Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1733/2024 16.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Gürcüstan Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında müvəqqəti yaşamaq hüququ verilən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X3 tərəfindən tərtib edilmiş 16 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən X5 xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında YPX əməkdaşının qanuni əmrinə tabe olmamış və küçədə nalayiq ifadələr işlətmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahatında göstərmişdir ki, Rusiya vətəndaşı olmağına baxmayaraq Azərbaycan dilin sərbəst bilir, tərcüməçiyə ehtiyyacı yoxdur. Bundan əlavə o qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 19:40 radələrində “Bentley” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Xətai rayonu, Ağ şəhər dairəsində hərəkətdə olarkən DYP-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona yol hərəkəti qaydalarını pozduğuna görə öz iradını bildirmiş və nəticədə aralarında mübahisə yaranmışdır. Polis əməkdaşlarına təhqiramiz sözləri deməyini etiraf edir, lakin bunu ona görə etmişdir ki, polislər onunla kobud davranırdılar. Daha sonra o, polis əməkdaşından qorxduğu üçün hadisə yerindən avtomobili sürərərk qaçıb getmişdir.O Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin binasına getmişdir. Beləliklə o, törətdiyi əməldən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, himayəsində bir azyaşlı övladının olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Nümayəndə hüquqlarını müdafiə etdiyi şəxs X2 izahatında göstərdiyi xüsusatları təsdiqləyərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X3 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X5 idarə etdiyi **-EB-*** nömrə nişanlı “Bentley” markalı avtomobil ilə Xətai rayonu, Xəqani Rüstəmov küçəsi ilə hərəkətdə olan zaman **-YP-*** nömrə nişanlı DYP avtopatrulu tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılmış və saxlanılmasının səbəbi ona izah edilən zaman vət. E.Rzayeva mobil telefonu ilə polis əməkdaşlarını videogörüntüyə almaqla onları söyüb təhqir etmişdir. Polis əməkdaşları tərəfindən vətəndaş nizam intizama dəvət olunmasına baxmayaraq polis əməkdaşlarına tabesizlik göstərmiş və söyüşlərini dayandırmamışdır. Bundan sonra polis əməkdaşları E.Rzayeva hadisə yerindən qaçıb getmişdir polis əməkdaşları da onun arxası ilə sürmüşlər. Beləliklə o, X2 Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyini bildirərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər X14 İdarəsinin Müşayiət- Eskort bölüyü baş inspektoru, polis leytenantı X6 bildirmişdir ki, **-YP-*** çağırışlı patrul maşınında Ağ şəhər dairəsi istiqamətində xidmətdə olarkən təxminən saat 19:30 radələrində dairəyə daxil olan “Bentley” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolayrıcı keçmə qaydasını pozduğunu aşkar edib ona saxlaması üçün işarə vermişlər. O, ona yaxınlaşıb özünü təqdim etdikdən sonra ona qayda pozuntusunu izah edib ad və soyadını soruşmuşdur. Bort kompyuter vasitəsilə sürücünün Rzayeva Elnarə olduğunu və sürücülük hüququnun məhdudlaşdırıldığını müəyyən etmişdir. Sürücüyə bu barədə məlumat verib nəqliyyat vasitəsinin dövlətin mühafizə olunan duracağına yerləşdiriləcəyini bildirmişdir. Sürücü nəqliyyat vasitəsinin şüşəsini qaldıraraq kiməsə zəng vurub danışmağa başlamış, bir müddət gözlədikdən sonra sürücüyə çox gözləyə bilməyəcəyini bildirmişdir. Həmin vaxt sürücü öz telefonu vasitəsilə onları çəkməyə başlamış və onun şərəfinə, ailəsinə, formasına, polisin şərəf və ləyaqətinə qarşı nalayiq küçə söyüşləri söyərək üstünə tüpürməyə başlamışdır. O Elnarə Rzayevadan bu hərərkətləri dayandırmağı tələb etmiş, Rzayeva Elnarə isə ona məhəl qoymamış və hərəkətlərini davam etdirmişdir. Bundan əlavə o, Rzayeva Elnarənin çəkdiyi görüntüləri sosial şəbəkələrdə paylaşaraq polisin nüfuzunu alçaltmaq istədiyini düşündüyündən mobil telefonu onun əlindən almış, bu zaman Elnarə Rzayeva onun sinəsində asılı olan səs ötürücünü yaxasından dartaraq nəqliyyat vasitəsinin şüşəsini bağlamış və yanında əyləşən xanım sərnişinə verərək hərəkətə başlamışdır. Onlar həmin vaxt onun arxasınca gedərək dəfələrlə saxla əmri versələr də o, nəqliyyat vasitəsilə təhlükəli manevrlər edərək qaçmağa çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər X14 İdarəsinin Müşayiət- Eskort bölüyü YPX inspektoru, polis leytenantı X7 şahid Ş.A.Qasımzadənin izahatında göstərdiyi xüsusatları təsdiqləyərək onunla oxşar məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İnzibati qaydada tutma haqqında 15 may 2024-cü il tarixli protokoldan görünür ki, X5 həmin tarixdə, saat 19:50-də tutulmuşdur. Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X3 tərəfindən tərtib edilmiş 16 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında YPX əməkdaşının qanuni əmrinə tabe olmadığından və küçədə nalayiq ifadələr işlətdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 15 may 2024-cü il tarixli, 1/452 saylı aktdan görünür ki, həmin tarixdə X5 ayıq olmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 18239717 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 himayəsində xx.xx.2012-ci il təvəllüdlü X8 vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.1.3-ci maddəsinə əsasən inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin və şahidlərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə, inzibati xəta törətmiş X2 şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1), himayəsində bir azyaşlı övladının olmasını (İXM-32.1.3) və ağırlaşdıran halların müəyyən olunmamasını, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 31.4-1 və 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsi ilə 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. X5 dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması mərkəzinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1733/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1733/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver