Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1761/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə X1 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21083191 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam vərilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21083191 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ərizəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixində, saat 08:52-da idarə etdiyi “Renault Megane” minik markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən Bakı şəhəri, Nobel prospekti 65 ünvanında yolda müəyyən edilmiş sürət həddini 27 km/saat aşdığı müəyyən edilmiş, barəsində EQ 21083191 nömrəli elektron protokol tərtib olunmuş və həmin protokolla 2 bal təyin edilmiş və 50 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, onun barəsində tərtib edilmiş EQ 21083191 nömrəli elektron qərar qeyri-qanunidir. Belə ki, yol patrul xidməti əməkdaşı ona təhkim edilmiş YPX avtomobilini əks istiqamətdə qarşıdan gələn nəqliyyat vasitələri üçün kifayət qədər aşkar görünə bilməyən məsafədə saxlamış, həmin avtomobildə olan i-patrul sistemini aktiv etmiş, i-patrul sistemindən qanunun tələblərinə riayət etmədən istifadə etmiş, bununla da həm öz vəzifə təlimatını, həm də “Yol hərəkəti haqqında” qanunun tələblərini kobud şəkildə pozaraq onun barəsində elektron protokol tərtib edilməsinə səbəb olmuşdur. Bu xüsusatları nəzərə alaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi və şikayətçi məhkəməyə gəlməmişdir. Məhkəmə işə Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21083191 nömrəli qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, X4 xx.xx.2024-cü il tarixində, saat 08:52-da idarə etdiyi “Renault Megane” minik markalı, **- VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən Bakı şəhəri, Nobel prospekti 65 ünvanında yolda müəyyən edilmiş sürət həddini 27 km/saat aşmışdır. Eləcə də fotogörüntüdə YPX-nin avtomobilinin əks istiqamətdə qarşıdan gələn nəqliyyat vasitələri üçün görünməyən məsafədə durduğu müəyyən edilmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixində, saat 08:52-da idarə etdiyi Renault Megane minik markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri, Nobel prospekti ilə hərəkətdə olarkən onun surət həddini aşdığını qeydə alan YPX-nin avtomobili əks istiqamətdə olmuş və sürücü X4 üçün görünən məsafədə olmamışdır. Yol-patrul xidməti haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Q25-001-17 nömrəli, 12 may 2017-cİ il tarixli qərarının 4.3-cü bəndinə əsasən patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsində açıq aşkar göstərilmişdir ki, Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün Qanunun müddəaları açıq şəkildə pozulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixində, saat 08:52-da X3 idarə etdiyi “Renault Megane” minik markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri, Nobel prospekti ilə hərəkətdə olarkən yolda müəyyən edilmiş sürət həddini 21-40 km/saat aşmasının müəyyən edilməsinə dair sübut, qanunda nəzərdə tutulmuş qaydada əldə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1 maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməli, X4 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21083191 saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21083191 saylı inzibati xəta haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1761/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1761/2024
29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver