Məhkəmə qərarları › İş №3(011)-1746/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1746/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1746/2024 17.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X1 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Xaçmaz rayonu, Qımıl- Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 83a, mənzil 22 qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 16 may 2024-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib olunmuş 16 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Nobel prospektində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə “Hyundai Elantra” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən A.Cəlilov küçəsinə çatdıqda polis əməkdaşları ona saxla əmri vermişlər. Daha sonra ondan sənədləri tələb etmişlər və bu zaman polislə arasında mübahisə yaranmış və o, polisin qanuni tələblərinə tabe olmamışdır. Beləliklə o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, himayəsində azyaşlı övladının olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X4 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə 8 Noyabr prospektindən üzü şəhər istiqamətində “Hyundai Elantra” markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü yüksək sürətlə manevr qaydalarını pozaraq hərəkət etdiyindən polis əməkdaşları ona A.Cəlilov küçəsində saxla əmri vermişlər. Daha sonra polis əməkdaşları sürücüyə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra sənədlərini tələb etsələr də, sonuncu telefonla çəkiliş etməyə başlamış, sənədlərini təqdim etməmiş və jarqon sözlərlə kobudçuluq etmişdir. Ona dəfələrlə xəbərdarlıq edilsə də o, polisin qanuni tələblərinə tabe olmadığından həmin əraziyə PPX dəvət edilmiş və o, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞnə gətirilmişdir. Beləliklə o, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2024-cü il tarixli protokol tərtib olunduğunu bildirərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 16 may 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Nobel prospektində polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməklə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; inzibati qaydada tutma haqqında 16 may 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 16 may 2024-cü il tarixdə, saat 21:50-də tutulmuşdur; elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2023-cü il təvəllüdlü X2 vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs fiziki şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1), himayəsində azyaşlı övladının olmasını (İXM-32.2) və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində sanksiyasının hədləri daxilində İXM-nin 31.4-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar