Məhkəmə qərarları › İş №3(011)-1752/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1752/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1752/2023 11.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Baş Dövlət Yol Polisi İdarəsinin İ Tağım YPX inspektoru, polis baş serjantı X6 tərəfindən qəbul edilmiş 21 aprel 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yazılmış 21 aprel 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayət ərizəsində qeyd etmişdir ki, “Hyundai Santafe” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsi şəxsi mülkiyyətindədir və istifadəsindədir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərindən Bakı istiqamətində hərəkətdə olarkən Saray postunda xidmət aparan yol polisinin əməkdaşını görmüş və ona “saxla” işarəsini verdiyini görməmişdir. O, hərəkətdə olanda arxadan YPX-nin maşını ona “saxla” işarəsini vermiş və o, maşını yolun sağına çəkərək saxlamışdır. Bu zaman YPX-nin inspektoru polis baş serjantı X6 ona yaxınlaşaraq bildirmişdir ki, “siz postda polisin saxla əmrinə tabe olmamısınız”. O, izah vermişdir ki, heç bir yol hərəkəti qaydalarını pozmamışdır, postda yol polisinin ona verdiyi “saxla” işarəsini görməmişdir. Lakin buna baxmayaraq YPX-nin inspektoru, polis baş serjantı X6 tərəfindən ona İXM-nin 327.3-cü maddəsi ilə 80 manat cərimə tərtib edilmişdir. Bu səbəbdən hüquqları kobud surətdə pozulmuşdur. Beləliklə o, göstərilənləri nəzərə alaraq, barəsində qəbul edilmiş 21 aprel 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 Nəbi oğlu şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, barəsində polisin “saxla” əmrinə tabe olmaması barədə əsassız protokol tərtib olunmuş, inzibati icraatın başlanması barədə ona heç bir məlumat verilməmiş, izahatı alınmamış, hadisə zamanı qeydə alınmış videogörüntülər ona təqdim edilməmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 80 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayətçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İ Tağım YPX inspektoru, polis baş serjantı X6 tərəfindən tərtib olunmuş 21 aprel 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə saat 14:02-də “Hyundai Santa FE minik” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən 80 (səksən) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - səksən manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 21 aprel 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 21 aprel 2023cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X2 “Hyundai Santa FE minik” markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməməsi göstərilmiş və ona 80 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında X4 Nəbi oğlu izahat verərək bildirmişdir ki, heç bir yol hərəkəti qaydalarını pozmamış, postda yol polisinin ona verdiyi “saxla” işarəsini görməmiş, inzibati icraatın başlanması barədə ona heç bir məlumat verilməmiş, izahatı alınmamış, hadisə zamanı qeydə alınmış videogörüntülər ona təqdim edilməmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 80 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Beləliklə, məhkəmə şikayətçi tərəfindən qeyd edilən xüsusatları araşdıraraq belə qənaətə gəlir ki, X2 polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməməsi halının mövcud olub-olmaması araşdırılmadan, inzibati xəta zamanı qeydə alınmış videogörüntülərə baxış keçirilmədən onun barəsində əsassız və qanunsuz olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 21 aprel 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 21 aprel 2023-cü il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X3 barəsində inzibati icraatın başlanması barədə heç bir məlumat verilmədən, izahatı alınmadan, hadisə zamanı qeydə alınmış videogörüntülər ona təqdim edilmədən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində 21 aprel 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 21 aprel 2023cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin İ Tağım YPX inspektoru, polis baş serjantı X6 tərəfindən 21 aprel 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 21 aprel 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsinin İ Tağım YPX inspektoru, polis baş serjantı X8 tərəfindən 21 aprel 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 21 aprel 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar