Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1753/2023 12.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, şikayətçi X4, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 28 aprel 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində tətbiq edilmiş 1000 manat məbləğində cərimənin ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə AR ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərtib etdiyi MN № ******* saylı qərarla onu İnzibati Xətalar Məcəlləsinin 253.1.2.2-ci maddəsinə əsaslanaraq 1000 (min) manat cərimə ilə tənbeh etmişdir. Həmin qərarda göstərilir ki, o, 2 (iki) ədəd ağacı icazəsiz məhv etmişdir. Aşağıda göstərdiyi səbəblərə görə həmin qərara etiraz edərək ədalətli qərar vermək üçün məhkəməyə müraciət etmişdir: 1-ci səbəb: -Bina sakinlərinin ciddi tələbi ilə (Sakinlərin tərtib etdiyi aktı əlavə edir) binanın sahibi kimi binanın sol tərəfində binaya bitişik 3-4 metr ərazidə 2018-ci ildən bəri yığılmış və iylənmiş zir-zibili heç bir məqsədi olmadan təmizləmişdir. Təmizləmə işlərinə 660 manat şəxsi vəsaitini xərcləmişdir. Təmizləmə zamanı təpələnmiş zirzibilin arasında qalan, boyu bir metrədək olan 2 ədəd qurumuş ağacın traktorun qovşağına ilişməsinə fikir verməmişdir. İdarənin həmin əraziyə baxış keçirən mütəxəssisləri 5-6 il əvvəl çəkilmiş peyk fotoşəkilləri ilə onun ağac kəsməyini zənn edərək, onun iştirakı olmadan akt tərtib etmişlər. Həmin aktı kənardan görsə də ona oxumamışlar, 70 yaşlı o, hesab edir ki, 5 il ərzində baxımsız, susuz qalmış 2 ədəd alça tinginin quruması təbii haldır. 2-ci səbəb: -Binanı özünə məxsus 340 kv.m və Bakı şəhəri icra Hakimiyyətindən icarəyə götürdüyü 130 kv.metr olmaqla, cəmi 340+130=470 kv.metr ərazinin 409.92 kv.m. hissəsində tikmişdir. Traktorun qovşağına ilişmiş həmin kol gövdələri onun xüsusi mülkiyyətində olan, yəni 470-410=60 kv.metr ərazidə olmuşdur. Onun məqsədi o ərazidə təsdiq olunmuş layihəyə uyğun olaraq yaşıllıq sahəsi yaratmaq olmuşdur. Bu haqda 11 saylı regional ETS idarəsinə müraciət etmişdir. İnzibati Xətalar məcəlləsinin 253-cü maddəsi Xüsusi mülkiyyətdə olan torpaq sahələrinə şamil olunmur. Məhkəmə iclasında iştirak edən şikayətçi X8 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 28 aprel 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın inzibati xəta hadisəsi olmadığına görə ləğv edilməsini xahiş etmişdir. Həmçinin o, əlavə olaraq bildirmişdir ki, inzibati xəta haqqında protokolda qeyd olunan ağacların kəsildiyi ünvan 1 ünvanında yerləşən binanın yanındakı ərazi onun xüsusi mülkiyyətindədir, bunu təsdiq edən müvafiq çıxarış da iş materiallarına əlavə olunmuşdur və qonşuların həmin ərazinin ümumi istifadədə olmasına dair verdikləri izahatlar həqiqəti əks etdirmir. Odur ki, onun tərəfindən inzibati xəta hadisənin tərkibini yaradan heç bir əməl törədilməmiş və barəsində əsassız olaraq inzibati tənbeh kimi cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, X1 rayonu, M.Hadi küçəsi 69 ünvanında tikdiyi 5 mərtəbəli fərdi yaşayış evinin ətrafında abadlaşdırma işləri apararkən ETSN-nin müvafiq rəyi və yaşıllığın götürülməsi vərəqi olmadan 2 ədəd alça ağacını qanunsuz olaraq götürmüşdür. Şikayətçi ağacların kəsildiyi torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını qeyd etsə də, tərəflərindən həmin əraziyə baxış keçirilərkən Əyyub Aşurovun həmin torpaq sahəsini icarəyə götürməsi, ünvan 1 ünvanında yerləşən binanın arxa hissəsində olan, yəni kəsilmiş ağaclara heç bir aidiyyəti olmayan torpaq sahəsinin isə onun xüsusi mülkiyyətində olması müəyyən edilmişdir. Bununla da X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 253-1.2.2-ci maddəsinin tələbləri pozulduğundan barəsində xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, X8 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən binanın yanındakı ərazidə əkilmiş ağaclar ümumi istifadədədir, ağaclar quru yox, təzə ağaclardır və həmin ərazi X4 yox, hamının ümumi istifadəsindədir. Onun tərəfindən həmçinin doqquz ədəd meyvə ağacı və iki ədəd də çinar ağacları kəsilmişdir. Məhkəmə tərəfləri və şahidin ifadəsini dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 Xətai rayonu, M.Hadi küçəsi 69 ünvanında tikdiyi 5 mərtəbəli fərdi yaşayış evinin ətrafında abadlaşdırma işləri apararkən ETSN-nin müvafiq rəyi olmadan 2 ədəd alça ağacını qanunsuz olaraq götürməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 253-1.2.2 və 253.3.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Xətai rayonu, M.Hadi küçəsi 69 ünvanında tikdiyi 5 mərtəbəli fərdi yaşayış evinin ətrafında abadlaşdırma işləri apararkən ETSN-nin müvafiq rəyi və yaşıllığın götürülməsi vərəqi olmadan 2 ədəd alça ağacını qanunsuz olaraq götürməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 69 saylı binada yaşayan sakinlərin iştirakı ilə tərtib edilmiş 14 aprel 2023-cü il tarixli aktdan görünür ki, onlar binada yaşamağa başladıqları ilk gündən etibarən binanın metroya tərəf sağ tərəfində binaya bitişik 3-4 metrlik sahədə zir-zibil yığmağından başqa heç bir bir yaşıl ağacın olmasını müşahidə etməmişlər və görməmişlər. Bina sahibinə bu zibilliyin təmizlənməməsinə görə dəfələrlə iradlarını bildirərək oranın təmizlənməsini tələb etmişlər. X8 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanladığı ərizəsində qeyd etmişdir ki, o, ünvan 2q sahəsində 4 mərtəbəli fərdi yaşayış binasını 2018-ci ildə tikmişdir. Bina ətrafında 150 m2 sahənin abadlaşdırılması ondan tələb olunur. Bunun üçün binaətrafı ərazinin lazımsız tullantılardan təmizlənməsi və yerində yaşıllaşdırma və dekorativ ağacların əkilməsi işlərinə başlamışdır. Ərazinin tullantılardan təmizlənməsi zamanı 2 ədəd qurumuş meyvə ağacının yerində yeni şam ağaclarının əkilməsi üçün boyu 1 metrə qədər olan qurumuş ağacları götürmüşdür. Təmizlədiyi həmin sahədə 15-20 ədəd müxtəlif ağaclar əkməyi nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 69 və 71 saylı evlərin yanında yerləşən torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2018-ci il tarixli 1502 saylı icarə müqaviləsindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 69 və 71 saylı evlərin yanında yerləşən 130 kv.m olan torpaq sahəsi X5 icarəyə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 253-1.2.2-ci maddəsinə əsasən, yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 saylı Qərarının 2.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.2-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 2.2.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 2.2.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 2.2.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda; 2.2.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 2.2.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qərarın 2.4-cü maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Həmin Qərarın 2.7-ci maddələrinə əsasən yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. Həmin Qərarın 2.9-cü maddəsinə əsasən istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. Yaşıllıqların götürülməsi qaydası “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 Xətai rayonu, M.Hadi küçəsi 69 ünvanında tikdiyi 5 mərtəbəli fərdi yaşayış evinin ətrafında abadlaşdırma işləri apararkən ETSN-nin müvafiq rəyi və yaşıllığın götürülməsi vərəqi olmadan 2 ədəd alça ağacını qanunsuz olaraq götürməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında X8 şikayət ərizəsində qeyd etdiyi xüsusatları təsdiqləyərək binanı özünə məxsus 340 kv.m və Bakı şəhəri icra Hakimiyyətindən icarəyə götürdüyü 130 kv.metr olmaqla, 470 kv.metr ərazinin 409.92 kv.m. hissəsində tikdiyini, traktorun qovşağına ilişmiş həmin kol gövdələrinin onun xüsusi mülkiyyətində olan ərazidə olduğunu, 02 ədəd götürülmüş alça ağacının baxımsızlıqdan quruduğunu, inzibati xəta haqqında protokolda qeyd olunan ağacların kəsildiyi ünvan 1 ünvanında yerləşən binanın yanındakı ərazinin onun xüsusi mülkiyyəti olduğunu, qonşuların həmin ərazinin ümumi istifadədə olmasına dair verdikləri izahatların həqiqəti əks etdirmədiyini və bununlada tərəfindən hər hansı bir inzibati xəta pozuntusu törədilmədiyini bildirərək 28 aprel 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın inzibati xəta hadisəsi olmadığına görə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə X4 istinad etdiyi xüsusatlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, şikayətçi ağacların kəsildiyi torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını iddia etsə də və məhkəməyə təqdim olunmuş daşınmaz əmlakın Dövlət reyestrindən alınmış RX seriyalı ******* saylı çıxarışda Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 69 və 71 saylı evlərin yanında yerləşən torpaq sahəsinin onun xüsusi mülkiyyətində olması qeyd edilsə də, sözügedən mübahisəli torpaq sahəsinə dair müvafiq olaraq tərtib olunmuş sxem-qrafik olmadığından həmin ərazinin məhz ağacların kəsildiyi ərazi olmasını müəyyən etmək qeyri mümkün olmuşdur. Habelə məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında ünvan 1 ünvanında yerləşən binanın yanındakı ərazidə əkilmiş ağacların ümumi istifadədə olduğunu, ağacların quru yox, təzə ağaclar olduğunu və həmin ərazinin X4 yox, hamının ümumi istifadəsində olduğunu bildirmişdir. Bundan başqa, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, şikayətçi ağacların kəsildiyi torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını qeyd etsə də, tərəflərindən həmin əraziyə baxış keçirilərkən Əyyub Aşurovun həmin torpaq sahəsini icarəyə götürməsi, ünvan 1 ünvanında yerləşən binanın arxa hissəsində olan, yəni kəsilmiş ağaclara heç bir aidiyyəti olmayan torpaq sahəsinin isə onun xüsusi mülkiyyətində olması müəyyən edilmişdir. Həmçinin, məhkəmə iş materiallarını nəzərdən keçirərək əlavə olaraq qeyd etməlidir ki, X8 tərəfindən “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 saylı Qərarının tələbləri pozulmaqla ünvan 1 ünvanında yerləşən binanın həyətində 02 ədəd ağac götürülmüşdür. Belə ki, Əyyub Aşurov istifadəsində olan torpaq sahəsində olan yaşıllıqların götürülməsi məqsədilə müvafiq mərkəzi icra hakimiyyəti orqanına müraciət etmədən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyini və yaşıllığın götürülməsi vərəqini əldə etmədən qanunun tələblərinə zidd olaraq ümumi istifadə olan ağacları götürmüşdür. Beləliklə, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, X8 tərəfindən Xətai rayonu, M.Hadi küçəsi 69 ünvanında tikdiyi 5 mərtəbəli fərdi yaşayış evinin ətrafında abadlaşdırma işləri apararkən ETSN-nin müvafiq rəyi və yaşıllığın götürülməsi vərəqi olmadan ağacları qanunsuz olaraq götürməsi təsdiq edilmiş, bununla da şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 28 aprel 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 28 aprel 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1753/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1753/2023
12.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver