Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1741/2021 29.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 14.04.2021ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 14.04.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 10 aprel 2021-ci il tarixdə yaxın dostları ilə birlikdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Miraje” çay evində kabinetde çay içmişlər. Təxmini saat 23:00- radələrində Bakı şəhər Xətai RPİ-nin 37-ci Polis Bölməsinin və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları çay evinə baxış keçirmiş və onların əyləşdikləri kabinetə yaxınlaşmışlar. Həmin polis əməkdaşları kabinetə daxil olmuş və kabinetdə “qəlyan” aparatım görmüşlər. Onlara “qəlyan” çəkməyin qadağa olunduğunu bildirərkən o, və onun yaxın dostu X3 “qəlyan” çəkmədiklərini bildirsələr də heç bir əhəmiyyəti olmamışdır. Həmin vaxt onlarla olan digər dostları etiraf edərək “qəlyanı” onun çəkdiyini bildirmişdir. Sonradan həmin polis əməkdaşları çoxlu sayda polis nəfərini çağıraraq kobud şəkildə polis bölməsinə getməklərini bildirmişlər. Adını və soyadını bilmədiyi polis mayoruna öz maşınları ilə polis bölməsinə getməklərini təklif etsələr də, buna heç bir əhəmiyyət vermədən onları polis əməkdaşlarına məxsus olan “Doblo” markalı maşına mindirilərək Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinə aparmışlar. Polis Bölməsinə daxil olarkən onların şəxsi mülkü olan mobil telefonları qanunsuz olaraq əllərindən almışlar. Buna etiraz bildirdikdə, polis nəfəri qanunda qeyd olunduğunu bildirmiş, ondan həmin qanunu təqdim etməsini xahiş etmişdir. Dəfələrlə yoxlanışdan keçilməyini tələb etsə də, heç bir əhəmiyyət vermədən “belədi” deyərək protokol tərtib edilmişdir Bütün bunlara baxmayaraq, qanunsuz olaraq “qəlyan” çəkmədiyi halda onu və digər dostunu heç bir videogörüntü, şəkillər və ya maddi sübut olmadan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat cərimə eləmişlər. Halbuki o, Məcəllədə qeyd olunan qaydaları pozacaq heç bir qeyri-qanuni hərəkət etməmiş, heç bir inzibati xəta törətməmişdir. Haqlı olduğunu bildiyinə görə sözügedən qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Sözügedən qərarı ona 14 aprel 2021-ci il tarixdə dəfələrlə müraciət edəndən sonra vermişlər. Məhkəmə iclasında şikayətçi X4 şikayətin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş səlahiyyətli orqan məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən tərtib edilmiş 10.04.2021-ci il tarixli, EXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 rejmi qaydalarını pozması əsas gətirilərək barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 14.04.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXMnin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 karantin rejmi qaydalarını pozması əsas gətirilərək İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Halbu ki, X4 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmadığını bildirmişdir. İnzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda X2 hansı epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozması, pozuntunun nədə ifadə olunması ümumiyyətlə göstərilməmiş, hər hansı sübuta istinad edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 14.04.2021-ci il tarixli, EPQ ******* nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində qəbul edilmiş 14.04.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 14.04.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X2 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissədə şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən qəbul edilmiş 14.04.2021-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1741/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1741/2021
29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver