Kamran oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati tənbeh vermə haqqında 11.04.2020-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Əli-zadə Sərhəd Kamran oğlu şikayətini müdafiə edərək göstərmişdir ki, o, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati tənbeh vermə haqqında 11.04.2020-ci il tarixli, MN ******* saylı qərarı ilə İXM-nin 211-ci maddəsinin tələblərini pozduğu əsas gətirilərək 100 manat inzibati cərimə növündə tənbeh edilmişdir. Həmin qərarla qanunsuz və əsasız olduğundan razılaşmır. Belə ki, 11.04.2020-ci il tarixdə ona hər hansı polis əməkdaşı yaxınlaşmamış və o, cərimə edilməmişdir. Heç vaxt pidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmamışdır. Ümumiyyətlə qərar barədə məlumatı olmamış, 20.04.2021-ci il tarixdə qərarın surətini əldə etmişdir. Odur ki, göstərilənlərin nəzərə alınaraq inzibati tənbeh vermə haqqında 11.04.2020-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Əli-zadə Sərhəd Kamran oğlu şikayəti müdafiə edərək dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş səlahiyyətli orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati tənbeh vermə haqqında 11.04.2020ci il tarixli, MN ******* saylı qərardan görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən Əli-zadə Sərhəd Kamran oğlunun həmin tarixdə karantin rejimlərini pozması əsas gətirilməklə İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar; 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211-ci maddəsinə əsasən (11 aprel 2020-ci il tarixdə qüvvədə olan) epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əli-zadə Sərhəd Kamran oğlu 11.04.2020-ci il tarixdə səlahiyyətli orqanın nümayəndəsi tərəfindən barəsində İXM-nin 211-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və Bakı şəhəri Xətai RPİnin 34-cü PŞ-si onun 100 manat məbləğində inzibati cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında 11.04.2020-ci il tarixli, MN ******* saylı qərar qəbul olunmuşdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarı qanuni olmamışdır. Şikayətçi 11.04.2020-ci il tarixdə polis əməkdaşı tərəfindən saxlanılmadığını, ümumiyyətlə heç vaxt epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmadığını bildirmişdir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarının tələbləri nəzərə alınmadan tərtib edilərək qəbul edilmişdir. Qərarda Əli-zadə Sərhəd Kamran oğlunun saxlanıldığı zaman müvafiq icazəsinin olub-olmaması araşdırılmamış, icazəsinin olmaması barədə hər hansı sübuta istinad edilməmişdir. 11.04.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda xətanın mahiyyəti ümumiyyətlə göstərilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Əli-zadə Sərhəd Kamran oğlunun İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, Əli-zadə Sərhəd Kamran oğlu barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin iştirakı təmin olunmadan qəbul edilmiş, həmçinin Əli-zadə Sərhəd Kamran oğlunun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Əli-zadə Sərhəd Kamran oğlunun şikayəti təmin edilməli, 11.04.2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqanan (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Əli-zadə Sərhəd Kamran oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati tənbeh vermə haqqında 11.04.2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar