Məhkəmə qərarları › İş №3(011)-1768/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1768/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1768/2024 21.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 21 may 2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 04:39 radələrində Şəxs içərisində olduğu “Opel” markalı avtomobil Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən Bravo marketin parklanma hissəsində olan şlaqbaunu qırmış, daha sonra həmin şəxs maşını saxlayaraq qaçmış, polisin qanuni tələbinə tabe olmamış, saxlanılaraq Polis Şöbəsinə gətirilmiş, həmçinin Polis Şöbəsində olarkən narkotik vasitə istifadə etməsi şübhə doğurduğu üçün Respublika Narkoloji Mərkəzində müayinədən keçirilmişdir. Nəticədə məlum olmuşdur ki, Şəxs narkotik vasitədən istifadə edir və sidiyində narkotik vasitə MOP, MET və TML aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolun İXM-nin 535.1-ci maddəsi ilə olan hissəsi ilə özünü təqsirli bilmədiyini, 206-cı maddəsi ilə olan hissəsi ilə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, 21 may 2024-cü il tarixdə saat 04:39 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən Bravo marketin parklanma hissəsində əyləşdiyi maşının taksi sürücüsü orda olan şlaqbaunu qırararaq maşını saxladığı üçün hadisədən qorxaraq qaçmış, orda olan polislər tərəfindən saxlanılmışdır. Lakin polisin qanuni tələbinə heç bir tabesizlik göstərməmişdir. Bundan əlavə bir müddət bundan əvvəl narkotik vasitədən istifadə etmişdir. Əməlindən peşmandır, bir daha bu kimi hallara yol verməyəcəkdir. Qeyd olunan xüsusatların nəzərə alınmağını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinə keçirilməsi haqqında aktdan görünür ki, Şəxs sidiyində narkotik vasitə MOP, MET və TML aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 06:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadıqda yaranır. İnzibati xəta haqqında protokolda Şəxs hadisə yerindən qaçması, onun arxasınca düşərək saxlamaları və polis bölməsinə gətirməkləri qeyd olunmuş, lakin polisin əmrinə tabe olmaması, polis bölməsinə getməkdən imtina etməsi kimi hallar qeyd edilməmiş və qeyd edilən faktları təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmiş, özü də izahatında bölməyə getməkdən imtina etmədiyini, polis əməkdaşlarının tələbinə əməl etdiyini bildirmişdir. Həmçinin inzibati xəta haqqında protokolda polisin qanuni tələbinin nədən ibarət olması göstərilməmiş, şəxsin hansı tələbə riayət etməməsi göstərilməmişdir. Buna görə də onun əməli polisin qanuni tələblərinə qəsdən tabe olmamaq kimi qiymətləndirilə bilməz. Məhkəmə iclası zamanı Şəxs polisin qanuni tələblərinə tabe olmaması faktı öz təsdiqini tapmamışdır. Göründüyü kimi onun əməlində İXM-nin 535.1-ci maddəsinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi etirafını, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Şəxs polisin qanuni tələblərinə tabe olmaması faktı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığı müəyyən edilmişdir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İnzibati həbs tənbeh tədbirinin əvvəli Şəxs tutulduğu 21 may 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İM : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli tutulduğu 21 may 2024-cü il tarixindən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar